Satanist Daşanın Bakıda çağırdığı ruh nələr dedi?

11:39 12-07-2019 56

Daşanı uzun müddət tanıdığıma baxmayaraq, bu vəziyyətdə ilk dəfə idi görürdüm. Hər zaman mənə qarşı təmkini və səbri ilə seçilən dostumun gözündə bütün kainata nifrət sezilirdi. Onun bərkdən qışqırmağı məni özümdən çıxartmırdı, əksinə, hayqırtısında əsl həqiqət olduğunu tam dərk edirdim. Daşa isə dayanmadan qışqırırdı: “Lənətlənmisiniz! Zavallılar, lənətlisiniz! Məndən nə istəyirsiniz?! Bu lənəti özünüz qazanmısınız! Özünüz günahkarsınız! Yalnız özünüz...”

Əvvəli burada

...Mən vaxtı ilə başıma gələn qeyri-adi, paranormal hadisənin nəqlini kəsərək, yavaş-yavaş qapıya doğru addımladım. Daşa bütün olanları tam sakit izləyirdi. Onun bu sakitliyi heç bir təhlükənin olmamasına işarət idi. Sakit səslə soruşdum:

- Kimdir?

Tatyananın şən səsi qapının arxasından “Sürpriz!”- deyə səsləndi. Deyinə-deyinə qapını açdım:

- Tanya, bilirsən axı, sürprizləri heç sevmirəm!

Tatyana qızı Lena ilə gəlmişdi, hər ikisi sevincdən işıq saçırdı. Tanyanın əlində dəmir nimçədə rusların xüsusi qonaqlar üçün bişirdikləri iri piroq vardı. Lenanın əlində tutduğu iri bağlamaya baxıb maraqla soruşdum:

- Tatyana, gecənin bu vaxtı bu nə məsələdir? - Sonra Daşaya tərəf çevirilib dilləndim: - Dur, qonaqlarını qarşıla, onlar sənə azərbaycansayağı sovqat gətiriblər.

Daşa təbəssümlə Tatyanayla qızını evə dəvət etdi. Mən isə maraqlı söhbətimin yarımçıq qalmasından və məni maraqlandıran suallara Daşanın cavab verməsinin gecikməsindən narahat halda üz-gözümü turşudub, otaqda var-gəl eləməyə başladım. Tatyanayla qızı Daşayla şirin-şirin söhbət etdiyi zaman beynimdə İqbalın planlarını canlandırmağa çalışırdım. Psixologiyada manyak, psixopat və dəli insanlarla bağlı xüsusi araşdırma gedişatı var, “onun yerinə olsaydınız, nə edərdiniz?” prinsipi. Mən bir anlıq özümü İqbalın yerində təsəvvür edərək, növbəti addımları çözməyə çalışırdım.

Bütün cəhdlərimə baxmayaraq, beynimə heç bir fikir gəlmirdi. Görünür, mən nifrət etdiyim insanların yerində olmağa alışmamışam! Odur ki, yenə də Daşanın köməyinə ehtiyacım olacağını düşündüm.

Daşa hərdən mənə tərəf mənalı-mənalı baxaraq, sanki “narahat olma, danışarıq” deyirdi. Onun rahat nəzərləri məni sakitləşdirməyə başladı.

İqbalın dinləyici qurğunu evimə yerləşdirməyi barədə düşünürdüm. Evimin yerini bilsə də, İqbal heç bir zaman qaldığım məkana təşrif buyurmamışdı - hər halda, mən evdə olduğum müddətdə... Evdən otağa giriş yalnız birinci mərtəbənin eyvan qapısından mümkün idi ki, mən “təhlükəsizlik tədbirləri” üçün tədarük görməyə başladım. Səssiz-səmirsiz evdə boş süşələri toplamağa çalışdım; cəmi bir neçə dəqiqə içərisində onları iplə bir-birlərinə bərk-bərk sarıyaraq, eyvan boyunca məhəccərdən asdım. Əmin idim: belədə evə eyvandan daxil olan “çağırılmayan qonaq” ən azından səs salaraq, ya geri çəkiləcək, ya da evdəkiləri oyatmış olacaq ki, bu minvalla da təhlükə sovuşmuş olacaq!

