Xəzər rayonunda analoqsuz küçələr – Saleh Məmmədovun yalançı “baş üstə”lərinə FAKTLAR

17:08 04-11-2019 205

Xəzər rayonu Şağan qəsəbəsi Təzə Sahə massivinin sakinləri son çıxış yolunu ölkə prezidentinə müraciət etməkdə görüblər.

Məsələ burasındadır ki, massiv sakinlərinin uzun müddətdən bəri etdikləri müraciətlər həm rayon, həm də qəsəbə rəhbərliyi tərəfindən qulaqardına vurulub.

Nəticə isə göz qabağındadır. Bakının yağışlı günlərində bu ərazinin dözülməz vəziyyətini əks etdirən fotolar hər şeydən xəbər versə də, hətta bu faktları belə susqunluqla izləyən dövlət məmurları, vəzifəli şəxslər, seçkili orqanlar var. Hansı kı, onların ümdə vəzifəsi xalqa xidmət etmək olmalıdır. Hər halda ölkə başçısı bunu təkrar-təkrar onlara xatırladır.

Bizimxeber.az-ın məlumatına görə, Mərdəkan -Bilgəh yolunun 10 metrliyində yerləşən bu massivin sakinləri dəfələrlə Xəzər rayon sabiq icra başçısı Gülaga Aslanova, yeni  icra başçısı Elşən Salahova və bələdiyyə sədrinə müraciət etsə də, qarşı tərəf tədbir görmək bir tərəfə, hətta cavab verməyi belə özünə rəva görməyib.

“Bu vəziyyətin sadəcə bir adı var: “biabırçılıq”-, deyə sakinlər bildirir. Ancaq sakinlərin sözləri ilə yeni bələdiyyə sədri Nərminə Əlieyevanın hesabatları tərs mütənasibdir. Bələdiyə sədri qəsəbə daxilində hər şeyin qaydasında olduğunu bildirir və söylədiklərini hesabatlara salaraq hətta sənədləşdirir. Əgər sənədlərə inansaq, ərazidə həftədə 3 dəfə zibillər təmizlənir. Sənədin bu yeri isə nəinki həqiqət deyil, əksinə gülünc vəziyyətin etirafıdır. Çünki massivdə ümumiyyətlə, zibil qutuları yoxdur. Zibil qutusu olmayan kücənin zibillərini təmizləyib hara atdıqlarına dair də bir açıqlama verilsəydi sənəd tam olardı. Yaxud həftənin zibil təmzilənməyən digər 4 günündə sakinlər zibilləri nə edir, hara tullayır? Bu suallara cavab yoxdur. Nəinki sənəddə, eləcə də həyatda.

Qəsəbə sakinləri yeni bələdiyyə sədrini tanımadıqlarını deyir, yolla bağlı şikayətləri çox olsa da, tələbləri o qədər də yüksək deyil. Ölkədə inkişafın bütün sahələri əhatə etdiyinə dair məlumatların səsləndirildiyi bir zamanda ən azından yolların keçilməzliyini aradan qaldırmaq üçün bir neçə maşın qumu rəva görmək olardı. Xüsusən də qışdan çıxan yolların yaz yağışlarına davamlı olmayacağını əvvəlcədən bilərək vaxtında tədbir görmək mümkün idi.

Əlaqədar qurumların öz vəzifələrinin öhdəsindən gəlmədiyini görən sakinlər vəziyyətdən öz imkanları ilə çıxmağa cəhd edirlər, lakin bu, problemin birdəflik həlli yolu deyil. Dəfələrlə yol problemini həll ediləcəyinə söz verən bələdiyyə sədri ən azından vəziyyətlə yaxından tanış olmaq üçün əraziyə baş çəkə bilərdi. Lakin görünür hətta bu belə çətin olduğundan vədlərlə sakinləri bir az daha artıq gözləməyə vadar edir.

Sakinlər isə artıq gözləmək istəməyərək yeganə çıxış yolunu ölkə başçısına müraciətdə görüblər. Oxuculara və rəsmi qurumlara təqdim edilən bu şəkillər daha yaxşılarıdır. Küçənin daha biabırçı haldadır ki, adam onu çəkib göstərməyə belə utanır… Axı indi 2019 cı ildir və Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır…

Prezident İlham Əliyev  qəsəbədaxili yolların təmir olunması üçün hər dəfə göstəriş verir.

 “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri də hər dəfə də “baş üstə Cənab Prezident!” deyir. Axı o baş üstəni görmürük. XXI-ci əsrdə, Bakıda məktəbli küçədən keçmək üçün ayağına selofan keçirirsə bu baş üstə ola bilərmi?

sagan1

sagan4

sagan

sagan2