Gecə Bakıda iki bacının bıçaqlanması ilə bağlı təfərrüatlar – Cinayət işi açıldı (Yenilənib)

12:46 03-09-2019 30

Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, fakta əsasən, Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Binəqədi rayonunda, Binəqədi şossesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

* * *

Səhiyyə Nazirliyi gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovanın sağlamlıq vəziyyətini açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda onların vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.