Daşa mənə bu təşəbbüsdə dəstək verdi, şüşə qabları toplamaqda da yardım etdi. Mən hərdən bizə maraqla baxan Tanya ilə qızını atmacalarımla atəşə tutumaqdan da geri qalmırdım:

- Bilirəm, Daşa, bu cür pay-pürüş gətirmək sizdə rüşvət sayılır, bizdə sovqat! Yerlilərin bizim adət-ənənələrə tam alışıb! Bir az da bizimlə qalsan, bütün insanlara xeyriyyəçiliyə başlayacaqsan!

Daşa cavab vermədən sözlərimi təbəssümlə qarşılayırdı. Tatyananın şüşələri eyvanıma bağlama prosesinə maraqla baxdığını görərək, aydınlıq gətirməyə çalışdım:

- Əvvəllər bu cür səs-küy effektləri yaradan primitiv üsulu çöldə- biyabanda, əkində-biçində həşaratlara, qurdlara-quşlara qarşı həyata keçirirdilər. Həə, əzizim Tanya, indi vəziyyət elə gətirib ki, bu prosesi biz şəhər mühitində ikiayaqlı həşəratlara və vəhşilərə qarşı tədbir vasitəsi kimi seçmək məcburiyyətindəyik!

Tanya sözlərimi tam anlamasa da, gülümsəməyə cəhd etdi. Bu arada Lena gətirdiyi iri bağlamadan böyük ağ ayı çıxararaq, onu Daşaya uzatdı. Anası açıqlama gətirdi:

- Bu onun ən sevimli oyuncağıdır! Dedi ki, Daşaya hədiyyə etmək istəyir!

Daşa ayını əllərinə alıb, maraqla nəzər saldı. Sonra bərk-bərk Lenanı bağrına basaraq, titrəyən səslə:

- Çox sağ ol, əzizim! Mən sənə minnətdaram, - dedi. Daha sonra əlavə etdi: - Bilirsənmi, mən uşaqlıqda hər zaman bu cür ayı oyuncağımın olmasını arzulamışam, amma...

Daşa sözlərini tamamlaya bilmədi. Onun sözlərinin qırılmasından, səsinin titrəməsindən ürəyində ağladığını açıq- aydın hiss edirdim. Kənarda sakit dayanaraq bu mənzərəni müşahidə etmək mənə ağrılı idi. Yaxınlaşıb Daşanı bağrıma basdım:

- Hər şey yaxşı olacaq, dostum! Biz səninlə bütün çətinlikləri dəf edəcəyik, - dedim...

...Tatyana ilə qızı bizimlə sağollaşıb gedən kimi Daşanın əlindən tutub masanın arxasında əyləşdirdim:

- Qulaq as, söhbətimiz yarımçıq qaldı. Bayaq dedin ki, biz məktəb zirzəmisində həqiqətən də dünyasını dəyişmiş oğlanın ruhunu çağıra bilmişik!

Daşa yorğun-yorğun dəniz gözlərini gözlərimə sancdı:

- Bəli! Amma bu işi peşəkarlıqla deyil, naşı uşaq ağlınızla icra etdiyiniz üçün onun gəlişindən xəbəriniz olmayıb. Üstəgəl, siz ruhu geri qaytarmamısınız ki, bu da böyük bir günah, səhv və qaçılmaz fəlakətlərə yol açıb!

- Nə??? Necə yəni geri qaytarmamışıq?! - Mən Daşanın sözlərindən az qala dəli olacaqdım! - Yəni onu geri qaytarmaq da lazım imiş?!

