Şuşa işğal olunanda da “günahkar” ağdamlılar idi...

11:14 23-07-2019 43

Qarabağın açarı - Ağdam

Təsadüfən bircə damı yanan ev yiyəsi illər uzunu özünə gələ bilmir. Minlərlə evi olan Ağdam isə 15 il əvvəl pərən-pərən düşmüş könüllü döyüşçülərin, 15 ildən sonra isə Qafqazın ən qüdrətli ordusunun və 180 minlik ağdamlının gözünün qarşısında tüstülənir. Doğma şəhərin 15 il yanıb tüstülənməsini müşahidə eləmək hər adamın götürə biləcəyi yük deyil. Bizsə bu yükü götürdük – kaş götürməyəydik...

***

Şuşa Qarabağın baş tacı, Ağdam vuran qolu, qarabağlıların ümid yeri, istinad nöqtəsiydi.

Xankəndinin özündə də ermənilər yalnız ağdamlılardan çəkinirdilər. Çünki tək bircə azərbaycanlı uşağın xətrinə dəymək kifayət idi ki, Ağdam ayağa qalxsın. Ağdamlıların ayağa qalxması isə ermənilər üçün çox acı nəticələnirdi...

Dağlıq Qarabağda erməni separatçılığı başlayanda və azərbaycanlılar qətlə yetiriləndə bütün gözlər Ağdamdaydı. Hamı az qala eyni sualı verirdi: Bəs, Ağdam nəyi gözləyir? Xocalı faciəsi baş verəndə, Şuşa işğal olunanda günahkarlar sırasında ağdamlıların da adı çəkilirdi: Ağdam bu faciəyə necə dözür?

Bizim təsəvvürümüzdə Ağdam və ağdamlılar məhz qisas alan kimi qalmışdılar. Uman yerdən küsülər deyə, Qarabağ faciələrində ən çox ağdamlılardan inciyirdilər. Çünki sözün həqiqi mənasında Qarabağa gedən bütün yollar Ağdamdan keçirdi. Yevlaxla Naxçıvan, Ağdərəylə Füzuli Ağdamda birləşirdi. Çünki sözün məcazi mənasında Qarabağa getməyin bir yolu vardı – AĞDAM!

Ağdamsız Qarabağın alınmasından söhbət gedə bilməzdi...

***

Ağdamlılar kütləvi halda cəmi bircə dəfə qalxdılar – çılpaq yumruqlarına arxalanan dəliqanlılar ermənilərə dərs vermək üçün yola çıxdılar. Ancaq bu yol başa varmadı. Önlərinə atılan ləçəyi tapdayıb keçməyi özlərinə sığışdırmadılar – durdular, dayandılar, hikkələrini boğdular, geri çəkildilər...

Görəsən, o ləçək önlərinə atılmasaydı ağdamlılar piyada Xankəndinə qədər gedəcəkdilərmi? Gedə bilsəydilər, Qarabağın taleyini dəyişəcəkdilərmi?

***

Ağdam azərbaycanlılar üçün qeyri-rəsmi olaraq Qarabağın baş kəndi statusundaydı. Üzeyir Hacıbəyovun adını daşıyan Ağdam musiqi texnikumuna Azərbaycanın hər yerindən təhsil alamağa gəlirdilər. Ağdam milli musiqinin, milli ədəbi düşüncənin daşıyıcılarından sayılırdı. Təkcə ona görə yox ki, Abdal Gülablı Aşıq Valehdən başlanan yol Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Xudu Məmmədovla böyümüş, şaxələnmiş, dünyaya yayılmışdı. Heç Şövkət Ələkbərova, Sara Qədimova, Arif Babayev, Ramiz Quliyev, Qədir Rüstəmov, Səxavət Məmmədov, gitaraçı Rəmiş kimi qeyri-adi səsə və ifaya malik sənətkarlar yetişdirdiyinə görə də yox! Həm də ona görə ki, Ağdamın xəmiri milli musiqiylə yoğurulmuşdu.

Ağdam Azərbaycanın «Qarabağ üvertürasıydı» - əzəməti, vüqarı, qüruru, mənliyi, lovğalığıyla.

