Novruzov düz deyir, xaricə pul ötürənlər… – Millət vəkili

13:48 09-09-2019 35

Siyavuş Novruzov kifayət qədər informasiyalı şəxsdir. Dediklərinin təsadüfi olmadığını düşünürəm. Bəli, mən onu bilirəm ki, Azərbaycandan xaricdəkiləri maliyyələşdirənlər var.

Xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın "Canlı debat"ında Ana Vətən Partiyasının rəhbəri, millət vəkili Fəzail Ağamalı ölkə gündəmi, siyasi proseslər, iqtidar-müxalifət münasibətlərinə dair sualları cavablandırarkən deyib.

“Bunlar kimdirsə, hansı qüvvələrdirsə, necədirsə, bunu artıq bizim hüquq-mühafizə orqanları araşdırmalıdır, ciddi reaksiya verilməlidir. Lakin eyni zamanda düşünürəm ki, maliyyələşmə prosesində daha çox antiazərbaycan qüvvələri və heç şübhəsiz ki, Ermənistanla bağlı olan dairələr ciddi rol oynayırlar”, - Fəzail Ağamalı bildirib.

Fəzail Ağamalı sözügedən şəxslərin həmçinin ölkəmizdəki həqiqi müxalifəti də aşağıladığını qeyd edib:
“Buna görə də müxalifətin özü də onlara qarşı mübarizə prosesində ciddi şəkildə maraqlı olmalıdır”.