Bütün problemləri prezidentmi çözməlidir?

17:23 23-08-2019 80

Bazarda almanı satan qiymətə, bağban isə keyfiyyətinə cavabdehdir

Son illər ölkədə çox maraqlı tendensiya müşahidə olunmaqdadır - mərkəzi icra hakimiyyəti orqanlarına vətəndaşlardan daxil olan şikayətlər kütləvi hal almaqdadır. Ölkədə ən xırda problem üçün belə vətəndaş Prezident Administrasiyasına, Milli Məclisə, Nazirlər Kabinetinə və s. ünvanlara məktub göndərir, şəxsən təşrif buyurur.

Məsələn, bu günlərdə paytaxtın Xətai rayonu, Araz Novruzov küçəsində yaşayan sakinlər bərk məişət tullantıları konteynerlərinin yerinin dəyişdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət ediblər. Araşdıranda görürük ki, vətəndaş heç də birbaşa prezidentə müraciət etməyib, onlar ölkə priezidentinə qədər bütün instansiyalara müraciət ediblər və əsaslandırıblar ki, bu tullantı qutuları yerləşdiyi indiki ərazidə, dar yolun kənarında və yaşayış evlərinin yaxınlığında və ərzaq mağazasının qarşısında ciddi antisanitariya və yol darlığı yaradır, yeri dəyişməlidir. Lakin bu gün Bakı şəhərində bərk məişət tullantılarının toplanması və daşınması elə bərbad və qəliz idarəetmə sisteminə malikdir ki, vətəndaş tullantı qutularının yerini dəyişdirmək səlahiyyətinin kimə məxsus olduğunu aydınlaşdıra bilmir. Artıq ölkə başçısına müraciət ünvanlanıb, amma problem öz həllini hələ də tapmır.

Bununla, ölkədə fəaliyyət göstərən bütün iş adamları qanunları pozaraq vətəndaşların haqqını talayır, heç bir müvafiq hüquq-mühafizə orqanı bu haqsızlığın qarşısını ala bilmir. Sonda isə yenə şikayətlər dövlət başçısına ünvanlanır. Məsələn, bu günlərdə sosial şəbəkələrdə vətəndaşların prezidentə video-müraciət yayılıb. Video-çarxdan bəlli olur ki, AMAY Abdulla kimi məşhurlaşan iş adamı yüzlərlə ailənin yaşadığı, istifadəyə tam yararlı olan bir binanın dövlət komissiyası tərəfindən təhvil götürülməsinə mane olur. Çünki bina təhvil verilsə, iş adamının binaya baha qiymətə xidmət təklif etməsinə son qoyulacaq və o, bir gəlir mənbəyini itirəcək.

Prezidentə başqa bir şikayətdə icra hakimiyyətinin səlahiyyətli nümayəndələri vətəndaşın qanuni əmlakını heç bir məhkəmə qərarı olmadan söküb və s. Hər gün şikayətlər Prezident Abminstrasiyasına sel kimi axır. Buna səbəb nədir, nə üçün bütün vətəndaşların pənahı yalnız prezidentdir?

Şikayətlərin mahiyyət və məzmunu ilə tanış olarkən aydınlaşır ki, problemin iki istiqaməti var. Birincisi, hökumət strukturlarının inzibati nəzarət və idarəetmə metodları artıq köhnəlib. İkincisi isə hökumət qanunların aliliyini qorumaqdan daha çox iqtisadi fəaliyyətlə - bizneslə məşğuldur ki, bu da fəsadlara yol açır. Bununla yanışı, hökumətin özünə yüklədiyi xidmətlərin idarə edilməsi də, səmərəsiz təmin edilir. Məsələn, yuxarıda qeyd etdiyimiz tullantı konteynerləri barədə yaranan problemin səbəbi odur ki, tullantını bir təşkilat daşıyır, tullantı konteynerlərinin yerini digər təşkilat müəyyən edir, üçüncü təşkilat isə ərazini konteynerlə təmin edir. Lakin ölkədə tullantıların yığışdırılması və daşınması xidməti özəlləşdirilsə, bu üç təşkilatın gördüyü işi bir özəl təmizlik təşkilatı yerinə yetirər. Bir şərtlə ki, təmizlik təşkilatları da inhisarçı olmasın, xidmətin rahat alternativi olsun. Belə olsa əhalidən narazılıq olan kimi həmin təşkilat operativ problemi aradan qaldıracaq ki, nə müştəri itirməsin, nə də problem ictimailəşib onun işgüzar imicinə xələl gətirməsin.

Məsələn, "Azəriqaz" İstehsalat Birliyi əhaliyə "mavi yanacaq" satmaqla məşğuldur, amma yanacağın keyfiyyəti barədə şikayətlər olanda cavab verirlər ki, biz qazın keyfiyyətinə cavabdeh deyilik, bu işə SOCAR (azərbaycanca ARDNŞ) baxır. Bu necə olur, bazarda almanı satan qiymətə, bağban isə keyfiyyətinə cavabdehdir?

Düşünürük ki, sözügedən şikayət tıxacını aradan qaldırmaq üçün birinci növbədə hökumətin yükü azaldılmalı - bütün xidmət sahələri inhisarlaşmaya yol verilmədən özəlləşdirilməlidir. İkincisi, yeni idarəetmə metodlarının genişləndirilməsi yolu ilə məmur səhlənkarlığına yol açan neqativ hallar aradan qaldırılmalı, çevik idarəetmə sistemi formalaşdırılmalıdır. Hökumət əsasən qanunun aliliyinin qorunması sahəsində ixtisaslaşmalı, iqtisadi fəaliyyətdən mümkün qədər çəkilərək, iqtisadiyyatı "görünməz əl" ilə idarə etməlidir.

Akif Nəsirli