Mənzildən istifadə hüququ: fərqli qanunlar, uyğunsuzluqlar

18:48 12-06-2019 24

Son illər ölkəmizdə boşanma hallarının artması, artıq narahatlıq doğuran həddə çatıb.

Boşanma hallarının böyük əksəriyyətinin ailəmünaqişələri zəmində baş verməsi, onu deməyə əsas verir ki, bir çox ailələrdə mənəvi-pisixoloji durum heç də ürəkaçan deyil. Bununla belə, bir çoxları hesab edir ki, boşanmaların əsas səbəbi ailənin maddi durumu ilə bağlı olur. Bu, ciddi araşdırma tələb edən bir problem olduğu üçün bu barədə dəqiq faktlar göstərmək çox çətindir.

Boşanmalar zamanı ortaya çıxan əsas problemlərdən biri də, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı olur. Bu problem necə çözülür, daha çox kim haqlıdır- gəlin, yoxsa mənzil mülkiyyətçisi? Bütün bu sualları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 20 saylı vəkillər bürosunun vəkili Rövşən Qasımov  cavablandırdı.

- Rövşən bəy, bildiyimiz kimi, boşanmalar zamanı yaranan mübahisələrin əksəriyyəti yaşayış sahəsindən istifadə hüququ ilə bağlı olur. Belə olan təqdirdə, mülkiyyətçiyə məxsus mənzilə köçən gəlin ailə-nikah münasibətləri pozulanda mənzilə iddia edə bilərmi?

- Yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlərin tənzimlənməsinin 3 mərhələsini fərqləndirmək lazımdır. Birincisi, yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilədək, hazırkı Mülki Məcəllə qüvvəyə minənədək yaranıbsa, onda mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123-cü maddələrinin tələblərinə görə baxılır. 53-cü maddənin tələbinə görə, icarədarla birlikdə yaşayan ailə üzvləri onunla bərabər hüquqlara malikdir. İcarədarın ailə üzvləri arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də, ailə üzvləri hesab edilə bilər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb, onun yaşayış sahəsində yaşamaqda davam etdikdə icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə malik olurlar. 123-cü maddənin tələbinə görə, yaşayış evi mülkiyyətçisinin evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə, yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır. Gəlin qayınatasının evinə 1999-cu ildə köçübsə, onda, ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququna malikdir. Yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ildən, hazırkı Mülki Məcəllə qüvvəyə minəndən sonra yaranıbsa, onda mübahisələrə Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələblərinə uyğun baxılır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış sahəsindən istifadə hüququnun yaranmasının müqavilə əsasını müəyyənləşdirir. Həmin maddəyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir.

-Misal üçün, evimizdə yaşayan yaxın qohumun həmin mənzildən istifadə hüququ varmı?

- Bunu yuxarıda da qeyd etdim ki, digər ailə üzvlərinin (gəlinin və ya kürəkənin) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır. Beləliklə, mənzilin mülkiyyətçisinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən istifadə hüququ qanundan irəli gəlir və bunun üçün mənzilin mülkiyyətçisi ilə ailə üzvləri arasında müqavilənin bağlanması tələb edilmir. Digər şəxslərin (məsələn, qayınatanın evinə gəlin köçmüş şəxsin) istifadə hüququndan danışa bilmək üçün onunla mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən müqavilə bağlanmalı və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

Üçüncü mərhələ isə yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi Mülki Məcəllədən fərqli qayda müəyyənləşdirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilər. Məcəllənin 30.2-ci maddəsinə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir. Yeni Mənzil Məcəlləsi əvvəlki Mənzil Məcəlləsi və Mülki Məcəllədən fərqli bir qayda müəyyənləşdirib. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü (məsələn, gəlin) arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır (30.4-cü maddə). Bəzən onlar bizə lazım olan zaman mənzilimizi boşaltmır, hətta mənzilə sahiblənmək üçün əllərindən gələni əsirgəmirlər. Mənzildən müvəqqəti istifadə edən həmin şəxslərin evdən çıxmasını tələb etdikdə onların həmin mənzildən istifadə hüquqlarının olduğunu iddia edirlər.

- Mülkiyyət sahibi bu halda nə etməlidir və mülkiyyətçinin hüquqları qanunla necə qorunur?

- Mülki Məcəllənin tələbinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin (mənzil sahibinin) ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən, bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Əgər mənzilin sahibi qohumuna və ya tanıdığı birinə mənzildə yaşamasına yalnız şifahi razılıq veribsə və onların arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmayıbsa, həmin şəxsin mənzil sahibinə məxsus mənzildən istifadə hüququ yaranmır. Yuxarıda qeyd olunanlara əsasən demək olar ki, həmin şəxsin evdən istifadə hüququ ilə bağlı tələbi qanuna uyğun deyil və mənzilin mülkiyyətçisi mübahisəli mənzildən həmin şəxsin çıxarılmasını tələb edə bilər. Qanun bütün hallarda ev sahibinin mülkiyyət hüquqlarını tam şəkildə qoruyur. Konstitusiya Məhkəməsinin 2007-ci ildə qəbul etdiyi bir qərarında qeyd olunur ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

 Şahnaz Salehqızı