Daşa təmkinlə cavab verdi:

- Əlbəttə, çağırılan qonaq məgər geri dönməli deyil? Siz onu çağırmısınız, bilməli idiniz ki, nakam ruhlar amansız olur və onlar şirin həyatın dadını tam çıxartmadıqları üçün istədikləri insanı özləri ilə aparmaq qabiliyyətinə malikdirlər!

Mən bu sözlərdən sonra sözün əsl mənasında titrəməyə başladım. Həqiqətən də ruhu çağıran dörd qızdan yalnız ikimiz sağ idik! Bizi ruhçağırma ayininə qoşan rəfiqəmiz Sima məktəbi bitirər- bitirməz öz yaxın qohumlarından olan oğlan ilə nişanlandı, qısa müddətdə ailə quraraq, Dərbəndə köçdü. Bir il sonra isə onun doğuş zamanı dünyasını dəyişdiyi xəbərini eşitdik. Bədbəxt hadisədə həkimlər doğulacaq körpəni də xilas edə bilməyiblərmiş!

İçərimizdə ən savadlı olan Elnurə yüksək bal ilə Xarici Dillər Universitetinə qəbul olundu. Hər tətildə Moskvadan Bakıya gəldikdə fürsət taparaq, Elnurə ilə görüşür, ondan dost-tanışla bağlı xəbərlər alırdım. İkinci kursun sonunda Bakıya gələr- gəlməz, ənənəyə uyğun olaraq, Elnurəyə zəng etdim. Əl telefonu bağlı olduğundan, əzbər bildiyim ev telefonlarına zəng etdim. Telefon dəstəyini götürən yorğun, batıq qadın səsini tanıya bilmədim; üstəgəl, ətrafda tükürpədici ağlaşma, qışqırıq və fəryad səsi məni vahimələndirdi. Bu ab-havanın soyuqluğundan üşüyərək titrək səslə soruşdum:

- Elnurəni olar?

Dəstəyi götürən qadın bir qədər susaraq, həyatdan bezmiş soyuqqanlılıqla cavab verdi:

- Elnurə rəhmətə gedib, bu gün qırxıdır...

Açığı, o zaman nə cür hərəkət etdiymi xatırlamıram. Bir o yadımdadır ki, özümü hardasa yarım saatdan sonra Elnurəgilin həyətlərində “tapdım”. Bura qaça-qovla gələn qız sanki mən deyildim! Yerimdə donub qaldım, daha sonra hansı addım atacağımı bilmirdim. Həyətdə çadır qurulmuşdu. Ayaqlarım yerə mıxlanmışdı; elə bil, bir böyük qara qüvvə məni çiyinlərimdən sıxaraq, yerə pərçimləmişdi. Qüvvəmi toplayaraq, çadıra daxil oldum. İçəridə əyləşənlərə, mollaya, gələnlərin qulluğunda dayanan qadınlara baxmadan, çadırın baş hissəsindəki divara zilləndim; Elnurənin qara çərçivədə olan böyüdülmüş şəkli gözlərimin önündə əriməyə, yox olmağa, bitməyə başladı...

Ayılanda özümü artıq Elnurəgildə, anasının yanında gördüm. Sən demə, bərk sarsıldığımdan ürəyim gedibmiş və məni təcili olaraq rəfiqəmin evinə qaldırıblar.

Məlum oldu ki, Elnurə ikinci kursu da uğurla başa vurduğundan bu hadisəni təmtəraqla qeyd etmək niyyəti ilə öz tələbə yoldaşları ilə dağ rayonlarından birinə ekskursiyaya yollanıb. Üç günlük səyahət bitdikdən sonra geri qayıdarkən yolda Elnurəgilin gəldiyi avtobusla “Kamaz” toqquşub. Qəzadan bir çoxları xəsarət alaraq çıxa bilsə də, qəfil zərbədən başı qabaq oturacağın arxa dəmirinə çırpılan Elnurənin boynu elə anındaca sınıbmış! Zavallı qızcığaz yerindəcə keçinibmiş!..

