Repetitorluq...

18:36 11-09-2019 7

Dərsdə deyilməyən, fərdi hazırlıqlarda öyrədilən

Hazırda ölkənin istənilən orta məktəbində yuxarı, yəni 11-ci sinif şagirdlərini gündüz çıraqla da görmək mümkün deyil. Əlbəttə, bunu orta məktəblərdə dərslərin başlanmaması və şagirdlərin də məktəbə gəlməməsi ilə izah etmək olar. Lakin “hazırda” sözünü bu məqamda vaxt deyil, ümumi anlamda işlədirik. Buna səbəb də ölkə boyu bütün orta məktəblərdə yuxarı sinif şagirdlərinin birmənalı olaraq tədrisi məktəblərdən kənar, repetitor hazırlığında keçməsidir.

İllərdir ki, bu problemlə bağlı araşdırmalar, az qala elmi məqalələr səviyyəsində tədqiqatlar aparılır. Lakin problemin həlli arzulanan deyil, «lazımi» səviyyədə həyata keçirilib. Yəni orta məktəblərdə şagirdlərin dərsini yalnız öz müəllimlərindən alması, biliklərə elə öz siniflərində yiyələnməsi istəyi elə arzu olaraq qalıb. Əvəzində isə repetitorluq bir sistem olaraq rəsmiləşdirilib. Orta məktəbdə qeyri-rəsmi, bəzən də direktora rüşvət verməklə aparılan bu xidmət növü artıq neçə müddətdir öz qanuni həllini tapıb. Şagirdin repetitora ödədiyi müəyyən məbləğin bir hissəsi indi məktəbə, direktora çatır. Nəticədə, orta məktəblərdə repetitorluq sistemi qanuni şəkil alaraq, kiminsə ona yerli-yersiz müdaxilə imkanlarını sıfıra endirir.

Xatırlayanların yadında olar, on illər öncəsi, lap elə bəyənmədiyimiz sovet təhsil sistemində belə xidmət növünə çox az, demək olar, cüzi şəkildə rast gəlmək olardı. Bunu da kimsə açıqlamazdı, ən azından orta məktəb müəllimlərinə hörmətsizlik, yəni onların biliyinə, pedaqoji təcribəsinə, səriştəsinə, bacarığına etimadsızlıq kimi göründüyündən, sözügedən məsələdən geniş, açıq bəhs etməzdilər. Fəqət zaman dəyişdi, onunla birgə təhsil sistemimizdə köklü dəyişiklik baş verdiyindən, bu gün repetitor yanında hazırlığa getməyən şagirdə az qala müasir dünyanın sürətindən, inkişafından geridə qalmış kimi baxırlar.

Şagirddən tutmuş valideynədək, müəllimdən başlamış direktoradək, hamı repetitor olmadan təhsilin bir yerdə dayanıb duracağından, passivləşəcəyindən danışır. İşin məğzinə də diqqət edən yoxdur. Deyən yoxdur ki, repetitorluq edən müəllim də elə orta məktəb, lisey müəllimidir. Ayrıca hazırlaşdırdığı şagirdlərlə hər gün bir məktəbdədir, günün bir yarısını - istər səhər, istərsə də günorta növbəsində onlara elə sinifdə dərs keçir. Demək olar ki, məktəbə müəllim kimi gəlir, lakin valideynlərin əksəriyyəti onları repetitor kimi tanıyır. Görəsən, müasir dünyanın gedişatından, hazırkı dövranın gərdişindəndirmi ki, şagirdlər yalnız repetitorların xidmətindən istfadə etməklə təhsil ala, biliklərə yiyələnə bilərlər?

Repetitorluq sisteminin olmadığı zamanlar kiminsə yadına düşməsə belə, həmin dövrlərin yetirmələri, hər sahə üzrə aparıcı şəxsləri, alimləri, tədqiqatçıları, tanınmış isimləri bu gün də dövrün kamil, bitkin, səviyyəli mütəxəssisləri kimi fəaliyyət göstərir, elmin, texnikanın, istənilən sahənin inkişafına öz töhfələrini verir. Məgər onlar hamılıqla repetitor hazırlığından keçib, xüsusi tutulmuş müəllimlərdənmi dərs alırdılar? Sual, hər halda, ritorikadan çox uzaqdır.

