İctimai yerlərdə siqaret çəkənlər niyə cəzalandırılmır?Cənablar,qanun arxiv üçün qəbul olunmur

18:24 14-08-2019 7

Ekologiyanın və ətraf mühitin qorunması, atmosferin çirklənməsinin aradan qaldırılması hazırda dünyanın əsas problemi olaraq qalır.

Atmosferin zəhərli maddələrlə və qazlarla çirklənməsinin qarşısını almaq istiqamətində fasiləsiz işlər görülsə də, problemin həll olunması sahəsində hər hansı uğurun əldə edildiyini qeyd etmək mümkün deyil.

Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb sırasına bir neçə təbii proses daxildir ki, bunlar da hər kəsə bəlli olduğuna görə, onları sadalayıb, əlavə vaxt aparmamaq üçün üzərində dayanmıram.

Atmosferin və ətraf mühitin çirklənməsinin subyektiv səbəblərindən bəhs edərkən, ilk növbədə antropogen amillərin önə çəkilməsi təsadüfi deyil. Bu sırada şəhərlərdə aparılan tikintilərdən, fabrik və zavodlardan, sənaye müəssisələrindən, şəhər nəqliyyatından, məişət avadanlıqlarından ətraf mühitə, xüsusən, havaya atılan zəhərli qazların insan sağlamlığı üçün böyük təhlükə mənbəyi bütün dünyada qeyd edilir.

Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkədə, xüsusən Bakı şəhərində havanın çirkliliyinin normadan bir neçə dəfə çox olduğu barədə məlumatna, vərdiş etsək də, bu çirklənmənin qarşısının alınması istiqamətində nazirlik və hökumət tərəfindən hər hansı bir tədbir görülməsi barədə məlumata təəssüf ki, indiyə qədər rast gəlməmişik.

Görəsən, ETSN ölkədə və xüsusilə Bakı şəhərində atmosferin çirkliliyi barədə məlumat verməklə, niyə öz işini bitmiş hesab edir ? Şəhərin atmosferinin həddindən çox çirklənməsinin qarşısını almaq vəzifəsi bu nazirliyin səlahiyyətlərinə daxil deyilmi? Əlbəttə, daxildir, lakin bu sahədə indiyədək ölkədə və xüsusən Bakı şəhərində müsbət heç bir işin görülməməsi nazirliyi susmağa vadar edir.

Bakıda və ölkəmizin böyük şəhərlərində atmosferin həddindən çox çirklənməsinə xidmət edən amillərdən biri də çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının əksəriyyətinin "kombi"lərlə qızdırılmasıdır. Xatırladaq ki, 2013-cü və 2017-ci illərdə ölkə prezidenti tərəfindən jurnalistlərə 17 mərtəbədən, 410 mənzildən ibarət olan iki hündürmərtəbəli bina hədiyyə edilib. Bu binalardakı mənzillər qışda çox səhv olaraq "kombi"lərlə qızdırılır. Hər iki binanın dəniz kənarında yerləşməsinə baxmayaraq, binaların ətrafında gəzərkən, 400-dən çox mənzildə yanan qaz peçlərindən havaya yayılan qaz qoxusundan nəfəs almaq belə, mümkün deyil. Bu, hər şeydən əvvəl, şəhərlərdə tikilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının ərazisində ekoloji tarazlığın müvafiq dövlət orqanları tərəfindən qorunmasına əməl edilməsinə nəzarətin unudulması ilə bağlıdır.

Dünyada və ölkəmizdə siqaretin insan sağlamlığı üçün böyük təhlükə mənbəyi olduğuna görə, ictimai yerlərdə siqaret çəkilməsi qadağan olunub və belə yerlərdə, o cümlədən nəqliyyatda siqaret çəkənlərin cərimələnməsini nəzərdə tutan qanun qəbul olunub. Lakin qanunun qüvvəyə minməsinə baxmayaraq, yeməkxanalarda, restoranlarda, şadlıq saraylarında, xüsusən avtobus dayanacaqlarında siqaret çəkənlərin sayı həddindən çoxdur.

Dəfələrlə şahidi olmuşam ki, sərnişinlər avtobus dayanacaqlarında polisin yanında siqaret çəkənlərə etiraz etsələr də, qanun keşikçiləri buna laqeyd qalıblar. Belə yarıtmaz hərəkətlərə qarşı müvafiq mübarizə tədbirlərinin vaxtında görülməməsi isə, bu cür ziyanlı hərəkət edənlərin həddini aşmasına rəvac verir. İnsanların həm əsəbləri pozulur, sağlamlığına ziyan dəyir, onlar həm də dövlətdən narazı qalırlar.

Azərbaycanda geniş yayılan, insanları hökumətdən narazı salan hallardan biri də, bütün sahələrə aid istənilən qədər qanun qəbul olunsa da, bu qanunların əksəriyyətinin icra olunmaması və onların kağız üzərində qalmasıdır. İcra olunmamasından bəhs etdiyimiz qanunlardan biri də, məhz ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanundur.

Əgər ölkədə ictimai yerlərdə siqaret çəkdiyinə görə, cərimə  tətbiq edilən vətəndaşların və əcnəbilərin statistikasına nəzər yetirsək, qeydlərimin tam həqiqət olduğu öz təsdiqini tapar və məsul orqanların canına da isti keçər...

 

Şahnaz Salehqızı