Mən bütün olanları Daşaya ağlaya-ağlaya nəql edirdim. Həqiqətən də dörd qızdan yalnız ikimiz sağ idik və kim bilir ki, bizim aqibətimiz hansı sonluqla bitəcəkdi?!

Daşa siqaret yandıraraq, diqqətlə məni dinləyirdi. Üz-gözündən və külqabındakı siqaret kötüklərini barmaqları ilə bərk-bərk sıxaraq söndürməyindən çox əsəbiləşdiyini hiss edirdim.

Mən Daşadan bu dəhşətdən qurtarmağın yolunu xəbər aldım. O, dərindən ah çəkərək, əlindəki az qala sönməkdə olan siqaret kötüyünü hirslə külqabıya sıxdı:

- Bilmədiyiniz bir işi həyata keçirəndə məsləhət etməli idiniz! Bu gənc oğlanın ruhu sizdən əl çəkmir.

Mən təlaş içində idim:

- Axı necə etmək olar ki, ondan qurtulaq?

Qız xeyli düşünərək cavab verdi:

- Öncə onun ruhuna dualar oxunmalıdır. Ruhu rahat deyil. Bu oğlan dünyasını dəyişəndə ailəsindən küskün və narazı qalıb.

Daşanın sözlərini beynimdə incələməyə çalışdım. Həqiqətən də Teymur qan xərçəngindən vəfat edəndə Lalə qardaşının evdə ana-atasına yalvardığını, valideynlərindən onu lazımi həkimlərin yanına aparmağı xahiş etdiyini danışırdı. Lalə ağlaya-ağlaya onu da qeyd edirdi ki, Teymurun müalicəsi səhv getdiyindən, nəticədə ölümü daha da sürətlənibmiş...

Uşaqlıq yaddaşımda ilişib-qalan az-maz detal Daşanın həqiqəti dediyini açıq-aydın sübuta yetirirdi. Amma beynimdə qaranlıq qalan suallar mənə rahatlıq vermirdi:

- Teymurun ruhunu dörd qız çağırmışdıq. Əgər ruh həqiqətən onun çağırılmasından qəzəblənərək bizdən qisas alıbsa və iki rəfiqəmiz az müddətdə faciə ilə dünyasını dəyişiblərsə, mənimlə Lalənin aqibəti niyə fərqlidir? Ruh nəyi gözləyir?

Daşa bu dəfə dərhal cavab verdi. Şübhəsiz ki, hər zaman həyatımın keşiyində dayanan, iblisə səcdə edən dostum bu cür çətin vəziyyəti də öz işıq sürəti ilə çalışan beynində götür-qoy edibmiş:

- Teymurun ruhunu Sima çağırıb. Onun həyatı daha faciəli sonluqla bitib. Nisbətən jest etdiyi Elnurəyə isə ən böyük arzusu olan ali məktəbə qəbul olunmaq istəyinə çatmaq kimi şans verib. Laləylə bağlı onu deyə bilərəm ki, Lalə ailələrində ən çox istədiyi insan, doğma və sevimli, yeganə bacısıdır və qardaşının ruhu nə qədər amansız olsa da, ona toxunmaz. Sənə gəldikdə isə...

Daşa susdu. Onun susqunluğu az qala məni dəli edəcəkdi.

- Mənə gəldikdə isə nə? Sən nəyi demirsən Daşa? Danış!

Daşa yenidən bir siqaret yandırdı. Bu, bizim söhbətimiz boyunca onun çəkdiyi bəlkə də səkkizinci siqareti idi:

- Sənə gəlincə isə, əziz dostum... Teymurun ruhu hər zaman yanındadır...

- Nəəə?! Necə yəni yanımdadır?!

Mən dəli kimi ətrafa boylanmağa başladım.

Daşa məni sakitləşdirməyə çalışdı:

- Özünü incitmə, sən onu görə bilməyəcəksən. Onlar özlərini büruzə verməyi xoşlamırlar.

