Sürüşən şəhər...

18:38 27-11-2019 80

Bayılan Bayılın problemini necə həll edək?

 Səbail rayonunda, konkret desək, Bibiheybət məscidinin yaxınlığındakı sürüşmə hadisəsi bu qəbildən baş verən ilk məsələ deyil. Bakının relyefi barədə, onun sürüşmə zonaları, həmin ərazidə vaxtilə nələrin olması, hazırda onlardan əsər-əlamət qalmaması və digər məsələlər barədə xəbərlər də bugünün məhsulu deyil. Çoxdandır həmkarlarımdan tutmuş mütəxəssislərədək, bu barədə hamı danışır - keşmişdə də, indi də. Ola bilsin, vəziyyət tam düzəlməyincə, problem həllini tapmayınca, sözügedən hadisə təkrarlansın və xəbərləri də ardınca aparsın.

Bu məqamda desəm ki, problemlər öz-özünə yaranır, düz olmaz. Adam var, ondan qaçsa da, problem ardınca düşüb onu qovur, yaxalamayınca, əl çəkmir. Misal üçün, sakit təbiətli, nəcib, mədəni bir adamın məişət burulğanından, ailədaxili, qohumlararası yersiz münaqişələrdən, mübahisələrdən, qalmaqal və mənasız dedi-qodulardan yaxasını qurtara bilməməsi kimi.

Problem də var ki, onu bəzi adamlar özləri yaradır, elə bil, qeylü-qalsız, əmin-arxayın, rahat həyat onların ömrünə-gününə narahatlıq gətirir. Nizamsız bir yaşayışa pafosla “əsl həyat” etiketi vururlar...

Bəli, mövzuya dəxli olmamış kimi görünsə də, yazdıqlarım əslində, yaşadığımız şəhərlə, onun bizdən asılı olan və olmayan problemləriylə birbaşa bağlıdır. İlk olaraq, Bakı hamımızın paytaxtı, oxuyub-işləmək, karyera qurmaq, elmi müstəvidə ucalmaq, bir sözlə, istənilən istiqamətdə yüksəliş baxımından bir ümid yeridir. Onun əyər-əskiyini düzəltməli, problemini həll etməliyik ki, hamının ümid yeri, ümumi evi dağılıb sıradan çıxmasın.

Amma əfsus. Təəssüf hissini hər dəfə sözə çevirmək istəməsək də, problemlər bunun əksini deməyə imkan vermir...

Deməli, haqqında danışılan, sürüşən əraziyə əlaqədar, aidiyyatı qurumların rəsmiləri, sözçüləri, nümayəndələri baş çəkib, vəziyyətlə də tanış olublar. Əslində, məsələyə baxış tanışlıqdan çox qabağa gedir. Dediyim kimi, illərin problemi çoxsaylı günlərin əsas mövzusuna, xəbərinə, araşdırmasına çevrilib. Sürüşən ərazi barədə elmi, kütləvi, istənilən səpkidə materiallar, yazılar, şifahi danışıqlar gedib. O mənada, cürbəcür qurumları təmsil edən rəsmilərin ərazi barədə hərtərəfli məlumatı var. Amma yenə də, vəzifələridir, hadisə yerində olub məsələyə operativcəsinə münasibət bidirməlidirlər. Bu, öz yerində. Digər tərəfdən, həmin məsuliyyət sahibləri sürüşmənin səbəbləri, nəticəsi, istinad divarlarının nədən uçması və s. barədə də açıqlama verməlidir.

Açıqlama demişkən, ETSN Milli Geologiya Kəşfiyyat Xidmətinin baş mühəndisi deyib ki, sürüşmə hadisəsinə səbəb insan amilidir.

Sadə insanlara əslində, maraqlı deyil ki, yamac tərəfdə intensivlik, onun təsirindən dəniz istiqamətində təzyiq olur. Ya da, rəsmi şəkildə deyildiyi kimi, atmosfer çöküntülərinin intensiv olmasıyla əlaqədar torpaq qatı ağırlaşır, təzyiqin artmasından sürüşmə baş verir. Bu tip cümlələr mütəxəssis rəyidir və mütəmadi olaraq hadisə, yəni sürüşmə baş verərkən, gündəmə gəlir. Fəqət sürüşmənin nədən baş verməsi insan amilinə bağlıdırsa, onun kimin günahı ucbatından baş verdiyi konkret olaraq deyilməlidir və məsələ çətin də olsa, hansısa formada, öz həllini tapmalıdır.

Əslində, problem bir günün içində yaranmayıb, onilliklər boyu Bayılın sürüşmə təhlükəsi barədə eşidib-bilmişik. Vəziyyət daha sonra kritik həddə çatanda, müstəqil ekspertlər durumun daha ağır nəticələrə gətirəcəyini dayanmadan söyləyirdilər. Lazımlı-lazımsız qurumların, idarə-təşkilatların, əlaqədar olan və olmayan müəssisələrin günahı, sürüşmə ərazisindəki vəziyyəti “görməz”dən, “bilməz”dən gəlməsi nəticəsində də buyurun, şair demişkən, “Bakının dərdi var, Bakı xəstədir”...