Bugünün valideyni, şagirdi isə orta məktəbə elə adından göründüyü kimi, icbari təhsil müəssisəsi kimi baxır. Orta məktəbə getməsə, şəhadətnamə ala bilməz, yuxarı sinfə adını yazdırmasa, o, attestat kimi əsaslı sənəd alıb məzun ola bilməz. Bizim orta məktəblərə ümumi baxışımız belədir. Bütün bunlarla müqayisədə, repetitor hazrlığından keçməsə, yararlanmasa, “heç kimin uşağı öz başıyla ali məktəbə qəbul ola bilməz”. Valideynlərin təhsilə hazırkı yanaşması da bax, budur.

İndi təkcə yuxarı deyil, məktəbə ilk qədəmlərini atan ibtidai sinif şagirdlərinin də repetitor hazırlığına ən vacib, günün təxirəsalınmaz məsələsi kimi baxılır. Belə olmasaydı, birincilərin valideynləri elə indidən “hazırlığa qoymaq üçün ən yaxşı müəllim görəsən, kimdir” sualına cavab axtarmazdı. Halbuki, övladının bundan sonra gedəcəyi məktəbdə yaxşı oxuyacağı, yaxud, “axsayacağı” belə, hələ sual altındadır. Amma valideyn indidən özünə əl qatıb, övladını hazırlaşdırmaq üçün yaxşı, savadlı müəllim axtarır. Tanışlarla, qohumlarla virtual, ya da, üzbəüz danışıqlar aparır, internetdə axtarışlara baş vurur, uşağına ən yaxşı repetitor seçimini az qala ölüm-qalım məsələsinə çevirir.

Bəlkə də valideyn haqlıdır, ən azından, kurrikulumu, Boloniya sistemini qəbul etməyənlərin nəzərində yeni təhsil metodları onların övladlarına yüksək təhsil vəd etmir. Ona görə də, vaxt itirmədən övladını repetitor hazırlığına göndərməyi ən böyük qazancı bilir.

Böyük əksəriyyətin razılaşdığı məqam isə budur ki, ən birinci hesab edilən məsələ təhsilə qoyulan sərmayədir. Onu da həqiqətən dərk etməklə, məğzini bilməklə həyata keçirmək lazımdır. Repetitor hazırlığına da kor-koranə, küll halında, zamanın tələbi kimi deyil, öz övladının qabiliyyətini nəzərə almaqla yanaşmaq lazımdır. Əks halda, o, orta məktəb dərsləri kimi, boş vaxt itkisi hesab olunacaq, ödənişli olan bu tədris növündən fayda götürən olmayacaq; əlbəttə ki repetitorları çıxmaq şərtiylə.

Hərdən düşünürsən ki, elə orta məktəblərin hamısını ödənişli əsaslarla etsəydilər, əlavə kurslara, repetitor hazırlığına, başqa-başqa ünvanlara, evdə müəllim hazırlıqlarına ehtiyac qalmazdı. Çünki il boyu belə hazırlığa yönəldilən vəsaiti elə orta məktəblərin bazasına yatırmaq da işin asanına hesablanardı. Bəlkə onda müəllimlər də dərsdə demədiyini, kurslara, fərdi hazırlıqlara saxladığını elə ümumtəhsil məktəblərin siniflərində şagirdlərə öyrədərdi.

Yazıda qeyd edilənlər sözsüz ki, müəllim adını hələ də müqəddəs tutanlara, o böyük məsləkin daşıyıcılarına qətiyyən aid deyil. Zatən, həmin müəllimlərin hesabına, bu gün fərdi hazırlıqlara, repetitor yanına getməyə ailəsinin maddi imkanı olmayan şagirdlər qəbul imtahanıında yüksək bal yığır, müəllimlərinə, valideynlərinə, tanıyıb-tanımayanların hamısına qürurverici sevinc yaşadırlar. Hər halda, belə faktlar az deyil və xüsusi hazırlıqsız tələbə adı alan gənclərin gündəmə gəlməsi, onların tanıtımı da təəssüf ki, çoxluq təşkil etmir. Təbii ki, repetitorluğun təbliği baxımından...

P.S. Bu mövzuda diskussiya açmaq istəyənlərin fikirləri də bizim üçün maraqlıdır.

Nigar Orucova