Məhkəmə nazirliyin tələbi əsasında şirkətin bir milyonluq əmlakını hərraca çıxardı

15:59 29-11-2019 135

2 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsində Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Nübar-Q” Şirkətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə iqtisadi mübahisəyə baxılıb. 

milletinsesi.info xəbər verir ki, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  cavabdehin 24.05.2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 47.787,27 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1.000.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş edib. 

İddiaçı tələbini onunla əsaslanırıb ki, vergi ödəyicisi olan “Nübar-Q” Şirkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranıb.

Yaranmış borc məbləğinin beş gün ərzində büdcəyə ödənilməsi məqsədilə ona bildiriş verilib, lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməyib. 

Məhkəmə göstərilənləri nəzərə alaraq, verilən iddianın təmin edilməsi barədə qərar çıxarıb.