Xəstəlik təkcə insana aid deyil ki, bir paytaxtın ərazisi istənilən faktordan uçub-dağılırsa, orda hansı sağlam həyatdan, yaşamaqdan söhbət gedə bilər? Bir qisim rahat yaşayacaqsa, digər qisim isə gecə-gündüz fərqi bilməyən hadisədən sığortalanmayacaqsa, normalda buna insan həyatı demək mümkündürmü? Həmin ərazi sürüşməyə səbəb olan problemlərdən bu həddə gəlib-çatıbsa, baş verənlər nəticəsində digər ərazilərdə də anoloji hadisəni yaşamamağa kim zəmanət verə bilər ki?

...Dediyimiz kimi, Bayıl əbədən sürüşmə zonası hesab edilir. Deyilənə görə, hələ XIX əsrin ortalarından üzübəri, sözügedən ərazidə uçqunlar, sürüşmə və çökmə hadisələri baş verib. Bəli, həmvətənlərim bu gün insan amili deyilən bir məqamdan qaça bilmir. Daha doğrusu, istər təbii, istərsə də texnogen qəza olsun, ondan can qurtara bilmirlər...

Payızda yağıntının artan miqdarını, torpaq qatının yuyulmasını, axmasını hardasa, başa düşmək olar. Bayıl ərazisində daha çox fərdi, necə gəldi tikilən evlərin də problemə səbəb olmasını nəzərə alsaq, məsələnin həlli hamının məşvərətinə səbəb olmalıdır. Necə deyərlər, sürüşməyə meylli ərazidə yamacın pilləli şəkildə kəsilməsi, evlərin tikilməsi yamacın yüklənməsinə, dayanıqlığın zəifləməsinə səbəb olub. Həmçinin, həmin evlərdən, yəni kommunikasiya xəttindən sızan suyun da torpaq qatını yuduğu, nəticədə çökmə, aşınma prosesinin getdiyi səbəblər sırasındadır. Bir sözlə, müxtəlif illərdə, dövrlərdə Bayıl sürüşmə, çökmə, uçqun proseslərinin təsirindən əziyyət çəkən bir sahə kimi tarixə düşüb.

Qeyd edildiyi kimi, bu gün sürüşmə zonasında vəziyyəti nəzarət altına alıblar. Öncələr sözügedən ərazidə baş verən proseslər təbii amillərə bağlanırdısa, bu gün artıq insan amili önə çəkilir.

İnsan amili. Və onun həyati təhlükəsizliyi üçün bu gün rəsmilərin məsləhət-məşvərət etdiyi, işçi qrupların yaradıldığı, təxirəsalınmaz tədbirlərin, tədbirlər planının hazırlandığı deyilir... Maraqlıdır, hər şey öz əməliylə özünü bu günə saldığında ittiham edilən insandan ötrü idisə, görəsən, o amillər illər uzunu harda qalmışdı? Axı daşı-daş üstə qoymaq üçün irili-xırdalı idarələrdən cürbəcür sənəd, icazə almağa vadar edilən, süründürməçiliklə üzləşən insanların, nəticə etibarilə tikinti məqsədinin az qala bütün cahana məlum olduğu bir vəziyyətdə, əlaqədar qurumlar onun sürüşmə zonasında artıb-çoxalmasını necə gözardına vura bilirdilər? Deməli, bu gün yaranan vəziyyətin günahını heç də birtərəfli hesab etmək olmaz. Bayıl sürüşmə zonası hesab edilirdisə, orda gecə-gündüz fəaliyyət göstərən müvafiq qərargah yaradılmalı, istənilən tikinti işi qadağan edilməliydi. Açıq bir təhlükənin nə vaxtsa “evini yıxacağı” da, xəlvətə salıb ev tikənlərin, qayda-qanundan qaçanların nəzərinə çatdırılmalıydı.

Bu, olmayıb və bu gün tərəflərin bir-birini ittiham etməsinin də əhəmiyyəti yoxdur. Qırılan ağaclıqları, torpağın alt qatının laxlamasını, çöküntünü, axan layları, qrunt sularını, lilli-gilli təbəqəni günahkar çıxarmaq asandır. Onlara, yaranan problemlərə, üzə çıxan fəsadlara qarşılıqlı şəkildə kimin rəvac verdiyinə gəlincə...

...Bakının Bayılını xilas etmək üçün ərazinin sürüşməsinin nədənini incələmək sonrakı məsələdir. Gecikmiş etirafların can üstündə olana təsiri cüzidir, o mənada, Bayılın daha öldürücü problemdən “bayıl”masını önləmək gərəkir. Onu edən yoxsa, ədalət naminə, Bayıla etiket kimi yapışdırılanı ərazinin adının üstündən götürülməsinə və qarşı tərəfə deyilməsinə ehtiyac var...

 

Nigar Orucova