Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ probleminin
müəllifi Moskvadır

15:36 12-06-2019 68

Zərdüşt Əlizadə: "Paşinyanın devrilməsi barədə qərar Moskva tərəfindən verilib..."

Paşinyanla Qarabağ klanının çəkişməsi müharibəyə səbəb ola bilərmi?

Son zamanlar Ermənistan siyasi hakimiyyəti ilə "dqr" arasında yaşanan qarşıdurma bir sıra məsələlərə öz təsirini göstərib. Bu məsələlər sırasında cəbhə bölgəsində atəşkəs rejiminin pozulmasının intensivləşməsi də yer alır. Belə ki, son 12-13 gün ərzində üç hərbiçi atışma nəticəsində həlak olub. İtkilərin ikisi Azərbaycanın, biri isə ermənilərin payına düşür. Hadisələrin inkişafı bir-birinin ardınca davam etdiyindən  və Paşinyanla Qarabağ klanını toqquşması atəşkəs rejiminin pozulmasının intensivləşməsi ilə müşayət olunduğundan bu iki istiqamət arasında bağlılığın olması ehtimalı ortaya çıxır. Hətta, bəzi politoloqlar proqnozlaşdırırlar ki, qarşılıqlı itkilərin yaratdığı "domino effekti" lokal, hətta genişmiqyaslı hərbi əməliyyatların başlanmasına gətirib çıxara bilər.

Politoloq Zərdüşt Əlizadə də, bu iki proses arasında birbaşa əlaqənin olduğunu deyir. Onun fikrincə, bu iki hadisə arasında bilavasitə əlaqə var, çünki Rusiya Paşinyanın "cızığından çıxdığını" görüb, Qarabağdakı casuslarına və agentura şəbəkəsinə komanda verib ki, ona həddini göstərin! Politoloq düşünür ki, rus agenturasının Paşinyana birinci zəribəsi cani, rus casusu Robert Koçaryanın həbsdən azad edilməsi oldu: "İkinci addım isə cəbhə xəttində gərginliyin azaldılmasına dair İlham Əliyevlə Nikol Paşinyan arasında imzalanan razılaşmanı pozaraq atəşkəs rejiminin pozulmasını intensivləşdiriblər. Sözsüz ki, Qarabağ ermənilərinin bu təxribatına Azərbaycan tərəfi də cavab verir. Bu onu göstərir ki, Qarabağ klanı Paşinyana açıq şəkildə deyir ki, sən Ermənistanın tam səlahiyyətli rəhbəri deyilsən, bizim bacara bilməyəcəksən, biz istədiyimizi edəcəyik. Təsadüfi deyil ki, Paşinyan əsəbi halda Qarabağ klanının Azərbaycanı müharibəyə təhrik etməsi, nəticədə torpaqların bir hissəsini itirib, məğlubiyyətin günahını onun üzərinə atmaq istəkləri barədə bəyanatlar verir. Sözsüz ki, bütün bunlar Rusiyanın göstərişi ilə həyata keçirilir. Artıq Paşinyana heç nə kömək etməyəcək. O, on dəfə gedib Putinə yalvara bilər, Rusiyaya sadiqliyi barədə bəyanatlar verə bilər, amma bu baş nazirə kömək etməyəcək. Paşinyanın devrilməsi barədə qərar Moskvadan verilirb. Bu barədə Rusiyanın Ermənistandakı casusları da təlimatlandırılıb və artıq müvafiq əməliyyatlar həyata keçirilir".

Politoloq hesab edir ki, bu proseslərin inkişafı müharibə doğurmaya da bilər: "L.T.Petrosyanı devirdikləri kimi, günün birində generallar Nikol Paşinyanın qəbuluna gələrlər və bir neçə saatdan sonra baş nazir çıxıb istefa verə bilər, bu tam gözləniləndir. Çünki Ermənistanın suverenliyi şərti xarakter daşıyır, o Rusiyanın vassalıdır".

Hər halda Azərbaycan tərəfi konfiliktin çözülməsi istiqamətində siyasətini elə qurmalıdır ki, Ermənistandakı hakimiyyət tələtumlarının ona təsiri minimuma endirilsin. Çünki  Paşinyanın hakimiyyətdən getməsinin bizim xeyirimizə nəyisə dəyişəcəyinə ümid çox azdır. Ona görə ki, bu gün Ermənistan baş nazirini taxtdan salmaq istəyən qüvvə Rusiyadır. Belə olan halda Paşinyanın xələfi mütləq rusiyapərəst birisi olacaq. Növbəti rəhbərin rusiyapərəst olması isə vəziyyəti bir qədər də çətinləşdirəcək. Buna səbəb isə odur ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin bilavasitə müəllifi Moskvadır.

Akif Nəsirli