Növbədənkənar parlament seçkilərinin tarixi bilindi?

15:08 28-11-2019 80

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili toplantının keçirilməsinin səbəbi bilinib.

Unikal.org-un məlumatına görə, toplantının təcili keçirilməsinə səbəb, 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi ilə bağlı müzakirələrdir. 

Dörd il əvvəl seçilmiş 125 yerlik Azərbaycan parlamentində deputatların başqa vəzifələrə təyin olunması və bir vəfat halı ilə bağlı Milli Məclisdə xeyli boş yer əmələ gəlib.

Belə bir şəraitdə mümkün növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı YAP-ın Siyasi Şurasında qərar qəbul edilib.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib. Milletinsesi.info-ın məlumatına görə, Konstitusiyanın 98-1-ci maddəsində Milli Məclisin buraxılması proseduru ilə bağlı müddəa öz əksini tapıb.  

Qeyd olunub ki, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır.

Növbədənkənar seçkilərdə seçilən Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.

Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan parlamentinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.