Gözümüzün önündə dəhşətli faciə yaşanır - Deputat

15:09 28-06-2019 330

Qənirə Paşayeva AŞPA-da “Suriyada vəziyyət: siyasi həll üçün perspektivlər” adlı qətnamə layihəsinin müzakirəsi zamanı rəhbəri olduğu Azad Demokratlar Qrupu adından çıxış edib.

Xəbər verir ki, millət vəkili çıxışında Ermənistanı Suriyadan qaçqın düşmüş erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməkdə ittiham edib və bunun qarşısını almaq üçün qurumu İrəvana təzyiq etməyə çağırıb.

“Dəyərli həmkarlar, sənəddə də vurğulandığı kimi, Suriyada bir neçə ildir davam edən savaş II Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi ən ağır humanitar böhrana gətirib çıxarıb. Mən bu böhranı şəxsən görmüş insanlardan biriyəm. Çünki Suriyadan qaçqın düşmüş 3 milyondan çox insana neçə ildir yardım edən Türkiyənin Suriya ilə sərhədlərində qaçqınlarla bir neçə dəfə görüşmüşəm. Eləcə də İordaniyada onlarla görüşmüşəm. Hamımızın gözləri önündə dəhşətli bir faciə yaşanır və o insanlar sizdən daha çox dəstək gözləyirlər”, - Q.Paşayeva bildirib.

Deputat Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırıb və buna son qoyulmasının vacibliyini vurğulayıb:

“İrəvan onları Ermənistanın bölgələrinə deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Biz Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan, münaqişədən köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə çağırırıq”.