Rusiya XİN Türkiyə ordusunun apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb

19:27 11-10-2019 15

Rusiya Xarici işlər Nazirliyi (XİN) Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bəyanatda bildirilib ki, son günlər Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar ciddi narahatlıq doğurur.

Rusiya XİN bütün tərəfləri maksimal dərəcədə səbrli olmağa, atılacaq addımları dəqiqləşdirməyə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

“Türkiyənin təhlükəsizliyini təmin etmək üçün terrorçularla mübarizəsinin vacibliyini şübhə altına qoymuruq” – deyə bəyanatda qeyd olunub.

Bəyanatda o da bildirilib ki, qeyd olunan bölgədə sülh və sabitlik ancaq Suriya hökuməti və kürdlər arasında dialoq vasitəsi ilə təmin oluna bilər: “Moskva bu cür dialoqa vasitəçilik etməyə hazır olduğunu təsdiqləyir”.