Qanlı döyüşlərdən çıxan təhsilsiz fəhlə-rəssam: Çata bilmədiyi arzularını qızı reallaşdırır - FOTO

11:27 17-09-2019 70

Azərbaycanın Milli Qəhrəmanları, Çingiz Mustafayev, Əliyar Əliyev, Albert Aqarunov və digərlərinin rəsm əsərləri...

Qəlbində bir arzusu olub onun. Ali təhsilli rəssam olmaq. Amma birinci Qarabağ savaşı arzularını gözündə qoyub. Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə həm rəssam, həm də döyüşçü kimi ön cəbhədə iştirak edib. İndi o vaxtdan illər keçib.

Hazırda usta işləyən Qarabağ qazisi arzusuna yetməsə də rəssamlıq peşəsindən də əl çəkməyib. Müəllimi olmadan belə yaratdığı tablolar görənləri heyrətə gətirib. Söhbət Salyan sakini Əliyusif Pənahovdan gedir.

Bu, onun nə ilk, nə də sonuncu tablosudur. Onlarla belə tabloları olub. Çoxunu dost-tanışlarına hədiyyə verib. Bu otaqda görünən tabloların əksəriyyəti yalnız son bir neçə ayda çəkdikləridir. 46 yaşında olmasına baxmayaraq, Əliyusif Pənahov vaxt tapdıqca emalatxana əvəzinə ayırdığı otaqların birində eskizlər çəkir, sonra yağlı boya ilə kətan üzərinə köçürür.

Qarabağ savaşında od-alovdan keçdiyindən ən çox da döyüş janrına üstünlük verir. O, ön cəbhədə döyüşməklə yanaşı, çətin bir şəraitdə rəssamlıq etməyi də bacarıb. 

Salyanın İkinci Varlı kəndində yaşayan Əliyusif deyir ki, rəssamlığa hələ uşaq yaşlarından həvəsi olub. Elə ilk əl işini də beşinci sinifdə oxuyarkən çəkib. Onların bəzilərini bu günə kimi qoruyub-saxlayıb. 19 yaşında ikən Qarabağ savaşına gedib. 1992-1996-cı illərdə ön cəbhədə olub.

Cəbhədən qayıtdıqdan sonra da təhsilini davam etdirə bilməyib. Tikintidə fəhlə, sonra da usta işləyib. Elə indinin özündə də həm tikintidə, həm də fərdi evlərdə usta kimi çalışır. Nə qədər yorğun olsa belə, vaxt tapan kimi “emalatxana”sına çəkilir. Üzərində işlədiyi əsərlərin daha canlı, real görünməsinə çalışır. 

Maraqlıdır ki, Əliyusif Pənahovun rəssamlıq üzrə heç bir təhsili yoxdur. Özünün dediyinə görə, ömrü boyu bir dəfə də olsun rəssamlıq emalatxanasında olmayıb. Bu sənəti daha çox rəssamlıqla bağlı jurnallara baxaraq öyrənib.

Güclü fantaziyası ilə bir-birindən fərqli əsərlər yaradıb. Onun yaratdığı əsərlərin sənətkar əlindən çıxdığını zənn edib, heyrətə düşənlər də çox olub. Özü ali təhsilli rəssam olmasa da, qızı arzularını çin edib. Bu il Rəssamlıq Akademiyasına qəbul olmaqla atasının yetə bilmədiyi arzularını gerçəkləşdirib. 

Əliyusif Pənahov deyir ki, hazırda Babək Xürrəmi haqqında böyük bir əsər üzərində işləməklə yanaşı, Şirin Mirzəyevin həlak olduğu döyüş səhnəsi üzərində də çalışır. Bildirir ki, Qarabağda şəhid olan oğullarımızın portretlərini, döyüş səhnələrini tablolara köçürməklə onları gələcək nəsillərə tanıtmaq, erməni işğalçılarının iç üzünü dünyaya göstərmək istəyir.