Urbanizasiya,  yəni şəhərləşmə

18:15 10-07-2019 42

Kəndinizə qayıdın millət, kəndinizə

Çox maraqlıdır ki, ölkəmizdə millət axışıb şəhərə gəlir, inkişaf etmiş dünya dövlətlərində isə tam əksinə, millət şəhərdən kəndə-təbiətin qoynuna, təbii yaşam arealına qayıtmağa can atır. Bunun da heç şübhəsiz ki, bir çox obyektiv və subyektiv səbəbləri var.

Bu gün dünyanın hər yerində urbanizasiya prosesi gedir, yəni kəndlər boşalmır, sadəcə olaraq, şəhərləşir. Kənddə elə yaşam şəraiti yaradılır ki, insan öz doğma yurd- yuvasında belə, özünü şəhərdəki kimi hiss edir. Bizdə isə bu yoxdur. Bizdə əksinə, şəhərlər kəndlərə çevrilir (diqqət edin, Bakıətrafı qəsəbələrdə mal, qoyun at, it, pişik sürülərinə, toyuq-cücə fermalarına belə, rast gələ bilərsiniz). Bunun səbəbini bilsəm də yazmıram, çünki analoqu olmayan iqtisadi və sosial inkişafa nail olmuş ölkənin(onu da diqqətinizə çatdırım ki, son 20 ildə Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi  inkişafının (urbanizasiyasının) təmin edilməsi üçün 4 Dövlət Proqramı"böyük uğurla" həyata keçirilib) reallığa söykənməyən quru statistik rəqəmlərlə baş qatmağı sevənlərin və onları dəstəkləyənlər inciyə bilər.

Məlumdur ki, kəndlərin şəhərləşməsi üçün ilk növbədə kommunal infrastrukturun formalaşdırılması əsas şərtlərdən biridir. Azərbaycan kəndlərində isə bu sistemlər demək olar ki, yox səviyyəsindədir. Qaz, işıq, su, kanalizasiya və s.və i.

Digər bir səbəb iş yerlərinin olmamasıdır.

Əvvəllər belə deyərdilər ki, insan kənddə acından ölməz. Şəhərdə isə ölərsən, heç kim də xəbər tutmaz. Bu gün isə tam əksini düşünürlər. Şəhərdə ən azından, zibillikdə olsa belə, çörək taparsan, çünki burada çörəyi zibilliyə atan yetərincə harın insanlar daha çoxdur. Kənddə isə insanları hər şeylərindən məhrum ediblər.

Mənə belə gəlir ki, gənclərin şəhərə axınını normal qarşılamaq lazımdır. Çünki inkişaf etməkdə olan, qloballaşan dünyamızda gəncləri kənddə saxlamaq mümkün deyil. Gənclər kənddə öz arzularını gerçəkləşdirmək imkanlarından məhrumdurlar və bu səbəbdən də şəhərə üz tuturlar.

Biz də ötm əsrin 60-ın axırları, 70-in əvvəllərində şəhərə inkişaf etmək, yüksəklikləri fəth etmək arzuları ilə gəldik və burada bir çoxlarımız heç zaman reallaşmayacaq arzularımızda özümüzü gömdük.

Belə deyirlər ki, yaş ötdükcə doğulduğun torpaq səni özünə çəkir. Mənə belə gəlir ki, bu, təbii bir qanunauyğunluqdur və insan yaşlandığı zaman öz doğma yurduna, kəndinə qayıtmalıdır. Yəni gənclər kəndi tərk edirsə, yaşlılar da şəhərdəki yerləri onlar üçün boşaldıb kəndə qayıtmalıdırlar.

Bunun üçün elə bir pensiya sistemi qurulmalıdır ki, kəndə qayıdan insan özünü atılmış hesab etməsin. Yaşlı insan kəndə həm yaşamaq üçün, həm də kəndi yaşatmaq üçün getməlidir, ölmək üçün yox!

"Dünya miqyaslı" iqtisadçı-alim, professor Səlim Müslümov Azərbaycanda elə bir pensiya sistemi yaradıb ki, insanlar kəndə yalnız ölmək üçün gedirlər.

Digər bir məsələ kəndlərimizin də məmurlar tərəfindən zəbt olunmasıdır. Rayon rəhbərliyi və onun ətrafı rayonu elə qamarlayıb ki, elə bil ulu babalarından onlara miras qalıb.

Şəhərdən gedənin orada nəinki əkib-becərmək, heç bir daxma tikib yaşamaq imkanı belə yoxdur. Şəhərləri iri məmur-oliqarxlar zəbt etdiyi kimi, kəndləri də yerli kiçik padşahlar zəbt edib.

Uzunçuluq olmasın, Qərb dövlətlərində çox qəribə bir tendensiya var, hansı ki Azərbaycanda belə bir şey yüz il sonra da olmayacaq. Görünəni budur, bunu mən özümdən uydurmuram. Onlar buna "insan amili" deyirlər. Yəni hər şey insan üçün-təbiət də, təbii sərvətlər də, hətta dövlətlər də ona görə yaradılır ki, insanlara xidmət etsin.

Bizdə isə deyəsən, buna "məmur amili" deyirlər. Yəni hər şey məmurlar üçün-təbiət də, təbii sərvətlər də, hətta insanlar belə, məmurların əmlakına çevrilib bu məmləkətdə.

Odur ki, türklər demişkən, "kəndinizə" gəlin, millət, "kəndinizə!"

P.S. Normal ölkələrdə pensiyaçı, təqaüd yaşına çatan kimi, dünyanın istədiyi yerində özünə mülk, ev alır və orada yaşayır. Yaxud, 5-6 yüz min dollara bir maşın (onlar buna təkər üstündə ev deyirlər) sifariş edir, dünya səyahətinə çıxırlar.

Azərbaycan təqaüdçüsü isə hər gün səksəkədə yaşayır ki, kommunal xərcləri ödəyə bilmədiyi üçün onu evindən bayıra atacaqlar.  Bax, budur statistik rəqəmləri sevənlərin uğurlu inkişaf strategiyası.

P.P.S. Mən bu yazını, sadəcə olaraq problemə diqqət çəkmək üçün yazdım, başqa heç bir amacım yox! Əlqərəz, kəndi şəhərləşdirmək ideyası N.Xruşşovla birlikdə arxivə atıldı.

Yusif Seyid