“Milli Məclisin özünü buraxması" kiçik və zəif arqumentdir” – Tanınmış hüquqşünasın şərhi

16:28 29-11-2019 75

Tanınmış hüquqşünas, REAL Partiyasının üzvü Erkin Qədirli Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasının (YAP) müraciəti əsasında buraxılması məsələsinin hüquqi aspektlərini şərh edib.

Qeyd edək ki, hüquqşünas bu sahə üzrə Azərbaycanda ən tanınmış mütəxəssislərdən biridir.

Erkin Qədirlinin rəyini oxuculara təqdim edirik:

“Milli Məclisin özünü buraxa bilmədiyini söyləyənlər var. Onların arqumenti budur: Konstitusiyada Milli Məclisin belə bir səlahiyyəti yoxdur, yazılmayıb. Əlbəttə, qanunda nəyinsə yazılması arzulanır. Bununla belə, nəyinsə yazılmadığı həmin nəyinsə mümkün olmadığı anlamına gəlmir. Qanun mətninin şərhi qaydaları və yolları, metodları var. Hüquqşünaslar bilirlər. Həmin qaydalar və yollar dəyişməyən mətni dəyişən şərt və şəraitlərə uyğunlaşdırmaq üçündür. Elə ola bilir ki, mətnə yazıldığından daha geniş məna vermək lazım gəlir. Elə də ola bilir ki, mətnə yazıldığından daha dar məna vermək lazım gəlir. Hər iki halın öz məhdudiyyətləri olur. Uzatmaq istəmirəm, qayıdaq Milli Məclisin özünü buraxmasına.

Hüquqda çeşidli məntiqi metodlardan istifadə olunur. Bu mövzuya aid oluna biləcək ən uyğun metod "argumentum a fortiori"dir. Latıncadan bu metodun dilimizdə açması budur: düşüncənin güclü arqumentdən zəif arqumentə doğru getməsi. Bu metodun iki növü vardır: 

1) argumentum a maiore ad minus (böyük arqumentdən kiçik arqumentə doğru);

2) argumentum a minore ad maius (kiçik arqumentdən böyük arqumentə doğru).

Bu növlərin seçimi güclü arqumentin həcmindən asılı olacaq. Güclü arqument böyükdürsə, onda "argumentum a maiore ad minus" seçilir, güclü arqument kiçikdirsə, onda "argumentum a minore ad maius"a əl atılır.

Bizi maraqlandıran mövzuda "Milli Məclisin özünü buraxması" kiçik və zəif arqumentdir. Niyə kiçikdir? Çünki Milli Məclis xalq tərəfindən seçilir, onun funksiyası xalqı təmsil etməkdir, özünü buraxmaqla Milli Məclis bu funksiyaya qarşı çıxmış olur.Niyə zəifdir? Çünki Konstitusiyada yazılmayıb. Odur ki, burada "argumentum a minore ad maius" yersizdir. Biz böyük və güclü arqumentdən başlamalı, bununla da "argumentum a maiore ad minus" metodundan istifadə etməli olacağıq.

Bu kontekstdə üç güclü arqument var: 

1. Milli Məclis Prezidenti vəzifədən kənarlaşdıra bilir (impiçment); 

2. Prezident Milli Məclisi buraxa bilir; 

3. Prezident özü istefa verə bilir.

Bu arqumentlərin üçü də güclüdür (Konstitusiyada yazılıb) və böyükdən kiçiyə doğru düzülüb. Sual olunur: bütün bunlar ola bilirkən, niyə Milli Məclis özünü buraxa bilməsin? Vulqar pozitivistlər israr edəcəklər: ola bilməz! Amma Konstitusiya "canlı sənəddir", onun teksti dəyişməsə də, konteksti dəyişir. Həyat davam edir, münasibətlər inkişaf edir, böhranlar yaranır və s. Ölkə dəyişməyən tekstin girovunda qala bilməz. Hər dəfə də teksti dəyişmək olmur. Birincisi, bu, çox zaman çətin olur. İkincisi, tekstin tez-tez dəyişdirilməsi Konstitusiyanı hörmətdən sala bilir.

Uzun sözü qısası, "argumentmum a maiore ad minus" metodundan yararlanaraq Milli Məclisin özünü buraxa bildiyi nəticəsinə gəlmək olar və həmin nəticə bununla legitimliyini itirmiş olmur”.

“AzPolitika”