- Elə isə niyə yanımdadır? Nə istəyir məndən?

Daşa yenə də susdu. Hiss olunurdu ki, qız mənim mənəvi- psixoloji durumumu nəzərə alaraq, sanki vəziyyəti daha sadə sözlərlə anlatmaq üçün öz-özlüyündə uyğun ifadələr seçir.

Mən az qala ağlayaraq Daşaya bir daha sual etdim:

- O, məni öldürmək istəyir?

Daşa əminliklə, ciddi tərzdə dərhal cavab verdi:

- Yox, qətiyyən!

Bir qədər sakitləşən beynimdə növbəti sual canlandı:

- Elə isə niyə məhz mənim yanımdadır? O, Lalənin də yanında ola bilərdi!

Bu dəfə Daşa gözlərimin tam dərinliyinə boylanaraq, astadan, sanki kiminsə eşidəcəyindən ehtiyatlanırmış kimi birnəfəsə danışmağa başladı:

- Sən Teymurun ilk və son uşaqlıq sevgisisən. O, səni yalnız və yalnız qoruyur...

Bir anlıq düşüncələr alıb apardı məni: Hər zaman öz-özümlə dialoq qurduğum məqamlarda paranormal aləm, mistik sfera ilə həddindən artıq maraqlanaraq, qeyri-ixtiyari biosahəmə yad dünyanın məxluqlarını çəkdiyimi düşünürdüm və açığı, bu baxımdan hədsiz narahatlıq keçirir, hardasa məhz özümü günahkar hesab edirdim. Amma sən demə, həyatımızda sırf seçilən insanlar var ki, onların istək və maraqları nəzərə alınmır. Onlar sadəcə olaraq daha böyük qüvvələr tərəfindən seçilərək, ya idarə olunur, ya qorunur, ya da məhv edilirlər. Təbii ki, qarayla ağ, zülmətlə gecə olduğu kimi, xeyirlə şər də mövcuddur. Müsbət qüvvələrlə yanaşı, şər qüvvələr də var ki, zənnimcə, şər qüvvə Yer üzündə daha hakim mövqedədir. Hər zaman oxuduqlarımdan, öyrəndiklərimdən və gördüklərimdən nəticə çıxararaq, insan həyatının daha çox ağ, yoxsa qara rəng üzərində qurulduğunu ayırd etməyə çalışırdım. Məlum olurdu ki, insan öz həyatında sevincdən çox kədərlə qarşılaşır. Müqəddəs kitablarda Yaradanın “Sizə lənət göndərmirəm” kimi ifadəsini xatırladıqda isə lənətin insan həyatında sonradan qazanılma olduğunu da dərk edirdim. Təbii ki, insanın həyatında şər qüvvələr ciddi rol oynayır ki, müsbət qüvvələr isə çox zaman aciz olur və yeganə çıxış yolu: ya həyatlarının sonunda qarşı tərəfin cəzalanmasını istəyirlər, ya da bütün haqq-hesabı axirətə saxlamaq məcburiyyətində qalırlar.

Dediyim kimi, müsbət qüvvələr şər qədər güclü deyillər və onlar güclü, amansız və qəddar olduqları zaman elə şərlə bərabər səviyyəyə enirlər ki, bununla da Yaradanın qarşısında hörmət və izzətdən düşdüş olurlar. Əslində, Yaradan bizi sanki müşahidə edir; kim hansı həyat zərbəsinə necə və nə cür cavab verəcək deyə...

Bir çox insan qisas almaq, heyif çıxmaq hissi ilə alışıb yanır, sağ ikən öz qəlblərində şeytan üçün ocaq qalayır, digərləri isə səbirlə bütün olanların sonunu gözləyərək, hər bir məsələnin həllini məhz Allahın ixtiyarına buraxır. Yaradan isə bu həyatda zülm etmədiyi bəndələrini və digər dünyadan olan yaratdıqlarını axirətdə daha amansız və daha sərt cəza ilə qarşılayacağını vəd edir...

