Həkim, müəllim və əsgər andı!

17:51 16-08-2019 135

Andiçməyə valideyinlərin dəvət edilməsinə son qoyulmalıdır!

Son zamanlar ölkəmizin idarəetmə sistemində andiçmə ənənəsi genişlənməkdədir. Sovetlər dönəmində yalnız həkimlər və əsgərlər and içirdi. Sözsüz ki, bu da rəmzi məna daşıyırdı, bəlkə də and içən şəxsə bir mənəvi yük qoymaq amacı var idisə də, təcrübədə bunun şahidi olmurduq.

Məsələn, bütün dünyada mötəbər sayılan (müqəddəs yox) Hippokrat andını qəbul edən həkim guya o andın mətnində üzərinə götürdüyü vədləri yerinə yetirirdi? Andın mətnində abort aydın şəkildə qadağan edilir, həkim and içir ki, körpənin ana bətnindən vaxtından əvvəl düşməsinə kömək etməyəcəm. Amma bu biri tərəfdən isə o vaxtkı və indiki tibbi təhsil ocaqlarında təhsil alan mama-genikoloqlara müasir abort üsullarını mükəmməl öyrədirlər və tələbələrə dönə-dönə tapşırırlar ki, bunu mükəmməl öyrənin, bu sizin çörək ağacınızdır.

Hazırda da Hippokrad andı içən ağ xalatlı "mələklər" hər gün minlərlə uşağı ana bətnindəcə, həyatdan məhrum edirlər. Hələ həkimin rüşvət almasını, işlədikləri xəstəxanada bir - birinə tələ qurmasını, xəstədən min-bir fırıldaqla daha çox pul qopartması barədə danışmağa lüzum görmürəm. Çünki bunlar konkret olaraq Hippokrat andında yer almayıb, sözaltı ifadələrlə vurğulanıb. Amma abort konkret olaraq həkimə qadağan edilir.

And belə mötəbər mənəvi üsuldursa, nədən əsrlərdir ki, həkimləri abort etməkdən çəkindirmir. Amma qanunun aliliyinin təmin olunduğu istənilən ölkədə abort qadağan edilsə, heç bir həkim bu işə əl qatmağa risk eləməz. On dörd əsrdir İslam dini Allah kəlamı ilə dünyada haqq, ədalət təbliğ edir, bu gün dünyanın neçə faiz əhalisi öz haqqını ala bilir? Yalnız qanunun aliliyi təmin edilən ölkələrdə bu daha çox mümkün olur, özü də onların böyük əksəriyyəti İslam ölkəsi deyil. Diqqət edirsinizsə, bu gün dünya əhalisinin miqrasiya vektoru İslam ölkələrindən Avropaya və Amerikaya - yəni qeyri-İslam ölkələrinə doğru yönəlib. Çünki seyid cəddinə arxayın olan kimi, Qurani-Kərimi başımızın üstundan asıb, ona and içib də xalqın haqqını yeyirik, qanunları tapdalayırıq, sonra da deyirik ki, Allah bizə niyə zülm edir, biz ki müsəlmanıq.

Əziz müsəlmanlar, Qurani-Kərimə nə and içmək, nə də onu hardansa asmaq lazım deyil, sadəcə onu oxuyub, öyrənib, göstərişlərinə əməl etmək lazımdır. Belə olsa hamı görər ki, bu mötəbər kitab - Allah kəlamı da qanunun aliliyini əsas şərt olaraq ortaya qoyur. Bu kitaba and içənlərin isə böyük əksəriyyəti yalnız yalanlarını maskalamaq üçün bu üsula əl atır.

Bu məntiqlə yanaşsaq, son zamanlar müəllimlərin də and içməsi tam reallıqlardan xəbər verir. Müəllimlərin andından bir ixtibas verəcəm, amma oxuyanda xahiş edirəm gülməyin: "Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm". Tanıdığınız müəllimlərin neçə faizi yuxarıdakı andda sadalanan vədlərin yarısını yerinə yetirməyə cəhd göstərir?..

Sonda əsgər andı barədə də bir-iki kəlmə yazmaq istəyirəm. Mən 1 iyul 1987-ci ildə, keçmiş SSRİ-nin və indiki Rusiya Federasiyasının kosmodromunda - Baykonurda (Qazax dilində "zəngin dərə" kimi tərcümə olunur) əsgər andı içmişəm. Bundan valideyinlərim bir ay sonra, mənim məktubumu alanda xəbər tutmuşdular. O zaman əsgər andı hüquqi yükə malik idi, əsgər and içməyənədək əsgəri məsuliyyəti qəbul etmiş sayılmırdı - pozduğu qaydalara görə cəza verilmirdi, tam əsgəri rejim tələb olunmurdu. İndi Azərbaycanda da əsgərlər and içir, özü də valideyinlərinin iştirakı ilə...

Lakin bu andın heç bir hüquqi yükü yoxdur, rəmzi xarakter daşıyır, insanların məişətdə içdikləri andlardan heç nəylə fərqlənmir. Onda ortaya sual çıxır, bəs valideyinlər nə üçün andiçmə mərasiminə dəvət olunurlar və sanlı qoz-biçili köynək kimi birbəbir hamı gəlir, həm də ailənin ən azı 2-3 üzvü ilə birlikdə. Çünki müharibə görmüş cəmiyyətdə övladını hərbi xidmətə göndərən valideyin ondan nigaran qalır.

Hərbiçilərimiz isə bu nigaranlıqdan sui-istifadə edir. Belədə isə andiçmə günü valideyin axını yol-nəqliyyat hadisələrinin artmasına və insan tələfatına səbəb olur. Məsələn, Qaxdan Beyləqana andiçməyə gələn valideyinlər və sürücü qəza nəticəsində həlak olub, ailədən yalnız hərbi xidmətdə olan əsgər salamat qalıb. Bununla yanaşı çoxsaylı qəzalarda xeyli valideyin dünyasını dəyişib və ağır zədələr alıblar.

Fikrimcə, hərbi hissələrdə keçrilən andiçmə mərasmilərinə valideyinlərin dəvət edilməsi təcrübəsinə son qoymaq lazımdır. Bu həm valideyin qırğınının qarşısını ala, həm də hərbi hissələrdə zabit-valideyin təmaslarını azalda bilər. Valideyinlər hərəsi istədiyi münasib vaxtda övladın ziyarət etmək hüquqna malikdir, amma belə kütləvi görüşlər heç bir müsbət əhəmiyyətə malik deyil.

Akif Nəsirli