Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”

15:48 28-11-2019 85

Baş nazirin sabiq müavini, hazırda təqaüddə olan Hacıbala Abutalıbov Qaynarinfo-ya müsahibə verib. 

– Hacıbala müəllim, işsiz qaldıqdan sonra özünüzü necə hiss edirsiniz? 

– Düzü, ilk günlər bir az çətin idi. Beş-altı gün hər səhər tezdən qalxıb Nazirlər Kabinetinə gedirdim, mühafizəçilər qapının ağzından geri qaytarırdılar ki, artıq işdən çıxmısınız... Sonra başladım axşamdan əlimin üstünə “ruçka”yla “plyus” işarəsi qoymağa.

Səhər duranda həmin işarəni görüb yadıma düşürdü ki, işdən çıxmışam, daha durub Nazirlər Kabinetinə getmirdim. Baş nazirin müavini təyin olunandan sonra da eyni vəziyyətə düşmüşdüm. Səhər qalxıb Bakı Şəhər İcra Hakimiyyətinə gedirdim, orada deyirdilər ki, “Hacıbala müəllim, axı siz Baş nazirin müavinisiniz, burada nə işiniz var?”

Onda da buna güc-bəla ilə öyrəşmişdim. 

– Təqaüdə çıxmağınızdan xeyli vaxt keçib. Vəzifəsiz darıxmırsınız ki? 

– Mən niyə darıxıram? Qoy, vəzifə mənsiz darıxsın... 

– İndi nə işlə məşğul olursunuz? 

– Hələlik dincəlirəm. Düzü, bizdə vəzifədə olmaq özü bir növ dincəlməkdir. Ona görə mən hazırda elə dincəlməkdən dincəlirəm. 

– Gələcək planlarınız nədir? 

– Yenidən fizika ilə məşğul olmaq fikrindəyəm. 

– Belə çıxır ki, elmi fəaliyyətə geri qayıdacaqsınız. 

– Düz tapmısınız. Söz düşüb, sizə bir sirr açım: Nyutonun səhvini düzəltmək istəyirəm.

– Nyutonun? 

– Bəli... Təəccübünüzü başa düşürəm, Nyuton pis alim olmayıb, ancaq yerin cazibə qanunu barədə dediklərinin düzəlişə ehtiyacı var.

– Necə yəni?

– Düzü, əvvəl hamı kimi mən də elə bilirdim ki, Nyuton müəllim haqlıdır, cisimlər yer tərəfindən cəzb olunur. Ancaq indi belə fikirləşirəm ki, bunlar hamısı boş söhbətlərdir. Yerin cazibə gücü yoxdur, yerdəkilərin cazibə qüvvəsi var. Məsələn, Sofi Lorenin, Merlin Monronun... Sonraaa... Sonra Monika Bellucinin... Ancelina Colinin, canım sənə desin, Ketrin Zeta-Consun... Cisimləri yerə cəzb edən onlardır. Bu haqda ətraflı elmi araşdırmalar aparmaq fikrindəyəm. 

– Hacıbala müəllim, siz ciddisniz? 

(gülür) Siz nə vaxtsa mənim ciddi olduğumu görmüsünüz?! 

–  O da doğrudur... Hacıbala müəllim, Bakıya hər dəfə yağış yağdıqdan sonra vətəndaşlar sosial şəbəkələrdə ağız-ağıza verib sizi xatırlayır, şəhərimizi Venesiyaya çevirməyinizdən bəhs edirlər. 

– Bütün xalqımıza bu qədirbilənliyinə görə minnətdaram. Açığı, mənim gözəl Bakımızla bağlı planlarım çox idi. Venesiya bunlardan sadəcə biri idi. Məsələn, ən böyük arzularımdan biri o idi ki, Xəzərimizə sunami gətirim, bir balaca zəlzələ-zad olan kimi hündür dalğalar Bakımıza ağuşuna alsın, camaatımızın həyatına rəng qatsın.

Belə şeylərə biz nə qədər televizorda baxmalıyıq? O əjdahalardan başqa ölkələrdə var, niyə bizdə də olmasın? Ya da istəyirdim, Bakıdakı bütün ağacların yerinə dekorativ ağaclar əkim, o ağacların başında dekorativ quşlar oxusun. Hətta Xəzərimizdəki balıqları da dekorativ balıqlarla əvəzləmək arzusundaydım. Ancaq təəssüf ki, vəzifə vəfa etmədi. Nə isə, “ömür qısa, dəyməz qıza”... 

– Hacıbala müəllim, nə vaxtsa sizin də şeirlərinizi oxuya bilərikmi? 

– Qoy, Nyutonu “neprav” çıxarım, ondan sonra fikrim var, Nizami Gəncəvi ilə balaca bir haqq-hesab çəkim. 

– Niyə? 

– O gün təsadüfən rastıma çıxdı, baxıb görürəm götürüb yazıb ki, “Bərdə nə gözəldir, necə qəşəngdir...” Mənim Nizami müəllimə böyük hörmətim var, ancaq vaxtilə mənim günbəgün gözəlləşdirdiyim Bakı haqqında niyə bu cür misrası yoxdur? “Xəmsə”ni başdan-ayağa beş-altı dəfə oxudum, heç nə tapmadım. Çox xətrimə dəydi. 

– Axı Nizami Gəncəvi bunu səkkiz yüz il əvvəl yazıb...

– Oğul, heç səndən gözləməzdim. İndi mənimlə səkkiz yüz ilin söhbətini eləyirsən?!