Vilayət Eyvazov Qəbələ rayonunda Daxili Qoşunlarının zabit və gizirlərilə görüşüb

19:41 02-09-2019 80

“Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib”

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə iştirak edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni binada mənzillə təmin olunmuş sakinlər qarşısında çıxış edərək onları təbrik edib, yeni mənzillərində xoşbəxtlik, yüksək rifah, eləcə də xidmətdə uğurlar arzulayıb.

O, Preident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulayıb.

Nazir deyib ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyekt, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilib. Bildirilib ki, yeni təmir olunmuş 5 mərtəbəli 80 mənzilli bu binanın da istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.

V.Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub. Daxili Qoşunların yeni tikilidə mənzillə təmin olunan zabit və gizirləri, onların ailə üzvləri göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra nazir, general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Qəbələ, Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində olub. Bu tədbirlərdə nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyət və texnika barədə raportlar verib.

Hərbi hissələrin sıra meydanında düzülmüş hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən nazir V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkənin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçısının ümumən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

Daxili Qoşunların ölkədə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

O, ölkəyə qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunların cəbhə xəttində şərəfli döyüş yolu keçdiyini, bu yolda yüzlərlə şəhid verdiyini qeyd edərək, bildirib ki, hələ də torpaqlarımızın 20 faizi işğal altında olduğuna görə hazırda ölkəmiz müharibə şəraitindədir. Ona görə də qüdrətli Azərbaycan ordusu ilə yanaşı Daxili Qoşunların şəxsi heyəti də öz üzərlərinə düşən xidməti vəzifələri ilə bərabər torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazır olmalı, döyüş hazırlığı səviyyələrini daim yüksək saxlamalıdırlar.

Hərbi hissələrin şəxsi heyətinə konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri sonda daxili işlər orqanlarının, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunların şəxsi heyətinin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və onu əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqiqncə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissələrin qərargahlarında komandir heyətləri ilə əməliyyat müşavirələri keçirilib.

Sonra o, hərbi hissələrin tədris, silah otaqlarında, avtomobil və zirehli texnika parkında, tibb məntəqələrində, yeməkxanalarında olub, hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

Nazir əsgər yeməkxanalarında şəxsi heyətlə birlikdə nahar edib.