Kartlar bloklandı, əhali cərimələndi - “Azərsu” araşdırır

12:08 08-08-2019 395

Suraxanı rayonu Əmircan qəsəbəsi X.Bayramov küçəsində yaşayan gənc yazar Vəli Əfəndiyev burada illər əvvəl sakinlərin öz vəsaitləri hesabına çəkdikləri su xəttinə görə cərimələndiklərini, sayğac kartlarının bloklandığını bildirib.

Bu barədə Axar.az-a danışan V.Əfəndiyev qeyd edib ki, küçə sakinləri uzun illər bu problemdən əziyyət çəkib və çıxış yolu kimi vahid su xətti çəkiblər:

“Qonşularla su xətti çəkdirmişik və illərdir ki, yalnız yay aylarında həmin xətdən istifadə edərək, evlərimizə su daşıyırıq. Bu il isə evlərə su verilməsini bərpa ediblər. Əvəzində həmin xətti qanunsuz xətt kimi bağlatdırıb, bütün qonşuları cərimələyib, kartlarımızı bloklayıblar. Bu xətdən yay ayı ərzində istifadə edirdik, vedrələrlə evə su daşıyırdıq. Qışda evlərə su normal gəldiyindən buna ehtiyac olmurdu. Su idarəsindən dəfələrlə gəlib görüblər problemimizi. Bildirirdik ki, suyun təzyiqi olmadığı, evlərə su gəlmədiyi üçün bu xətdən istifadə edirik. Özləri də buna göz yumurdular. Düzdür, həmin krantın sayğacı yoxdur. Ancaq evlərimizə su gəlmədiyi halda da yay aylarında hər dəfə su pulu ödəmişik”.

Şikayətçi bildirib ki, indi bağlanan su xəttini qonşular öz vəsaitləri hesabına çəkdirib. Su idarəsinin həmin xətdən məlumatı olsa da, heç bir tədbir görməyib.

V.Əfəndiyev deyib ki, bu ildən etibarən su problemləri öz həllini tapıb. Bu səbəbdən də yay ərzində əvvəl istifadə etdikləri su xəttindən istifadə etməyiblər:

“Bu yay ərzində heç bir qonşu həmin su xəttindən istifadə etməyib. Evlərə normal su verildiyi üçün buna ehtiyac da qalmayıb. Ancaq indi Suraxanı rayon Su İdarəsi gəlib həmin xətdən istifadə edən sakinləri cərimələyib. İdarədən gəlib həmin xəttin və oradan ötən illər ərzində çəkilən rezin şlanqların şəklini çəkərək, “qanunsuz xəttiniz var” deyib cərimələyib, kartlarımızı bloklayıblar. Ancaq biz su idarəsinə izah edə bilmirik ki, qaçaq su xətti çəkməmişik”.

Mövzu ilə bağlı Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıl saytımıza açıqlamasında bildirib ki, məsələ araşdırıldıqdan sonra bu barədə məlumat veriləcək:

“Məsələ ilə bağlı Suraxanı rayon Su İdarəsinə müraciət etdik. Problem araşdırılacaq və ətraflı məlumat veriləcək”.