“Onlar hesab edirdi ki, İlham Əliyev hakimiyyəti idarə edə bilməz…” – Əli Həsənov

13:49 25-09-2019 85

“Bizdə unutqanlıq var, hamı bunu bilir. Bəzi hallarda Prezident İlham Əliyevin son 15 ildə gördüyü işlər yaddan çıxarılır. Niyə? Bu işlər təbliğ edilməlidir, gənclərə izah edilməlidir, keçmişi anlatmaq lazımdır”.

“Report”un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.

Onun sözlərinə görə, YAP xalq üçün yaradılıb: “Partiya gələcək Azərbaycan üçün yaradılıb. Ümummilli lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı xilas etdi. Azərbaycan inkişaf etmiş dövlətdir, insanlarımızın dünyaya çıxışı var. 2003-cü ili hər kəs xatırlayır, dövlət çevrilişinə cəhd edildi, amma alınmadı. Bunu edənlər bəzi xarici qüvvələr və daxildəki bəzi ünsürlər idi. Onlar hesab edirdi ki, İlham Əliyev hakimiyyəti idarə edə bilməz, ona görə ki gəncdir. Amma bu, yanlış fikir idi. İlham Əliyevin kifayət qədər təcrübəsi vardı. Bir məsələni qeyd edim, 2003-cü il 1993-cü ildən də təhlükəli idi. Çünki 1993-cü ildə ulu öndər Heydər Əliyev vardı. 2003-cü ildə də Prezident İlham Əliyev xüsusi bacarıq nümayiş etdirdi, təhlükənin qarşısı alındı. Bilin ki, ictimai-siyasi sabitlik olmasaydı, ölkə bu cür inkişaf edə bilməzdi”.

Ə.Həsənov son 15 ildə görülən işlərlə bağlı məlumat verib: “Bu müddət ərzində görülən işlərə Prezident-xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi artım, inkişaf yoxdur. Bu nə Amerikada, nə Rusiyada nə də başqa ölkədə var. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır”.