***

Daşanın növbəti paranormal qabiliyyəti ilə qarşılaşmışdım: dostum ruhlarla ünsiyyət saxlaya bilirmiş! Amma Daşa ruhlardan hardasa çəkinir, onlarla birbaşa təmasdan qaçırdı. Bu narahatlığını isə ona beynimə gələn növbəti ideyamı həyata keçirmək istəyimə qəti etiraz edən zaman aşkarladım.

Mən Daşadan İqbalın dünyasını dəyişmiş həyat yoldaşı ilə bağlı ruhçağırma prosesini həyata keçirməyini istədim. Daşa qəti şəkildə etiraz edirdi.

- Satanistlər ruhlarla birmənalı şəkildə yola getmirlər! Anla məni, bu mümkün deyil!

Mən ona az qala yalvarırdım:

- Daşa, sən mənim hansı təhlükədə olduğumu daha yaxşı anlayırsan! Axı sən istəməzsən ki, dostun tələf olsun!

Daşa tərəddüd içərisindəydi:

- Ruhlar aləminə baş vurmaq sənə o qədər də asan gəlməsin! Onlar bizi sevmirlər. Ola bilər ki, İqbalın ölmüş arvadının yerinə hansısa başqa bir ruh da gələ bilər. Ruhlar güclüdürlər. Nakam ruhlar daha amansızdırlar; özlərinin yerinə bu dünyaya elə məxlular yollaya bilərlər ki, mən belə bu vəziyyətin qarşısını ala bilmərəm! İncimə, amma bu işdə mən yoxam!

Başımı əllərimlə sıxıb evin bir küncündə oturdum. Daşa mənə kömək etmədiyi halda İqbalın dünyasını dəyişmiş həyat yoldaşı ilə bağlı heç bir informasiya əldə edə bilməyəcəyimi açıq- aşkar dərk edirdim. Niyyətim Daşanın vasitəsi ilə İqbalın öldürülmüş həyat yoldaşının ruhunu çağırmaq, yeni dəlillər toplamaq idi.

Dünyaya meydan oxuyan amerikalıların fikrincə, informasiyaya malik olmaq dünyanı idarə etmək deməkdir! Mən bu fikirlə tam razı idim!

İndi isə həyatımın ən çətin və dözülməz bir anını yaşayırdım. Çox güman ki, Daşa qəlbimdən keçənləri oxuyurdu və o, məndən də artıq əzab çəkirdi, amma nədənsə susurdu...

Nəhayət, on, on-beş dəqiqəlik sükutdan sonra Daşa dilləndi:

- Yaxşı, mən İqbalın arvadının ruhunu cağıracam!

Sevincimin həddi-hüdudu yox idi! O qədər sevinirdim ki! Daşanı bağrıma basmaq üçün onun üzərinə qaçdım!

- Sevinmə! Bu proses yalnız beş dəqiqə davam edəcək! Mənim onları bu həyatda daha çox saxlamağa ixtiyarım yoxdur və qüvvəm də çatmaz!

Mən Daşanın dedikləri ilə razılaşdım. Dostum mənə iri ağ kağız üzərində yarımqövs üzərində əlifba sırası ilə hərfləri yazmağı tapşırdı, sonra işlənməmiş iri iynə və ağ yumaq sapı istədi. Daşa özü ilə hər yerə apardığı çantasının içərisindən üç ağ şam çıxardı, onlara müəyyən dualar oxuyaraq, bir-bir yandırmağa başladı.

Mən bütün bu prosesi kənardan maraq və həyəcanla izləyirdim. Beynimdə “görəsən İqbalın öldürdüyü həyat yoldaşı gələcək?” deyə sual edirdim.

