İlham Əliyev TBMM-in vitse-spikeri ilə görüşdü

18:16 12-06-2019 78

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Sürəyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal enerji və nəqliyyat layihələrinin önəmi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı məsələlər müzakirə edilib, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminlik bildirilib.

Görüşdə Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.