"Qarabağ klanı"nın getməsi münaqişəni deyil, Paşinyanın problemlərini həll edir - MÜSAHİBƏ

17:22 27-08-2019 50

İsrailli politoloq Yuri Boçarovun paralel.az-a müsahibəsi:

- ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamenti Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıq barədə məlumat yayıb. Elmar Məmmədyarov və Zöhrab Mnatsakyanın növbəti dialoqundan qeyri-adi nəsə gözləmək olarmı?

- Cərəyan edən proseslər göstərir ki, Ermənistan rəhbərliyi Qarabağ məsələsi ilə bağlı real dialoqa, üstəlik, hansısa taleyüklü qərarların qəbuluna hazır deyil. Necə deyərlər, "demokratik" qüvvələrin qələbəsi və xalqın qəzəbi fonunda Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanda bütün hakimiyyət institutlarını hələ demokratikləşdirə bilməyib. Yeni seçilmiş lider öz qələbəsi ilə həddən çox adama borcludur. Buna görə də o, hər hansı bir mühüm siyasi qərarları qəbul etməzdən öncə Ermənistanın daxilində və xaricində bir çoxlarını görmək məcburiyyətindədir.

Sözügedən nüfüz qruplarının maraqları bir-biri ilə o qədər ziddiyyətlidir ki, onların hamısı ilə dərhal razılığa gəlmək çətin ki, real olsun. Buna görə də Ermənistanın Baş naziri qlobal məsələləri həll etməzdən əvvəl həmin "partnyorlar" arasında seçim etməlidir. Daha doğrusu, Paşinyan yalnız bundan sonra onun sponsorlarının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri qərarı səsləndirə bilər. Ancaq belə olan halda onun nazirləri təşkilati-hüquqi məsələləri həll etməyə və bəyanat verməyə başlayacaqlar. Hələlik isə Zöhrab Mnatsakyanın "qeyri-adi bir şey" deyəcəyini gözləməyə dəyməz.

Bir çox ekspertlər hələ bir neçə il əvvəl bildirmişdi ki, "Qarabağ klanı" Yerevanda hakimiyyətdə olduğu müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllini gözləməyə dəyməz. Paşinyanın Ermənistana rəhbərlik etdiyi bir dövrdə bu məsələ ilə bağlı vəziyyət hazırda nə yerdədir? Paşinyanın bir-birinə zidd olan bəyanatlarını, o cümlədən erməniləri "miatsum"a açıq-aşkar çağırmasını nəzərə alsaq, yaxın vaxtlarda danışıqlar prosesində irəliləyiş gözləmək olarmı?

- Paşinyan bütün Ermənistanı, daha doğrusu, ölkənin bütün inzibati-siyasi strukturunu sözün əsl mənasında hələlik idarə etmir. O, rəsmi hakimiyyəti ələ alıb, lakin hər an Baş nazirin qanını "qaralda biləcək" bir çoxları yerlərdə qalmaqdadır. Paşinyan bəzən bir-birinə zidd bəyanatlar verməklə həm müxtəlif yerli klanları, həm də ölkədə öz maraqlarını güdən dünyadakı siyasi ağır çəkililəri razı salmaq istəyir. "Qarabağ klanı"nın birdəfəlik yox olması, əlbəttə ki, Paşinyanın problemlərinin bir hissəsini həll etsə də, Ermənistan-Azərbaycan münaqişəsini həll etməyəcək. Burada digər qüvvələr başqa bir səviyyədə qərarlar qəbul edəcəklər.

- Amerikanın Erməni Milli Komitəsi (ANCA) bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp  Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə "HALO Trust" təşkilatının Azərbaycanın Dağlıq Qarabağ regionunda ərazilərin minalardan təmizlənməsi fəaliyyətinin maliyyələşdirilməsini dayandırdığını bildirib.  ABŞ tərəfinin 2001-ci ildən bəri bu məqsədlər üçün 17 milyon dollar ayırdığını nəzərə alsaq, Vaşinqtonun bu qərarı nə ilə əlaqədardır?

- ABŞ Prezidenti son bir ildə dünyanın bir çox regionunda amerikalı vergi ödəyicilərinin  vəsaitləri hesabına böyük və kiçik siyasətlə məşğul olan müxtəlif beynəlxalq agentliklərin və qurumların əksər yardım proqramlarının maliyyələşdirilməsini azaldıb. Məsələ ondadır ki, bu gün Donald Trampın "Amerika hər şeydən üstündür" əsas şüarı hazırda xüsusi aktuallıq kəsb edir, çünki ABŞ yeni prezident seçkiləri ərəfəsindədir. Hazırda Trampı onun barəsində xarici liderlərin və beynəlxalq ictimaiyyətin nə deməsi deyil, yerli KİV-lərin nə yazacağı daha çox narahat edir. Onun seçicilərini uzaq ölkələrdə müharibələrin getməsi, insanların ölməsi və uşaqların ac qalması maraqlandırmır. Amerikalıların əksəriyyətinin kifayət qədər problemi var. Buna görə də Tramp öz populist bəyanatları, digər ölkələrə və xalqlara qarşı qeyri-adekvat qərarları ilə olsa belə, onlara bu problemləri həll etməyə hazır olduğunu sübüt etməlidir.

- Belə təəssürat yaranır ki, son illərdə yeni "gənc" hərbi münaqişələrin yaranması fonunda Qarabağ problemi beynəlxalq təşkilatların gündəliyindən ümumiyyətlə çıxacaq. Çunki ATƏT-in Minsk qrupunun fəaliyyəti artıq fəaliyyətsiz xarakter daşıyır. Həmçinin dünya gücləri Ermənistan-Azərbaycan münaqişəsini onların fikrincə, daha önəmli geosiyasi və geoiqtisadi problemlərə qurban verərək uzun müddətə təxirə salıblar.

- Təəssüf ki, siz haqlısız. Müasir geosiyasət yeni vəzifələr diktə edir və tamamilə yeni təhlükələrdən ibarətdir. Bu gün dünyada qonşu ölkələrə sıçraya və ya bütün dünyanı alovlandıra biləcək yeni qaynar nöqtələr və lokal müharibələr kifayət qədərdir. Paralellər aparmaq istəmirəm, lakin bizim diyarlarda yazırlar ki, bir tərəfdən Fələstin muxtariyyətinin rəhbərliyinin qənaətincə, "Fələstin problemi" bir çox Yaxın Şərq ölkələrinin gündəliyindən praktiki olaraq yoxa çıxıb, digər tərəfdən, Suriya və Yəməndə gedən müharibələri və İran ətrafında münaqişənin şiddətlənməsi fonunda dünya Qəzzadan İsrailə endirilən raket zərbələrini görmür. Nəticədə İsrail öz problemlərini özü həll etməyə məcburdur.

Burada da belədir. Ermənistan-Azərbaycan münaqişəsi artıq dünya ictimaiyyətinin gözünə girmir. ABŞ, Rusiya və ümumiyyətlə, Avropa İttifaqının yeni problemləri və vəzifələri o qədərdir ki, özgə müharibəyə diqqət ayırmaq istəmirlər. Onları sözügedən münaqişəni ədalətli həll etməyə sövq etmək üçün maraqlandıracaq heç bir şey yoxdur. Ola bilsin ki, iki ölkəni gərginlikdə saxlamaq onlara insanların sülh və sakitlik içində yaşamasından daha çox dividend verir.   

Rasim Babayev