ƏRDOĞANLA ZELENSKİNİN QOLBAĞ SÖHBƏTİ – VİDEO

11:12 14-08-2019 8

Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə ilk rəsmi səfərindən bir həftəyə yaxın vaxt keçsə də, səfərin gedişi və nəticələri hələ də müzakirə olunmaqdadır.

“AzPolitika.info”-nun məlumatına görə, xüsusilə də Rusiyanın hakimiyyətə yaxın KİV-ləri görüş zamanı baş verən kuryoz hadisələri tez-tez “fırlatmaqdan” doymurlar.

Xatırladaq ki, avqustun 7-də baş tutan səfər zamanı prezident postunda hələ yeni olan Zelenski rəsmi qarşılanma mərasimində bir qədər çaşqın təsir bağışlayıb və R.T.Ərdoğan onun protokol qaydalarına riayət etməsinə yardım göstərib. Putinə yaxın KİV-lər isə Zelenskinin davranışlarını “təlxəklik” və naşılıq kimi qiymətləndirib, hətta onun biabır olduğunu iddia ediblər.

Həmçinin, iki prezident arasında Zelenskini qolundakı qolbağla bağlı kiçik söhbət olub ki, Kremlə yaxın təbliğat maşını bundan da Ukrayna prezidentini “vurmaq” üçün istifadə etməyə çalışır. Belə ki, prezidentlərin keçirdiyi brifinqdə jurnalistlər Zelenskiyə qolundakı qolbağların mənasını soruşublar. O isə cavab verib ki, həmin qolbağları ona Donbasda həlak olan, həmçinin Rusiyada əsir saxlanılan ukraynalıları daim xatırlamaq üçün taxır. Ərdoğanın buna münasibəti isə bir qədər fərqli olub. Türkiyə prezidenti deyib ki, hər problemi yadda saxlamaq üçün bilərzik taxsa, qollarında yer qalmaz. Ərdoğan dünyanın gündəmində olan problemləri sadalayıb və bildirib ki, siyasətçilərin işi həmin problemləri birlikdə həll etməkdir.

Artıq Rusiya KİV-ləri dərhal Ərdoğanın bu açıqlamasını Türkiyə prezidentinin Zelenskini aşağılaması kimi qələmə verməyə başlayıblar. Bu məsələdə Ukraynadakı Rusiyayönlü müxalifət də fəallıq göstərib. Sosial şəbəkələrdə də geniş müzakirə olunan bu mövzu ilə bağlı artıq Rusiya telekanalları bir neçə veriliş hazırlayaraq, efirə veriblər və Kremlin təbliğatçıları olan aparıcılar Zelenskinin Türkiyəyə səfərini uğursuz, Ərdoğanın replikalarını isə Ukrayna prezidentinə vurulan “tərs sillə” kimi qələmə veriblər. Bu zaman hətta Zelenskinin prezident olmazdan xeyli əvvəl öz şousunda Ərdoğanı ələ saldığını da xatırladıblar.

Lakin Ukrayna KİV-ləri və əksər sosial şəbəkə istifadəçiləri Zelenskinin səfərinin uğurlu olduğu qənaətindədirlər. Səfərin diplomatik, iqtisadi, xüsusilə də müdafiə sənayesində əməkdaşlıq baxımından səmərəliliyilə yanaşı ən çox qabardılan məsələ R.T.Ərdoğanın son zamanlar Rusiya ilə yaxınlaşmasına rəğmən, açıq şəkildə Ukraynanın rəsmi Moskvayla qarşıdurmasında Kiyevin mövqeyini dəstəkləməsidir. Belə ki, Ərdoğan qətiyyən çəkinmədən Krımın Rusiya tərəfindən qanunsuz ilhaqını tanımadıqlarını bəyan edib. Zelenski isə ona daim cəsarətli mövqe göstərdiyinə görə təşəkkürünü bildirib.

Lakin nədənsə, Rusiya KİV-ləri əslində həmin görüşün ən vacib tərəfi olan məhz bu məsələni görməzdən gəlməyə çalışırlar.

“AzPolitika”