İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

19:12 28-06-2019 355

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edir:

1. Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Biləsuvar rayonunun Biləsuvar–Bəhrəmtəpə (56 km)–Çaylı–Bağbanlar–Aranlı–Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. On iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Biləsuvar–Bəhrəmtəpə (56 km)–Çaylı–Bağbanlar–Aranlı–Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 799; 2018, № 5, maddə 951) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulada və 1-ci hissədə “və ictimai fəaliyyət” sözləri “, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti” sözləri ilə və 1-ci hissədə “altı” sözü “on” sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.