Nəşi 40 gün sonra verilən Qəhrəmanımız

20:33 25-11-2019 75

2016-cı ilin dekabrın 29-da Ermənistan ordusunun diversiya qrupunun təxribatının qarşısını alarkən şəhid olmuş Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür.

Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. Azərbaycan Texniki Universitetində ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Çingiz Qurbanov şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Ermənilər öz mənfur sifətlərini göstərərək uzun müddət şəhidimizin nəşini qaytarmayıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi yalnız 2017-ci il fevralın 5-də Çingiz Qurbanovun nəşini Azərbaycana təhvil verib.

Qəhrəman şəhidlə vida mərasiminə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi general-leytenant Mədət Quliyev və bir sıra digər rəsmi şəxslər iştirak etmişdi.

2017-cı ilin 7 fevralında Çingiz Qurbanov Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Fevralın 9-da isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim edib.

Karabakhmedia.az