Putinin dediyi “Bretten Vuds” və “Yamay” sistemləri nədir?

10:42 11-06-2019 93

Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı dünyada dolların rolu barədə yenidən düşünmək lazım olduğunu deyib. O bildirib ki, əsas qlobal institutlar burada 75 il əvvəl Bretton-Vuds sistemi çərçivəsində yaradılıb, 70-ci illərdə onu Yamay valyuta sistemi əvəzləyib.

Putinin sözügedən açıqlaması adı çəkilən valyuta sistemlərinin mahiyyəti barədə suallar doğurub.

Məsələ ilə bağlı danışan sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib ki, Bretton-Vuds valyuta sistemi İkinci Dünya müharibəsi zamanı yaradılıb.

“Rusiyanın digər müttəfiq ölkələrlə birlikdə beynəlxalq hesablaşmalarda ABŞ dollarından imtina etməklə bağlı təşəbbüsləri hər dəfə uğursuzluğa düçar olur. Heç şübhəsiz ki, bundan sonra hələ uzun müddət beynəlxalq hesablaşmalarda dollardan imtina etmək kiməsə fayda gətirəcək bir addım olmayacaq. Bunun əsas səbəbi odur ki, İkinci Dünya müharibəsinin antihitlerçi qüvvələrin qələbəsi ilə yekunlaşacağı tam aydın olduqdan sonra 1944-cü ildə dünyanın 44 ölkəsindən 730 nümayəndə heyətinin iştirakı ilə ABŞ-n Bretton-Vuds kurort şəhərciyində keçirilən valyuta-maliyyə konfransında beynəlxalq ticarətin imkanlarından daha geniş istifadə etmək məqsədilə valyuta kurslarının tənzimlənməsi məsələsi müzakirə olunub və sonda müvafiq saziş imzalanıb. Sazişə əsasən, ABŞ dolları qızıl təminatı olmaqla dünyanın əsas valyutası elan edilib. Bu müqavilənin şərtləri növbəti ildən geniş şəkildə tətbiq edilməyə başlanılıb. Müqavilənin bağlandığı vaxtdan ötən iki on il ərzində dünya iqtisadiyyatı sürətlə inkişaf edib. Lakin bəzi dövlətlərin, xüsusilə da Almaniya və Fransanın ABŞ dolları ilə yığılmış rezervlər müqabilində Birləşmiş Ştatlardan mütəmadi olaraq qızıl tələb etməsi bu sistemin çöküşünə səbəb olub”.

Professorun sözlərinə görə, ABŞ 1971-ci ildə dolların qızıl təminatından imtina etməsindən bir müddət sonra - 1976-ci ildə Yamay valyuta sistemi meydana gəlib:

“Adını Yamaykadan götürmüş bu sistemin mahiyyəti ondan ibarətdir ki, valyuta kursları artıq hökumətlər tərəfindən deyil, bazarda müəyyən olunmağa başlanıb. Yamay valyuta sistemi bu günə qədər qüvvədədir.

1971-ci ildə ABŞ-n dolların qızıl təminatından imtina etməsinə baxmayaraq, bu valyutanın dünyanın bir saylı valyuta olması rəsmi şəkildə davam edir. Bu gün dollar beynəlxalq hesablaşmalarda və dövlətlərin valyuta rezervlərinin formalaşmasında əsas valyuta kimi çıxış edir. Bəzi məlumatlara görə, dünya ticarətində hesablaşmaların 80 faizə qədəri, dövlətlərin valyuta rezervlərinin isə üçdə iki hissəsi məhz dolların payına düşür. Dolların hegemonluğunun arxasında dünya iqtisadiyyatının dörddə birinə sahib olan ABŞ iqtisadiyyatı dayanır.

Düzdür, bu məsələdə də ciddi fikir ayrılıqları mövcuddur, lakin reallıq budur ki, Rusiya və digər dövlətlər illərlə çalışsalar da, dollar asılılığından qurtulmaq mümkün olmur”.