Hərflər yazılmış iri ağ kağızı masa üzərində açdıq və Daşa iynəni ağ sapla saplayaraq, yazılan kağızın tam ortasında tutdu, anlamadığım dildə ovsun oxumağa başladı. Bir qədər sonra qız bərkdən, özünə xas olmayan əzəmətli səslə səsləməyə başladı:

- İqbalın həyat yoldaşının ruhu, gəl! Gəl və gəlişin barədə xəbər ver!

Az keçmədi ki, Daşanın əlindəki iynə tərpənməyə, saplandığı ucu ilə sanki cilvələnərək, hərflərin üzərində var-gəl eləməyə başladı. Mən dərhal Daşanın əlinə diqqət yetirdim; qız qətiyyən tərpənmirdi! İlahi, deməli ruh artıq yanımızdadır!

Daşanın “Burdasan?” sualına iynə ucluğu iki hərfi göstərdi:

- H Ə

Daşa mənə tərəf döndü:

- O buradadır. Tez suallarını ver, zamanımız azdır!

Mən titrəyə-titrəyə ilk olaraq qeyri-ixtiyari ruhun evimizə xoş gəldiyini dedim. İynə hərflərin üzərində gəzdi:

- S A Ğ O L

- Adın?

Ruh bir qədər “düşünürdü” sanki. Dərhal cavab vermədi. Amma iynənin ucluğu sıra ilə dörd hərfi göstərdi: A R Z U

- Arzu, sən həqiqətən öldürülmüsən?

Sualım səslənər-səslənməz otaqda sanki qəfil külək əsdi: hardansa peyda olan soyuq hava toplusu masa üzərində yanan şamları alovunu titrətdi.

Daşa bərkdən ovsun oxumağa başladı, “külək” dayandı, ruhun “qəzəbi” soyudu.

Daşa mənə onu qəzəbləndirməməyi tövsiyə etdi:

- Sənin qəbrin haradadır indi?

Bu suala Arzu rərhal cavab verdi.

- H A C I QA B U L

- Sənin ailən varmı?

Tam sakitlik çökdü. Sanki ruhun ağlamağını, sızıldamasını hiss edirdim.

- V A R

- Haradadırlar?

- H A C I Q A B U L

Mən çox rahat idim. Çətini Hacıqabula çatmaq idi. Oradan artıq məlum məsələ ilə bağlı məlumat toplamaq su içmək qədər asan idi.

Növbəti sualım Arzunun qətl günü ilə bağlı olacaqdı ki, ruh sanki hiss edirmiş kimi yenidən evdə “burulğan” yaratdı.

Daşanın gözləri qəfil bərəlməyə, əlləri əsməyə başladı. O, ağzını açaraq eşidilməyəcək tərzdə “mənə kömək et” deyirdi. Mən Daşaya nə olduğunu anlamırdım. Su arxasınca qaçdım, bir göz qırpımında geri qayıtdım, Daşa hələ də boğulurdu. Qəfil Daşanın boynunda, boğazında göyərmiş incə barmaq izlərini gördüm; ruh Daşanı əməlli-başlı boğurdu.

- Yox Arzu, bunu etmə! Xahiş edirəm, dayan! O, yaxşı insandır, o, sənə, ailənə kömək etmək istəyir.

Beynimə gələn ilk görüntüdən Arzunun “sarı simi” saylan övladını xatırladım.

- Arzu, Daşa sənin oğluna kömək etmək istəyir!

Məhz bu sözdən sonra Daşa asta-asta nəfəs almağa başladı. Hiss etdim ki, ruh artıq qızdan əl çəkib.

Daşaya həyəcan içərisində baxırdım:

- Daşa, o hələ də buradadır?

Daşa boğazını tutaraq razılıq əlaməti olaraq başını yellədi.

- Onu dərhal geri qaytar!

Satanist qız ovsun oxudu; bu zaman şamlar daha gur alovlanır, sanki rəqs edirdilər.

Arzunu “yola saldıqdan” sonra Daşaya həqiqəti anladığımı etiraf etdim:

- Sən haqlı idin, nakam ruhlar mən düşündüyümdən də amansız imişlər!