***

Ağdam rayonu əhalisinə görə Azərbaycanın ən böyük rayonlarından biriydi. Rayonun bir-birindən mərd, bir-birindən gözəl kəndləri çiyin-çiyinə sıralanmışdılar. Ağdam tarixi abidələrlə zəngin diyarlarımızdan biri sayılırdı. Burda 27 tarixi abidə, o cümlədən Xaçıntürbətli kəndində 1314-cü ilə aid Qutlu Musa oğlu türbəsi, Kəngərli kəndində 14-cü əsrə, Papravənd kəndində isə 17-18-ci əsrlərə aid 2 türbə, qədim məscidlər vardı. *** Ağdam əhalisinin sayı statistik göstəricilərə görə, 158 min nəfər, Dağlıq Qarabağın bütövlükdə əhalisi isə 137 min civarındaydı. Ağdamlıların Qarabağın sahibi olduqlarını anlamaq üçün elə bu fakt kifayətdi...
Ermənilər yaxşı dərk eləyirdilər ki, nə qədər ki, Ağdam var, Qarabağa sahiblənməkdən söhbət gedə bilməz. Ona görə də nə yolla olursa-olsun, Ağdamı ələ keçirmək istəyirdilər. Rəsmi məlumatlarda ermənilərin Ağdam üzərinə 1993-cü ilin iyulun 22-də hücuma keçdiyi bildirilir. İyulun 23-də Ağdam artıq ermənilərin işğalı altındaydı. İnanılmaz məğlubiyyət idi. Ağdamın adı gələndə tir-tir əsən ermənilər uzun illər ürəklərində gəzdirdikləri arzularına çatdılar: Qarabağın açarı olan Ağdam şəhərini ələ keçirdilər. Ağdam Qarabağ savaşında ən çox itki verən rayon hesab olunur. Qarabağ, Ağdam uğrunda döyüşənlərin hamısı Azərbaycanın, Ağdamın ən qeyrətli oğullarıydı.

***

Rəsmi olaraq 17 nəfər milli qəhrəman, qeyri-rəsmi yüzlərlə qorxmaz, özünü tankın-topun altına atan, Vətən uğrunda “uf “demədən canından keçən oğullar yetişdirən bir rayon heç vaxt torpağını qoyub gəlməzdi. Amma belə olmadı.

***

Ağdamlılar biz düşündüyümüzdən də cəsarətliymiş. Düşünürdük ki, uşaqlar, qocalar və qadınlar döyüş bölgəsindən uzaqlaşmalıydı, dəliqanlılar isə irəli atılmalıydı. Ancaq Ağdamlı qızlar döyüşün ən qızğın vaxtında belə Ağdamı yiyəsiz qoymayıblar. Sonuncu olaraq Ağdamı tərk eləyənlər də telefonçu qızlar imiş...

***

Dörd tərəfdən erməni əhatəsində olan Xocalı Ağdamın, Şuşanın həyanı, dayağıydı. Erməni-rus hərbi birləşmələri Şuşanı, Ağdamı geri oturtmaq istəyəndə birinci Xocalıdan cavab alırdılar – bu şəhər dərhal lokal savaşa atılıb işğalçıları itkiyə məruz qoyurdu. Xocalı aylarla mühasirədə qaldı və nəhayət, ermənilər bu şəhərin əhalisinə qarşı dəhşətli qırğın törətdilər. Həmin ərəfədə isə Şuşadan, Ağdamdan haraya gələn olmadı. Ermənilər Xocalını büsbütün məhv eləyəndən sonra birinci Şuşanı, sonra isə Ağdamı tutdular. Bütün Qarabağın açarı olan Ağdam Qarabağı yox, özünü belə qoruya bilmədi – ermənilər Ağdamdan sonra cəmi iki aya dörd rayonu da ələ keçirdilər.

***

1993-cü il iyulun 23-də Ağdam rayonu işğal olundu və Azərbaycan rəhbərliyinin müraciəti ilə BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərdən erməni hərbi birləşmələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasıyla bağlı üçüncü – 853 saylı qətnaməni qəbul etdi. Ermənilər nəinki 853-cünü, bu qətnamədən sonra çıxarılan qətnaməni də icra etmədilər.

