“Nazirlər Kabineti və “Azpromo” Prezidentin fərmanlarını icra etməyib” – Hesablama Palatası

17:15 04-11-2019 215

Azərbaycan Prezidentinin ölkə ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, ixracatçılara dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsini nəzərdə tutan 2016-cı il 1 mart tarixli “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını ilə ixrac təşviqinin ödənilməsi üçün 2016-cı ilin dövlət büdcəsində zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək Nazirlər Kabinetinə tapşırılsa da, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti sənədlərdə müvafiq dəyişikliklər aparılmayıb, fərmanla verilmiş tapşırığın 2016-cı ildə yerinə yetirilməsi təmin edilməyib.

“APA-Economics”in məlumatına görə, bu, Hesablama Palatasının qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması vəziyyətinin və istifadə olunmasının qanunvericiliyə uyğunluğunun təhlili ilə bağlı İqtisadiyyat Nazirliyi və nazirliyin tabeliyində olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) apardığı audit hesabatında əksini tapıb.

Auditlə 1 yanvar 2016-cı il tarixindən 1 yanvar 2018-ci il tarixinədək olan dövrü əhatə edib. Sənəddə qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanuna əsasən, hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş ayırmaların icra müddətinin büdcə ilinin sonunda başa çatmasının nəzərdə tutulması şəraitində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi üçün rəsmiləşdirilmiş 2 dekabr 2016-cı il tarixli “Məktub-Sərəncam”lar üzrə 200 min 362,51 manat məbləğində vəsait ixracatçılara həmin ildə ödənilməyərək 2017-ci ilə, 28.12.2017-ci il tarixli “MƏKTUB SƏRƏNCAMLAR” üzrə 74 min 984,5 manat məbləğində vəsait isə ixracatçılara həmin ildə ödənilməyərək 2018-ci ilə keçirilib və müvafiq olaraq, 1, 2, 9 fevral 2017-ci il və 31 yanvar 2018-ci il tarixlərində ödənilib.

Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin 2016-cı ildə 24,6% (3000,0 min manata qarşı 736,91 min manatı), 2017-ci ildə isə 45,2% (6500,0 min manata qarşı 2936,1 min manat) səviyyəsində əhəmiyyətli dərəcədə aşağı faizlərlə icra olunması bir tərəfdən proqnoz göstəricilərin real hesablamalarla əsaslandırılmamasını, digər tərəfdən isə proqnozlaşdırılmış vəsaitlərin hesabat illəri ərzində istifadəsi üçün zəruri təşkilati işlərin səviyyəsini göstərib. Eyni zamanda Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda müəyyən edilmiş müddətlərə əməl edilməyərək, 2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft məhsullarının ixracı ilə məşğul olan 29 şəxsə 52 min 6387 manat ixrac təşviqinin ödənilməsi üçün 130 “Məktub-Sərəncam” təqdim edilməli olduğu 10 iş günü müddəti gözlənilməyərək 1-114 iş günü intervalında gecikdirilməklə rəsmiləşdirilib.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatların qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin müraciətləri əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təqdim edilməsinə, Fondun da İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmasına baxmayaraq, nazirlik üzrə vahid şəbəkənin yaradılmaması səbəbindən qeyri-neft məhsullarını ixrac edən şəxslər tərəfindən ixrac təşviqi üzrə vəsaitlərin alınması üçün tələb olunan prosedurlar çərçivəsində müvafiq malların mənşə sertifikatları faktiki olaraq nazirliyin bir qurumundan alınaraq digər qurumuna kağız daşıyıcıda təqdim edilir ki, bu da lüzumsuz sənəd dövriyyəsinin və vaxt itkisinin yaranması ilə nəticələnir.

Sənəddə o da vurğulanır ki, 2017-ci ildə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ödənilmiş 279 min 4527,95 manat ixrac təşviqinin 77,7%-i və ya 2 172 117,0 manatı 7 ixracatçının (ümumilikdə 44 ixracatçının 15,9%-i) payına düşüb. Digər 37 ixracatçıya (ümumilikdə 44 ixracatçının 84,1%-i) ödənilmiş ixrac təşviqinin ümumi ödənişin (2 794 527,95 manat) tərkibində xüsusi çəkiləri isə 3,8%-dək olan intervallarda dəyişib. O cümlədən 2017-ci il üzrə Fond tərəfindən dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin vəsaitləri xərclənərkən “Dövlət satınalmaları haqqında” qanuna istinad edilməklə, (bağlanmış müqavilələrin böyük həcmi üzrə) bir mənbədən satınalma üsulundan istifadə edilərək müvafiq şəxslərlə müqavilələr bağlanılıb, daha səmərəli satınalma prosedurlarının həyata keçirilməsi təmin edilməyib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” ilə bazar araşdırmalarının ixracatçıların sifarişinə uyğun olmaqla müsabiqə əsasında seçilən ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslərlə bağlanan müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, Fond tərəfindən 2017-ci ildə hər-hansı müsabiqə keçirilmədən 12 xarici ölkə bazarları üzrə aparılmalı olan araşdırmalar birbaşa bağlanmış müqavilə ilə bir hüquqi şəxsə sifariş edilərək rəsmiləşdirilib və 249 844,5 manat məbləğində vəsait xərclənib.

Auditor rəyində qeyd edilir ki, qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması vəziyyətinin və istifadə olunmasının qanunvericiliyə uyğunluğunun müəyyənləşdirilməsi istiqamətində aparılmış təhlillə müəyyən edilmiş tapıntılar bu sahədə 2018-ci hesabat ili və 2019-cu ilin cari dövrü əhatə olunmaqla səmərəlilik auditinin aparılması üçün kifayət qədər əsaslar yaradıb. 2016-2017-ci illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadə olunması, eyni zamanda ixracatçıların müəyyənləşdirilməsi və vəsaitlərin ödənilməsi prosesində qanunvericilik aktlarının tələblərinin bəzi hallarda əməl edilməməsinə yol verilməsi ilə yanaşı lüzumsuz sənədləşmələrin aradan qaldırılmaması, şəffaflığın, bərabərliyin və növbəliliyin maksimal dərəcədə təmin edilməsi üçün zəruri işlərin yerinə yetirilməməsi qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi işinin təşkili vəziyyətinin təkmilləşdirilməsi zərurətini yaradır. 2018-ci ildən etibarən dövlət büdcəsindən bu istiqamətlər üzrə ayrılan vəsaitlərin həcminin əhəmiyyətli dərəcədə artması şəraitində təhlillə müəyyən edilmiş kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması məsələsi daha da aktuallaşır.