Daşa bir fincan suyu birnəfəsə başına çəkdikdən sonra siqaret yandıraraq, qarşımda əyləşdi:

- Sən anlayırsan ki, mən indi ölə bilərdim?

- Daşa, mən buna yol verməzdim!

- Sənin iki rəfiqən həyatda yoxdur!

Daşa qışqırmağa başladı. Mən onun sözlərində həqiqət olduğunu anlayaraq, sözünü kəsmirdim:

- Ölmüş bir insanın həyatı, taleyi səncə, mən canlıdan daha üstünmü hesab edilməlidir?

- Daşa, Arzunun ailəsi bizə cinayətin açılmasına köməklik edə bilər! Biz hamımız İqbalın fitnəsindən yaxa qurtarmş olarıq!

Daşa bu sözlərimdən sonra daha da özündən çıxdı:

- Axı niyə anlamırsan? Bir İqbal gedəcək, onun yerinə İvan, Məmməd, Maykl, nə bilim, daha kim gələcək! Amma gələcək! Eyni təzdə, eyni düşüncədə və daha qəddar biri gələcək!

Mən çarəsizlik içərisində az qala ağlayacaqdım. Daşanın sözlərində hər zaman həqiqət közərirdi. Ruhçağırmadan sonra rəfiqələrimin ard-arda faciəvi ölümləri, sonra özümün Moskvada zəhərlənməyim və Daşa tərəfindən xilas edilməyim, satanistlərlə və İqbal ilə davam edən ciddi, təhlükəli münaqişələrim mənə dostumun haqlı olduğunu deyirdi. Amma yenə də beynimdə onun acı həqiqətinə qarşı dayanmaq keçirdi:

- Axı nə üçün? Nə etmişik biz insanlar? Günahımız nədir? Sən istəsən, kömək edə bilərsən, Daşa!

Mən ağlayırdım.

Daşa özündən çıxdı. Onun səsi gecənin səssiz qaranlığında bəlkə də bütün yaşayış binasını bürümüşdü. Dostumu uzun müddət tanıdığıma baxmayaraq, bu vəziyyətdə ilk dəfə idi görürdüm. Hər zaman mənə qarşı təmkini və səbri ilə seçilən qızın gözündə bütün kainata nifrət sezilirdi. Onun bərkdən qışqırmağı məni özümdən çıxartmırdı, əksinə, hayqırtısında əsl həqiqət olduğunu tam dərk edirdim.

Daşa isə dayanmadan qışqırırdı:

- Lənətlənmisiniz! Zavallılar, lənətlisiniz! Məndən nə istəyirsiniz?! Bu lənəti özünüz qazanmısınız! Özünüz günahkarsınız! Yalnız özünüz!

O, qapını çırparaq dəhlizə çıxdı. Mən onun hara gedəcəyini bilirdim. Rahatlıqla öz-özlüyümdə “Tatyanagilə qalxır” - deyə düşündüm.

Qəribədir, amma satanist dostumun hissiyyatı yavaş-yavaş mənə keçirdi. Dostumun sözlərindən incimirdim və günün ağırlığına baxmayaraq, nəticədən razı idim; satanistlərin düşmənləri olan ruhun gücünü kəşf etməyim artıq mənə düşmən kəsilən iblislərə qarşı əlimdə bir silah idi, üstəgəl, Arzunun ailəsinin, ola bilsin ki, övladının da yaşadığı yerin adını öyrənmişdim. İndi artıq qalırdı Hacıqabula gedərək, Arzuyla bağlı bütün həqiqətləri aşkarlamaq.

Ürəyimdə Daşanı alqışlayaraq, şüuraltı olaraq dostuma onu çox sevdiyimi söylədim; cavab dərhal və russayağı beynimə ötürüldü: “Əl çək məndən, get işinlə məşğul ol...”

Ardı var