Stadionumuzun vahiməyə gətirən oturacaqları... - Foto

13:14 10-06-2019 23

Millimizin növbəti qarşılaşmasına gəldik, yenə stadionda tum çıtladıq, qabığını tökdük, selofanları, plastik butulkaları yerə atıb getdik...

Həftəsonu Avro-2020 seçmə oyunu çərçivəsində Azərbaycan- Macarıstan qarşılaşmasını izləməyə getmişdik. Görüşün sonunda bu sualı verməmək olmurdu - axı biz niyə beləyik?!

Ona görə yox ki, həmin matçda qonaq komandaya 1:3 hesabı ilə məğlub olmuşduq. “Yol əhvalatı” filmində deyildiyi kimi, “Neftçinin udan günü olub ki?!” Ona görə ki, “Bakcell Arena” stadionunu tərk edəndə oturacaqlar adamı vahiməyə gətirirdi. Bu, ilk dəfə deyil. Tofiq Bəhramov adına stadionda da, başqa meydançalarda da görmüşük: dizə qədər tum qabıqları, selofanlar, plastik butulkalar, yerə tökülmüş zir-zibil və s. Axı niyə beləyik, niyə belə edirik?! Nə üçün mədəni toplum ola bilmirik?

Macar qonaqlar gəldilər, uddular, getdilər. Amma ikinci qonaq sayılan azərbaycanlı azarkeşlərin bir çoxu gəldilər, tum çırtladılar, qabığını ayaqlarının altına tökdülər, getdilər. Bu sırada oturmağımıza xəcalət çəkdik. Çünki “Qurunun oduna yaş da yanır” misalı yerinə düşür. Oyun başa çatdıqdan sonra bu sektordakı rüsvayçı mənzərəni görəndə deyinməkdən başqa çarə yox idi...

Doğurdan da, utandırıcı mənzərə idi: tum qabıqları zibil dağına çevrilmişdi, su qabları, tumların paketləri yerə atılmışdı, stadion bütünlüklə zibilliyə çevrilmişdi. Sözlər şəkillər qarşısında acizdir...

Heç olmasa tum qabığını səliqəli şəkildə yığışdırıb, bir sellofana töküb, stadionun çıxışındakı zibil qutularına atmaq olardı. Və bu acınacaqlı, barbar, meşşan mənzərəni gördükdə Bakıya gələn ərəb turistlərin özlərini pis aparmasından, Şəkidə oteli murdarlamasından, kirayələdikləri evi dağıdıb getmələrindən şikayətlənməyə nə qədər haqqımız çatır? Çatırmı?

Əslində, bu mədəniyyətsizlik varsa, ilk növbədə mühafizə xidməti növbəti oyunlarda stadiona tum satanları buraxmamalı, stadion rəhbərliyi inzibati addımlar atmalıdır.

Millimizin oyununa gəlincə, xorvat baş məşqçimiz Nikola Yurçeviç 1:3 məğlubiyyəti gözlənildiyi kimi, nikbin şərh elədi, sanki belə də olmalı imiş. Sitat: “Azarkeşlərimizə bugünkü gözəl dəstəyə görə təşəkkür edirəm. İlk 10-15 dəqiqədə həyəcanlı idik. Macarlar standart vəziyyətlərdən təhlükəli olurdular. Onlara da belə anlarda hədiyyə etdik. Getdikcə oyunu bərabərləşdirdik, döyüşdük. Futbolçularımızın performansı pozitiv, topa nəzarət ürəkaçan idi. Ancaq ən önəmli olan nəticəni qazana bilmədiyimiz üçün məyusam. Bu gün yeganə fərq standart vəziyyətlər idi. Xorvatiya ilə matçda da belə vəziyyətdən qol buraxmışdıq. Hesabı 1:2 etdikdən qısa müddət sonra çox tez qol buraxdıq. Bu oyunda daha artığına layiq idik”.

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi isə hesab edir ki, bəzi epizodlarda əziyyət çəkiblər: “İlk hissədə belə anlar oldu. Amma ikinci hissəni daha yaxşı keçirdik. İkinci hissədə qol imkanları yaratdıq və dəyərləndirdik. Bundan sonra da çoxlu qol şansımız oldu. İki top fərqi ilə önə keçəndən sonra daha ehtiyatlı oynamağa başladıq və növbəti matç barədə fikirlər yarandı”.

Musavat.com