Bakıda qiymətlər bölgələrdən iki dəfə bahadır - Ekspert

11:53 16-07-2019 39

Mövsüm dövrü olmasına rəğmən bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olaraq qalmaqdadır.

Xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov qeyd edib. O hazırda bazarda kənd təsərrüfatı məhsullarında müşahidə olunan bahalığın səbəbini izah edib:

“İstehlak bazarının monitorinqi göstərir ki, daxili bazara çıxarılan yerli kənd təsərrüfatı məhsullarının həcmi mövsüm dövründə gözləniləndən azdır. Əvvəlla, yaz aylarındakı iqlim şəraiti səbəbindən məhsul istehsalı proqnozlaşdırılandan daha az olub. İkincisi, baryerlərə baxmayaraq, Rusiya bazarı hələ də cəlbedicidir. Bununla belə, monitorinqlər göstərir ki, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən 2 dəfəyə qədər fərq var. Bakıda məhsulları daha baha təklif edirlər”.

İqtisadçının sözlərinə görə, qiymətlərin optimallaşdırılması üçün əvvəlcə məhsul istehsalının ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla regional paylaşdırılmasına nail olmaq lazımdır:

“Bəzən il ərzində bir sıra kənd təsərrüfatı məhsullarından daha çox, digərlərindən isə az istehsal olunur. Bu da qiymətlərə birbaşa təsir göstərir. Yeni təsdiq edilmiş subsidiya mexanizmi bu optimallaşmanın həyata keçirilməsinə şərait yaradır. İkincisi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları paytaxtda daha çox fermer bazarlarının yaradılmasına nail olmalıdır. Bu fermerlərin öz məhsullarını birbaşa təklif etməsinə imkan yarada bilər. “Kənddən şəhərə” layihəsinin genişləndirilməsi daha məqsədəuyğundur.

Üçüncüsü, paytaxt bazarlarına fermerlərin daxil olmasındakı bütün baryerlər aradan qaldırılmalıdır ki, rəqabətə nail olmaq mümkün olsun. Nəhayət, tələbin ödənilməsində çətinlik olan hallarda idxalın mövsümü təşviqi həyata keçirilməlidir”.