Samir Bağırov, yaxud məhv edilən mənəviyyat

18:15 02-09-2019 135

Yuli Sezar bilirsiniz kimdir? Bilməsəniz də fərq etməz, çünki onun haqqında o qədər  deyili, yazılıb ki, artıq yazmağa da bir şey qalmayıb. Deyə bilərsiniz ki, Roma sərkərdəsi, Misir şahzadəsi Kleopatranın sevgilisi olmuş bu şəxsin bizə nə dəxli var? Əslində, onun özünün nə mənə,  nə sizlərə, nə də dövlətimizə heç bir dəxli yoxdur. Ancaq onun bir ifadəsinin bizim hər birimizə çox böyük dəxli var.

Yuli Sezar deyir: "Bir milləti məhv etmək üçün onu xırda ticarətə və çalıb - oxumağa, əyləncəyə öyrəşdirmək kifayətdir". İndi bildinizmi ki, söhbət  Yuli Sezarın sərgüzəştlərindən yox, bu gün bizə on minlərlə iş yeri və biznes kimi sırınan xırda ticarətdən və bütün məmləkət televiziyalarını zəbt etmiş çal-çağır və əyləncə verilişlərindən gedir.

Əslində ticarət, heç də qəbahət iş deyil, əksinə, insan öz çörəyini halal ticarətdən çıxarırsa, deməli, düz yoldadır. Yox, bu bazarına haram qatırsa, deməli, artıq tacir dey  il dələduzluqdur. Bunun isə şərhə heç bir ehtiyacı yoxdur.

O ki qaldı çal-çağır və əyləncəyə, bu, sözün həqiqi mənasında insan psixologiyasını məhv etməyə yönəlik bir təbliğatdır. Siz inana bilərsinizmi ki, ailəsini zorla dolandıran birisi, küllü miqdarda pul ödəyib, hansısa şou-biznes "ulduzu"nu öz övladının toyuna dəvət etsin? Əsla! 

Deməli, şou-biznes əhli ilə xalqı talayan, dövləti hərraca çıxaranlar şərikdirlər, onların sadə xalqa heç bir aidiyyatı yoxdur. Birincilər xalqın mənəviyyatını, ikincilər isə sərvətini talayır. Bu çal- çağır, əyləncə də, məhz onlara lazımdır.

Necə deyərlər, "Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım".

Dövlətin ona əmanət etdiyi vəzifəsinə xəyanət edərək talançılıqla məşğul olan məmur, heç şübhəsiz ki, asan yolla əldə etdiyi milyonların bir qismini də, mənəviyyat talançıları olan şou əhli üçün xərcləyəcək.

Beləliklə də, heç bir faydalı əməklə məşğul olmayan, xalqın hesabına yaşayan «parazitlər» nəsli ortaya çıxır.

 Burada əsas diqqətçəkən bilirsiniz nədir? Bu parazitlərin həm də dövlət tərəfindən dəstəklənməsi, fəxri adlarla, mənzillə, maşınla mükafatlandırılması. İnsanlarda istər- istəməz belə bir fikir formalaşır ki, dövlət bu məmur-şou-biznes əməkdaşlığından xəbərsizdir? Yoxsa, 200-300 minlik maşınından, 2-3 mərtəbəli villasından dəm vuran bir şou təmsilçisinin mənzillə mükafatlandırılması ən azından təəccüb doğurur.

Digər təəccüb doğuran məsələ budur ki, bu gün bahalı maşınını, evini reklam edən birisi, bir müddət sonra maşını kreditə aldığını, pulunu ödəyə bilmədiyini, evsiz olduğunu dilə gətirir. Heç kim də bu məsələni araşdırmadan onun adını salır hansısa siyahıya və dövlət ona mənzil hədiyyə edir, hansısa harın bir məmur da maşın bağışlayır, vəssalam-şüttamam. Bununla da dünənə qədər heç kimin tanımadığı birisi, olur dövlət tərəfindən tanınan şoü "ulduzu".

Bütün bu mənfiliklər də, yetişməkdə olan gənc nəslin psixologiyasına təsirsiz ötüşmür.

Gənc bir oğlandan soruşursan ki, "bala, böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsən?"

Deyir-Samir Bağırov olmaq istəyirəm ( Bilirsiniz də, Samir Bağırov bir vaxtlar Azərbaycan şou-biznesinin "siması" olub ). Bu gün istər ölkəmizin teleməkanında, istərsə də cəmiyyətin özündə o qədər samir bağırovlar meydan sulayırlar ki, nə sayları bilinir, nə hesabları.

Əlqərəz, sözü-mün sanı odur ki, Viktor Hüqo demişkən:"Rüşvətlə evində xanımına, qızına paltar alan, evində fahişə saxlayır. Çünki, o pullarda bir çox kişinin əməyi vardır".  

Düz sözə nə deyəsən, illər, qərinələr keçsə belə, o sözlər öz əhəmiyyətini itirmir. Yüli Sezar da düz deyir, bir xalqı məhv etmək üçün heç də müharibələrə ehtiyac yoxdur, sadəcə olaraq samir bağırovların sayını artımaq lazımdır. Bunu da yalnız rüşvətxor və talançı məmurlar bacararlar.

Deyirəm ey, bəlkə ölkəmizdə samir bağırovlar yetişdirən bir müəssisə yaradaq (meyillilər nə qədər istəsən tapılar) sonra da onları göndərək Ermənistana. Qoy orada erməniləri məhv etsinlər. Əgər bacarsalar, hərəsinə bir fəxri ad verib məskunlaşdıraq özlərinin azad etdikləri Yerevana.

Necə bilirsiniz bacararlar, yoxsa onların gücü ancaq öz xalqını məhv etməyə çatır?

Yusif Seyid