Göyçayda 167 kq ölü heyvan cəmdəyi aşkarlandı - Foto

17:36 07-06-2019 47

Göyçayda çəkisi 167 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Qurumdan  bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Göyçay şəhəri, Ə.Məmmədxanlı küçəsi ünvanında Hacıyev Soltan Ağaəli oğlunun avtomobilinə baxış keçiriblər.

Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə başı kəsilən, istehlaka yararsız, çəkisi 167 kq olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilib. Məlum olub ki, aşkarlanan heyvan cəmdəyi insan istehlakı üçün tamamilə yararsızdır.

Agentliyin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin məhv edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma davam etdirilir.