Siyasəti yox, inəkləri ilə tanınan bu adam... – BAXCP-dən cavab

15:20 12-06-2019 69

Pənah Hüseyn, Elşad Musayev və Arzuxan Əlizadənin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə və parlamentdə təmsil olunan digər partiyaların sədrləri ilə görüşünə etiraz edən qaraguruhçu şəxslərin kimliyini jurnalistlər ciddi araşdırsa, bunun cəmiyyətimizə çox böyük xeyri olar.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP-nin mətbuat xidmətinin sorğusunu cavablandıran partiyanın Baş katibi Yaşar Kələntərli deyib.
Yaşar Kələntərli qeyd edib ki, həmin şəxslər ictimai nüfuzlarının nə olduğunu gözəl bilirlər:

“Onların vaxtilə parlamentə iqtidarın dəstəyi ilə düşmək üçün hansı oyunlardan çıxdıqlarını isə mən çox yaxşı bilirəm. 2010-cu ilin parlament seçkilərində Yasamaldan İsa Qəmbərin alternativi olan birisinin niyə namizəd olduğu seçki dairəsini dəyişdiyini, İsa Qəmbərə, Əli Kərimliyə həmin ərəfədə niyə saxta və gülüş doğuran formada hücum etdiyini siyasətlə az-çox maraqlanan hər kəs bilir. Yaxud ömründə bircə dəfə də olsun ağıllı təklifi ilə diqqət cəlb etməmiş, siyasi fəaliyyətindən daha çox inəkləri ilə tanınan başqa birisinin hansı qapılara düşdüyünü də hamı çox yaxşı bilir. Hamı onu da bilir ki, məhz siyasi sürüşkənliklərinə görə ağızlarının üstündən vurub geri göndəriliblər. Bu adamları narahat edən əsas məsələ ondan ibarətdir ki, birdən iqtidarla hansısa dialoq olar və onlar kənarda qala bilərlər”.