"ATENA" şirkətində özbaşınalıq: -İranlı “müdir” əmək hüquqlarını pozaraq işçiləri qovur və… (VIDEO)

15:15 02-09-2019 140

Azərbaycanda ən iri süd-və süd məhsullarının istehsalçısı kimi tanınan “ATENA” şirkətinin Ağcabədidə yerləşən maldarlıq fermasında tam özbaşınalıqdır. Fermada alman cins inəklərinin və buzovların kütləvi ölümü baş qaldırıb. Bu acı hal isə hələ ki, kimsəni maraqlandırmır.

Fermaya müdir kimi soxulan Mansur Safaei adlı bir iran vətəndaşı isə tələfatın qarşısını almaq əvəzinə, kollektiv arasında narazılıqlar yaradaraq fermanın işçilərini kütləvi halda işdən qovur. İranlı “mütəxəssis” özü ölkənin əmək qanunvericiliyini pozduğu halda, inəklərin öldüyünü əsas gətirərək qanunsuz əsaslarla fermada çalışan fəhlələrin maaşını kəsir, kobud davranışlarla istədiyini işdən qovdurur. Baş ofisi Bakıda yerləşən “ATENA” şirkətinin nəzarətindən yayınan ferma süquta doğru irəliləyir.

“Demokratik.Az”-a daxil olan məlumatlarda bildirilir ki, son aylarda sadə miqrant kimi fermaya rəhbərlik edən iranlı Mansur Safaei və ətrafı öz fəaliyyətlərilə 100-lərlə inək və buzovun ölümünə şərait yaradıb. Fermada antisanitar şərait hökm sürür. Heç bir gigiyena və epidemioloji normalara riayət edilmir. İnəklərin bəslənməsinə, əsasən də doğuşuna və sonrakı vəziyyətinə biganəlik, buzovların saxlanma şəraitinə nəzarətsizlik təsərrüfatı məhv olmaq təhlükəsilə üz-üzə qoyub. Heyvanların ölümünə əsas səbəb isə, keyfiyyətsiz qidalandırma ilə də əlaqədardır. Hər gün ölən inək və buzovların statistikası da fermanın təhlükədə olduğunu deyir. Bərbad statistika isə şirkət rəhbərliyindən və ictimaiyyətdən bir neçə aydır ki, gizlədilir.

Bu barədə “Demokratik.Az”-a danışan və videosüjet təqdim edən fəhlələr qeyd edirlər ki, fermanın məhv edilməsinə dözə bilmirlər. Onlar uzun illərdir çətin zəhmətlər və milyonlar hesabına ərsəyə gətirilən maldarlıq təsərrüfatının gələcək taleyindən narahatdırlar.

Şikayətçi fəhlələrin sözlərinə görə, durum barədə “ATENA” rəhbərliyi və şəxsən İsrafil Qasımovun özü xeyli məlumatsızdır. Fermadakı özbaşınalıqları dilə gətirdiklərinə və duruma etirtaz etdiklərinə görə işdən qovulduqlarını iddia edən fəhlələr hesab edirlər ki, ferma bu gedişlə tam məhvə gedir. Olacaqları önləmək üçün aidiyyatı qurum və şəxslərin müdaxiləsi vacibdir.

Xatırladaq ki, “Atena-Azərbaycan”ın heyvandarlıq təsərrüfatı 2011-ci ildə yaradılıb və Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşir. Təsərrüfat ilk fəaliyyət illərində Almaniyadan gətirilmiş yüksək genetik keyfiyyətə sahib 3000 baş inəklə diqqət çəkib. qeyri-rəsmi məlumata görə hazırda ferma geriləyərək 2000 baş iribuynuzlu heyvanla ayaqda qalmağa çalışır. Son məlumatlar fermanın tənəzzülə məruz qaldığını deyir və bu hal ölkəmizdə onsuz da zəif olan Kənd Təsərrüfatı adına acı təəssüf doğurur.