...2006-cı ilin iyun-iyul aylarında ermənilər Ağdam və digər işğal altında olan şəhər və kəndlərimizə od vurdular, tüstüsü Avropa Şurasından gəldi. Avropa Şurası Parlament Assambleyası hadisəni pislədi, erməniləri bu işdən çəkinməyə çağırdı və ermənilər işğal olunmuş yaşayış məntəqəlrində bu müraciətdən sonra daha böyük yanğınlar törətməyə başladılar...

***

Ağdamlılar Ağdam şəhəriylə qürurlanıblar. Ağdam onların qürur, güvənc yeri, kişilik, mərdlik ocağı sayılıb və özlərini Ağdamsız təsəvvür belə eləməyiblər. Ağdamlılardan kimsəni yolda dilənən, özünü sındırıb ona-buna əl açan görən olmayıb. Əksinə, var-dövlətləri, bacarıqları, istedadları ilə ad çıxaran ağdamlılar həmişə əl tutublar, dada yetiblər. Ancaq indi hamıya əl tutan, ümid paylayan Ağdam ümidsizlik içində qovrulur...

***

Bir neçə gün öncə maraqlı bir müqayisə gəldi ağlıma. Qarabağ müharibəsində 20 mindən çox şəhid vermişik, bir o qədər də müharibə əlili olan gəncimiz var. 1994-cü il mayın 12-dən sonra – yəni atəşkəsdən üzü bəri keçən müddət ərzində isə avtomobil qəzaları, qətl və qarətlər, Rusiyada skinhedlərin millətçilik azarına tuş gələrək ölən azərbaycanlıların sayını müəyyənləşdirmək üçün statistik rəqəmləri araşdırdım və alınan rəqəmdən dəhşətə gəldim - 65 min nəfərdən bir qədər artıq! Yəni müharibədə itirdiklərimizdən üç dəfə çox! Belə çıxır ki, gənclərin həyatını qorumaq üçün atəşkəsə getsək də, ölüm biz nəslin alnına yazılıbmış – müharibədə ölmədik, amma təsadüf nəticəsində həyatımızı itiririk. Alın yazısından qaçmaq olmur! Ölüm Haqq işidir! Və əgər mənim alnıma ölüm yazılıbsa, istər müharibə olsun, istər olmasın, onsuz da öləcəyəm! Müharibə dəhşətlərindən, müharibənin vurduğu ziyanlardan da tez-tez danışırıq. Əgər Tanrı o ziyanları bir millətə yazıbsa, müharibə olmasa belə, daşqınlar, zəlzələlər, təbii fəlakətlər göndərəcək. İndoneziya sahillərində 275 min adam bircə okean dalğasının qurbanı oldu, min hektarlarla sahəni müharibə yox, təbii fəlakət dağıtdı. Bu faktları torpaqlarımızı müharibə yoluyla azad etməyə tərəfdar olmayanların diqqətinə çatdırmaq istədim...

***

Erməni siyasiləri Azərbaycanın iqtisadi baxımdan güclənməsini «Ermənistanın məhvi» hesab eləyirlər. Düz fikirləşirlər.

Ermənilər işğal altında olan ərazilərimizi yandırırlar. Çünki bu torpağın onların olmadığını və gec-tez yerin sahiblərinin gələcəyini də yaxşı bilirlər. Düz fikirləşirlər.

Ermənilər Azərbaycanın təkcə orduya ayırdığı vəsaitin Ermənistanın bütövlükdə dövlət büdcəsi səviyyəsində olmasından narahatdırlar. Yenə düz fikirləşirlər.

Ermənilər müharibənin başlamayacağından əminliklə danışmaqla özlərini ovudurlar. Bax, burda səhv edirlər. Çünki torpaq bizim haqqımızdı. Biz ermənilərin yandırdığı torpaqları qanımızla söndürəcəyik! Buna gücümüz, qüdrətimiz, cəsarətimiz var...

Qarabağa yol Ağdamdan keçir. Dağlıq Qarabağ düyünü Ağdamda çözülür.

Qarabağın açarını – Ağdamı qaytarmaq zamanıdır.

Və Ağdam ona görə azad olunacaq ki, bu dəfə Azərbaycan döyüşəcək...