Məmurların xalqa zülmü davam edir

18:30 19-08-2019 80

 Sanki xalqı bilərəkdən üsyana sürükləyirlər

 

Ölkəmizdə məmur özbaşınalığı pik həddə çatıb. Rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq, - xalqın səbr kasasını doldurub. Millət artıq öz qəzəbini açıq kütləvi etiraz formasında bildirməkdən başqa yol olmadığını başa düşüb.

Bu günlərdə 2018-ci ilin iyulunda Gəncədə baş vermiş qanlı iğtişaş hadisələri zəminində həbs olunmuş məhbusların valideynlərinin və yaxın qohumlarının Bakıda Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında keçirdikləri etiraz aksiyası buna əyani sübutdur. Bu tip güclü etirazların ölkədə baş verməsinə məmur özbaşınalığının həddini aşması, insanların hüquq və azadlıqlarının hər yerdə kobudcasına pozulması, xalqa qarşı qanunsuz kütləvi repressiv əməliyyatların keçirilməsi, insanlara polis şöbələrində və həbsxanada heç bir əsas olmadan dözülməz, ağır işgəncələrin verilməsi, hətta bəzilərinin polis şöbələrində vəhşicəsinə döyülərək öldürülməsi kimi mənfi hallar səbəb olur.

Etiraz iştirakçılarının verdikləri məlumata görə, Gəncədə həbs olunanların sayı 300 nəfərdən çoxdur. Cinayətin istintaqı düz aparılmır, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (AR CPM) tələbləri ciddi şəkildə pozulur. Həbs edilənlər arasında xeyli günahsız insan var ki, onların Gəncə hadisələri ilə heç bir əlaqəsi yoxdur.

Göründüyü kimi, hüquq-mühafizə orqanlarında çalışan bəzi məmurların öz vəzifələrini yerinə yetirməməsi, hətta bəzilərinin dövlət vəzifəsini daşıdığı halda, ağır cinayət əməlləri törətməkdən belə çəkinməmələri xalqın qəzəbinin coşmasına və ölkədə kütləvi etirazların başlamasına zəmin yaradır.

Gəncə hadisələri ilə bağlı baş verən etiraza diqqət ayırmağım və bu hadisə barədə qısa məlumat verməyim ondan irəli gəlir ki, hazırda bu cür etirazlar kiçik formada olsa da, ölkənin hər bir bölgəsində baş verir. Məsələn, son zamanlar Beyləqan rayonunda baş verən məmur özbaşınalığı, polis zorakılığı, dövlət orqanlarını sarmış rüşvətxorluq halları rayon əhalisinin əsəblərini tarıma çəkib.

Rayon əhalisi hiss edir ki, ötən il sentyabrın 5-də Prezident İlham Əliyevin sabiq icra başçısı Vaqif Abdullayevi rayonda yaratdığı dözülməz duruma görə, tutduğu vəzifədən kənara atmasını rayona yeni icra başçısı təyin olunmuş Asif Ağayev unudub. Beyləqanda idarə, müəssisə, təşkilatlarda, ictimai yerlərdə qayda - qanunun kiçik əlamətinə belə, rast gəlmək olmur.

Ölkə Prezidentinin sabiq icra başçısı haqqında gördüyü kəskin tədbirdən sonra rayon əhalisi elə zənn edirdi ki, Beyləqanda, nəhayət, hər şey qanun çərçivəsinə düşəcək, dövlət və hüquq-mühafizə orqanlarında tüğyan edən rüşvət bumu səngiyəcək. Hətta bu dəyişikliyi aparmaqla, rayonda qayda-qanun yaratdığına görə, bu ilin fevralın 13-də rayon əhalisi Prezidentin Beyləqana səfəri zamanı ona öz minnətdarlıqlarını bildirmişdilər. Əhali də, Prezident də rayondakı müsbət ab-havadan məmnun olmuşdu.

Lakin Beyləqana yeni başçı təyin olunan Asif Ağayevin Prezidentin rayona  səfərindən sonrakı fəaliyyətinin nəticəsi ona göstərilən etmadı doğrulda bilmədiyinə əyani sübutdur. Başçının işi o qədər nöqsanlıdır ki, artıq genişlənən rüşvətxorluq rayon əhalisini etiraz aksiyasına çıxmağa sövq edir.

Rayon əhalisini icra başçısından kəskin narazı salan, hər şeydən öncə, başçının rayonda özündən əvvəlki icra başçısı kimi, rüşvətxorluğa rahat şərait yaratması, yalançılığı, qəbula gələn insanları aldatması, ələ salması, hüquq-mühafizə orqanlarının, xüsusən polisin xalqı təhqir etməsinə, talamasına, cinayətkar ünsürlərlə əlaqəyə girməsinə, məhkəmə hakimlərinin məhkəmə prosesini rüşvət mənbəyinə çevirməsinə aid olan şikayətlərə əhəmiyyət verməməsidir.

Beyləqanda mövcud olan bu durum rayon əhalisinin yerli hakimiyyət orqanlarına olan bütün ümidlərini puça çıxarıb. Rayonda məmur özbaşınalığına qarşı etiraz aksiyası keçirmək barədə əhali arasında söhbət gedir.

Gəncədə, Beyləqanda əhali arasında mövcud olan kütləvi gərgin durumun ölkənin digər bölgələrində də müşahidə olunması halları, istər-istəməz, məmurların xalqı incidərək, təhqir edərək, ölkə Prezidentinin həyata keçirdiyi daxili idarəetmə siyasətinə qarşı kütləvi etirazlara sövq etmək təsəvvürü yaradır. Ki, bu da Azərbaycanı sevməyən xarici qüvvələrin əlinə oynaq deməkdir.

 

Şahnaz Salehqızı