Yerevandan fərqli olaraq, Rusiya və KTMT-nin digər üzvləri Azərbaycanın dostudur - Ekspert rəyi

17:57 16-09-2019 65
 
paralel.az-ın beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylovla müsahibəsi

- Azərbaycan bu yaxınlarda KTMT-də müşahidəçi statusu ala bilər.  Bu barədə Rusiyanın baş nazirinin müavini Yuri Borisov və KTMT baş sədri vəzifəsini müvəqqəti icra edən Valeri Semerikov bəyan ediblər. Siz bu perspektivi necə qəbul edirsiniz?

- Əgər Azərbaycan KTMT-də müşahidəçi statusu alsa, bu, postsovet məkanında təhlükəsizliyin əldə edilməsi üçün böyük bir addım ola bilər. Siyasi stabillik və iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan bu təşkilata lazımdır. Bakının öz siyasi kursu var və dünya dövlətləri onunla hesablaşır. Hətta müşahidəçi qismində belə bir müttəfiq əldə etməyə bir çoxları can atır.
Fikrimcə, ümumdünya siyasi vəziyyətini nəzərə alsaq, bu, Bakı üçün də vacibdir. Bundan əlavə, müşahidəçi qismində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərini istənilən yolla geri qaytarmağa hazır olduğunu KTMT-yə üzv ölkələrə daha asanlıqla sübut edəcək.

- Bu təşəbbüs Ermənistanda kəskin reaksiyaya səbəb oldu. Məsələn, Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyanın açıqlamasında ölkəsinin Azərbaycanın KTMT-də müşahidəçi statusu almasından narahat olduğunu dilə gətirdi. Bu, rəsmi Yerevanın mövqeyi idi. Ermənistanın 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı faktını nəzərə alsaq, rəsmi Yerevanın mövqeyi nə dərəcədə düzgündür?

- Azərbaycanı KTMT-yə istənilən statusla qəbul etməyi düzgün saymayan Ermənistanın fikrinə güclü dövlətlərin rekasiyasına təəccüblənirəm. Yerevanın qorxusu əbəsdir. Moskva buna sadəcə şad ola bilər. Məhz Rusiya təşkilatın sponsoru və əsas oyunçusudur. Buna görə də, öz burnundan uzağı görə bilməyən ölkənin fikrinə ciddi yanaşmaq lazım deyil. Adi qığılcımın böyük müharibəyə çevrildiyi müasir dünyada bu tip uzağı görə bilməmək adətən təhlükəsizlik təminatını və dövlətçiliyi itirməklə nəticələnir.

- Yerevan KTMT-yə üzv ölkələrin Azərbaycana silah satması faktından da narazılığını dilə gətirib. Silah və hərbi texnikanı ucuz qiymətə və ya kreditlə əldə edən Ermənistandan fərqli olaraq, Azərbaycan əldə etdiyi texnikaya görə tam ödəniş edir. Belə olduğu halda, Yerevanın ittihamları nə dərəcədə obyektivdir?

- Azərbaycana silah satılması barədə Yerevanın küskünlüyü və ittihamları məsələsinə gəldikdə, Ermənistandan fərqli olaraq, Rusiya və KTMT-yə üzv olan digər dövlətlər Azərbaycanla dostluq münasibətindədir. Buna uyğun olaraq da, Moskva lazım olan silah və hərbi texnikanı satmaq hüququna sahidir.
Silah və hərbi texnikanı uzunmüddətli kredit qarşılığında əldə edən Yerevandan fərqli olaraq, Bakı silah və hərbi texnikadan təhlükəsizliyini gücləndirmək üçün istifadə edir. Ermənistan isə Qarabağdakı separatçıları gücləndirir. Azərbaycan heç vaxt kiminsə torpağını işğal etməyib. Bununla yanaşı, ərazilərin geri qaytarılması üzrə dialoqun olmamasına da icazə verməyəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, əgər silah Moskva və ya KTMT-nin digər üzvlərindən tədarük edilməsə, digər ölkələr asanlıqla bu rolun öhdəsindən gələcək. Buna isə imkan vermək olmaz. Çünki silah satışı təkcə pul və gəlir yox, eyni zamanda müttəfiq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş böyük siyasətdir.

- Vaşinqtonun terrora qarşı mübarizəyə görə Bakıya göstərdiyi maliyyə yardımını artırması da Ermənistanda narahatlıqla qarşılanıb. Bu məsələ ilə bağlı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya sual ünvanlaıb. Bununla yanaşı, erməni tərəfi uzun illər Qərbdən maliyyə yardımı aldığı barədə susur. Bu maliyyə yardımının Yerevan tərəfindən hansı məqsədlər üçün istifadə edildiyi də naməlumdur.

- Məlum olduğu kimi, Vaşinqton terrora qarşı mübarizəni dəstəkləmək üçün Azərbaycana 10 milyon dollardan çox vəsait ayırıb. Ermənistanın bu məsələ ilə bağlı həyasızcasına Rusiya XİN-ə sual ünvanlaması heç bir çərçivəyə sığışmır. Çünki hazırki erməni hakimiyyəti Amerika fondlarından çox dəstək alıb və bir çox istiqamətlərdə Rusiya əleyhinə ritorikanı asanlıqla qəbul edir. Amerikalılar tərəfindən Ermənistandakı demokratiyanın inkişafına dair müxtəlif proqramlara milyonlarla dollar yatırılıb. Bu isə açıq-aşkar anti-Rusiya meylinə çevrilir və Yerevanın bütün bədbəxtçiliklərində Moskva günahlandırılır.
Mən əvvəllər də demişəm, gələcəkdə də deyəcəm ki, buna əhəmiyyət vermək lazım deyil. Çünki əhəmiyyət verəndə Yerevan özünü önəmli sayır və aldadılmış tərəf kimi təqdim edir. Təbii ki, Vaşinqton terrorizmlə mübarizəyə maliyyə ayıranda əsasən milli maraqlarını üstün tutur. Amma nəzərə almaq lazımdır ki, ayrılan pul birbaşa Bakıya yox, bu məsələ ilə məşğul olan şirkət üçün ayrılıb. Uyğun olaraq da, Azərbaycanın bu yardımı qəbul etmək və ya ondan imtina etmək hüququ var. İstənilən halda, Bakı lazım olsa, Vaşinqtona bu məsələdə dəstək üçün maliyyə yardımı ayıra bilər. Çünki Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş dövlətdir.

Rasim Babayev