Vətəndaşlarla “Sipark” inşaat tikinti şirkəti arasında qalmaqal: “300 min manat kompensasiya istəyir”

16:56 22-07-2019 53
Yenilik.az xəbər verir ki.  Məlum olduğu kimi, Bakının müxtəlif rayonlarında müvəqqəti yaşayış üçün nəzərdə tutulan, istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında, o cümlədən, yararsız olan fərdi yaşayış evlərində yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülməsi prosesi gedir. Müxtəlif özəl tikinti şirkətləri pilot layihə çərçivəsində bu binaları sökərək, yerində müasir tələblərə cavab verən çoxmərtəbəli binalar tikir, həm köçürülən sakinləri mənzillə təmin edir, həm də qalan mənzillər satışa çıxarılır. 

Lakin bu işlərin aparılmasında vətəndaşlarla tikinti şirkəti arasında bəzən anlaşılmazlıq və müəyyən çətinliklər yaranır.Tərəflər arasında yaranan problemlər tikinti işlərinin ləngiməsinə və binanın gec təhvil verilməsinə də səbəb olur.

Bu problemlərdən biri də Möhsün Sənani və Mirəli Qaşqay küçəsinin kəsişməsində inşa ediləcək çoxmərtəbəli binanın tikintisində yaranıb. Məlumat üçün bildirək ki, burada məskunlaşan 54 ailə ilə “Sipark” inşaat tərəfindən kirayə mənzillərə köçürülüb. Lakin bir ailə şirkətin onlara təklif etdiyi kompensasiya ilə razılaşmadığından işlərin ləngiməsi ilə nəticələnib. Binanın isə 2019-cu ilin ilk yarısında təhvil verilməsi nəzərdə tutulub.

Ötən gün şirkətin təklifi ilə razılaşan sakinlərin bir qismi tikinti aparılan ərazidə toplaşaraq, “Sipark” inşaatın nümayəndələri ilə danışıq aparıblar. Onların əsas məqsədi binanın tezliklə inşa edilib, yeni mənzillə təmin olunmalarıdır. Ancaq qonşuları Asif Həsənovun şirkətlə heç cürə razılaşmaması onların işlərini də axsadıb. Həmin sakinin evi şirkətin inşaat aparacağı ərazisinə düşdüyü üçün iş aparmaq mümkün deyil. 

Ərazidə olduğumuz zaman sakinlər qonşuları Asif Həsənovdan gileyləndilər. Onlar bildirdilər ki, A.Həsənov 56 kvadratmetrlik evi üçün 300 min manat tələb edir: “Heç yerdə indiyədək bu cür kompensasiya verildiyini eşitməmişik. Burada bütün sakinlərin mənzilləri qaydalar çərçivəsində ölçüldü və mənzillərin kvdratmetrindən əlavə 20 faiz verildi. Hamımız bir nəfər kimi razılaşdıq. Şirkət bizimlə müqavilə imzalayıb, kirayə mənzillərə köçürdü. Hər ay vaxtı-vaxtında aylıq kirayə pullarını verirlər. Hətta özləri yük maşınları tutub, əşyalarımızı daşıdılar. Heç bir narazılığımız yoxdur. Lakin biz bir qonşuya görə binanın gec təhvil veriləcəyindən narahatıq. Burada heç kim heç kimdən artıq deyil. A. Həsənov mənzili üçün 300 min manat pul tələb edir. Şirkət isə heç zaman bu vəsaiti ödməyəcəyini deyir”.

Sakinlər bildirdilər ki, A.Həsənova həmin məbləğ veriləcəyi halda onlara da eyni kompensasiya verilməsini tələb edəcəklər: “Əgər Asifə mənzilindən iki dəfə artıq kompensasiya verəcəklərsə, biz də tələb edəcəyik. Şəhərin mərkəzi yerlərində iki mənzil tələb edir. Bir sakinə görə bu qədər adam niyə əziyyət çəkməlidir? O da bizim kimi razılaşsın, kirayəyə köçsün, yeni bina hazır olandan sonra da oraya köçər”.

Sakinlərin narazılığı və tələbi ilə Asif Həsənov və həyat yoldaşı Almas Həsənova əraziyə gəldi.Şirkət nümayəndələri və narazı sakinlərlə uzun sürən mübahisədən sonra Asif Həsənov şirkətlə heç vaxt razılaşmayacağını bildirdi: “Mülk mənimdir, özüm bilərəm.

Əvvəllər iki mənzil verirdilər, indi ona da razı deyiləm. Bizim üçün bu ev villadır. Mən evimin qiyməti 1 milyon manatdır. Bu ərazini qeyri-yaşayış sahəsi kimi istifadə edirəm. Vəssalam”.

Tikinti şirkətinin rəsmisi Rizvan Abdullayev musavat.com-a bildirdi ki, Asif Həsənovun şikayət etdiyi bütün məhkəmələr şirkətin xeyrinə qərar verib: “Həmin vətəndaş Nərimanov Rayon Məhkəməsinə, Bakı Appelyasya Məhməkəməsinə və Ali Məhkəməyə qədər şikayət edib. Lakin şikayətinin əsassız olduğu bildirilib. Asif müəllimin tələbi çox böyükdür. Qonşular da bildirdilər ki, onun tələbi 300-350 min manatdır. Biz şirkət olaraq pilot layihə çərçivəsində əhalini köçürüb, həmin evlərin yerində yeni bina tikib, həmin sakinləri yeni mənzillə təmin edirik. Bu da heç bir şirkət adamının maddi imkanları daxilində deyil. Bizim məqsədimiz istismara yararsız binaları, köhnə, alçaqdamlı evləri söküb, yerində gözoxşayacaq bina inşa etməkdir. Burada həm şəhərimiz daha da gözəlləşir, həm də sakinlər yeni mənzillərdə rahat şəraitdə yaşayırlar. Biz 54 sakinə təklif etdiyimiz kompensasiyanı Asif Həsənova da təklif etdik. Lakin hamı razılaşdı, bir ondan savayı... Bu gün də həmin vətəndaşın mənzilini ölçdük. Əlavə olaraq 20 faiz də kompensasiya verəcəyimizi dedik. Lakin A.Həsənov bununla razılaşmır. Həm bizi, həm də digər sakinlərin narahat edir”.

Sonda onu da qeyd edək ki, şirkət 2016-cı ildə Nərimanov rayon İcra Hakimiyyətinin sifarişi ilə Möhsün Sənani və Mirəli Qaşqay küçəsinin kəsişməsində, 5 girişli, 16 mərtəbəli binanın tikintisinə başlayıb. Sosial layihə olan bu kompleksin tikintisi ilə bağlı ərazidə yaşayan 125 nəfər sakin kirayə mənzillərə köçürülüb. 2019-cu ilin ilk yarısında həmin sakinlər bu binadan təmirli mənzillərlə təmin olunacaqlar. /musavat.com/

 

milletinsesi.info