İş adamları etiraz etdi: "Bizi gömrükdə söyürlər..."

11:30 21-08-2019 80

Bir qrup sürücü “Samur” gömrük postunda qarşılaşdıqları problemlərə etiraz ediblər.

“Millətinsəsi.info” xəbər verir ki, şikayətçilər davamlı olaraq əsassız yoxlamalara məruz qaldıqlarını, keçid məntəqəsinin rəisinin onlarla söyüşlə danışdıqlarını bildiriblər: “Orada Allahverdi müəllim var, bizə elə söyüşlər verir ki, deyiləsi deyil. Elə bil reketdirlər. Sutkalarla qalmalı oluruq. Bizə elə zülm edirlər ki, bunu Allah da götürməz

Prezident deyir ki, məmurlar xalqa xidmət etməlidirlər. Amma bizə gömrük işçiləri problemlər yaradırlar”.

Məsələ ilə bağlı Komitə də açıqlama yayıb. Qurum bu şikayətçilərin də səsləndirdikləri problemləri əsassız ittihamlar adlandırıblar.

“Həmin şəxslər Rusiya Federasiyasına gedərkən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda əsassız yoxlamalara məruz qaldıqlarını, gömrük-keçid məntəqəsində maneələrlə üzləşdiklərini və qarşılaşdıqları problemlərlə bağlı gömrük orqanlarına ünvanladıqları müraciətlərə əhəmiyyət verilmədiyini iddia edirlər.

Dövlət Gömrük Komitəsi bildirir ki, irəli sürülən iddialar əsassızdır və sürücülərə gömrük-keçid məntəqəsində maneələr yaradılması ilə bağlı fikirlər həqiqəti əks etdirmir.

Belə ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərdiklərinin deyən həmin şəxslər, əslində əksər hallarda qanunsuz ticarətlə məşğul olur, gömrük qanunvericiliyinin tələblərini pozurlar. Komitənin aiddiyyəti qurumları tərəfindən həyata keçirilən gömrük nəzarəti zamanı sözügedən avtobuslarda dəfələrlə kommersiya təyinatlı mallar aşkar edilib. Qanunvericiliyə uyğun olaraq, sürücülərdən mallara dair sənədlər tələb olunsa da, onlar həmin malların sərnişinlərə aid olduğunu iddia edir və qanunlara əməl etməkdən yayınmağa çalışırlar. Üstəlik, həmin nəqliyyat vasitələrində əksər hallarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə cəhd göstərilən mallar aşkar edilib. Cari ilin aprel ayında bu nəqliyyat vasitələrindən birində gömrük orqanına bəyan olunmayan 660 kq heyvan mənşəli məhsullar, may ayında 1 kiloqrama qədər gümüşdən hazırlanan zərgərlik məmulatları, başqa bir nəqliyyat vasitəsindən isə iyun ayında 10000 ədəd siqaret aşkar edilərək götürülüb.

Mövcud qanunvericiliyə görə, ixrac edilən kommersiya təyinatlı mallar müvafiq sənədlərlə birlikdə gömrük orqanına rəsmən bəyan edilməlidir və istisnalar nəzərə alınmaqla, ixrac edilən mallara görə hər hansı rüsum nəzərdə tutulmur.

Sürücülərin müraciətlərinə gömrük orqanlarının etinasız yanaşmasına gəlincə isə, avqustun 19-da, yəni bir gün əvvəl saat 12:50-də 10-15 nəfərdən ibarət bir qrup şəxs Dövlət Gömrük Komitəsinin Vətəndaşların qəbulunun təşkili bölməsinə müraciət edib. Daxil olan müraciətə dərhal cavab verilib, saat 13:00-da 4 nəfərdən ibarət nümayəndə heyəti Komitənin səlahiyyətli şəxsləri tərəfindən dinlənilərək onlara sərhədkeçmə prosesində qarşılaşdıqları problemlərin səbəbi ətraflı izah olunub.

Gələcəkdə analoji halların baş verməməsi üçün həmin şəxslər qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb, daşıdıqları malların müvafiq sənədlərlə təmin olunmasının vacibliyi diqqətə çatdırılıb və onların sualları ətraflı cavablandırılıb.

Lakin qəbulda olan nümayəndə heyətinin üzvlərinə verilən cavabı gözləmədən, Komitənin inzibati binasının qarşısındakı sürücülərdən bəziləri dırnaqarası media nümayəndələrinə gömrük orqanının və onun əməkdaşlarının fəaliyyətilə bağlı həqiqətə uyğun olmayan açıqlamalar veriblər.

Dövlət Gömrük Komitəsi xatırladır ki, hər hansı fakta söykənmədən, rəsmi tərəfin mövqeyi öyrənilmədən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən məlumatların yayımlanması yolverilməzdir və qanun qarşısında məsuliyyət yaradır”.