CİDDİ UĞURA QÜSUR QATMAYAQ! – “Təhsilin bir seqmenti qüsursuzluğa qədəm qoydu”

12:16 24-05-2019 55

Etibar ƏLİYEV,
təhsil eksperti

Azərbaycan Respublikasının Baş Nazirinin imzası ilə “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydaları” təsdiq edilib. Tam məsuliyyəti ilə deyirəm – ciddi bir uğura imza atılması artıq gerçəkliyə çevrildi. Bu ildən təhsil haqqında qanuna edilən dəyişiklik gerçəkləşmiş olacaq.

Niyə ciddi uğurdur? Deyə bilərsiniz ki, yaxşı qərardır, amma burada yeni nə uğur olub ki?

Bundan qabaq olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbul olunması heç də ürəkləri açmazdı. Çünki olimpiada işi ədalətli və şəffaf deyildi. Məhz keçmiş təhsil naziri Mikayıl Cabbarovun gəlişi ilə bu işdə dönüş yarandı. Həm olimpiada hərəkatı gücləndi, həm də bu fəaliyyətə şəffaflıq, ədalət və dürüstlük gəldi. Yalnız şagirdin qabiliyyəti meyar oldu. Bunsuz qaliblərin imtahansız qəbulu ürəkbulandıran addımları daha da gücləndirərdi. Artıq hami bilir ki, burada çirkli əllər işləyə bilməz. İndiki təhsil naziri Ceyhun Bayramov da bu estafeti davam etdirir. Onun təşəbbüsü ilə olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbulu reallaşa bildi. Bu, ciddi uğurdur. Təhsilin bir seqmenti qüsursuzluğa qədəm qoydu. Olimpiada fəaliyyəti gələcək alimlər yetişdirən bir fəaliyyətdir və bütün təhsil sisteminin ilhamverici mayakıdır. Olimpiada hərəkatı boy atmağa başlayıb və ən başlıcası, mənəvi yüksəklik qazanıb. Ona görə olimpiadaçılara yeni yanaşma ciddi uğur sayılmalıdır.

Dünyanın bütün universitetləri bu cür uşaqları öz tələbəsi kimi görmək istəyir. Onları cəlb etmək üçün yüksək təqaüdlər belə ayrılır. Uzağa getməyək, qonşu Türkiyədə xaricdən gələn olimpiada qaliblərinə nəinki universitetlər, TUBİTAK da ciddi məbləğdə təqaüd ayırır. Türkiyədə beynəlxalq olimpiada qalibləri dərhal mükafatlandırılır və təhsilləri boyu maddi dəstək alırlar. Bu, əslində güzəşt sayılmır, universitetlərimiz sevinməlidir ki, bu uşaqlar onları seçirlər.

Yəni biz də doğru və faydalı bir yola qədəm qoymuşuq. Amma çox təəssüf edirəm ki,“Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydaları” natamam və qüsurlu bir sənəddir. Bəzi qeydlərimi tələsik də olsa, yazmağa məcburam:

1. Sənəd üzərində iş səthi olub və hətta seçilə biləcək ixtisasların adı bəzən iki dəfə gedib (Məsələn, 2.2.4. riyaziyyat fənni üzrə, kompüter mühəndisliyi).

2. İxtisaslar seçilərkən meyarlar yanlış olub. Riyaziyyat fənnindən qaliblər doğrudan da çox sayda ixtisası seçə bilər. Amma o ixtisasların çoxu həm də fizika ixtisasları sayıla bilər. Nədənsə, fizika fəninin qalibləri onlara daxil ola bilməz. Məsələn, riyaziyyat olimpiadası qalibləri istilik energetikası mühəndisliyi; avianəqliyyat istehsalatının təşkili mühəndisliyi; aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi; hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi; hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi; gəmiqayırma və gəmi təmiri mühəndisliyi; yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi; cihazqayırma mühəndisliyi; texnoloji maşın və avadanlıqlar mühəndisliyi və bu cür ixtisasları seçə bilər, amma fizika olimpiadası qalibləri bunları seçə bilməz. Riyaziyyatçıların bu hüququ başa düşüləndir, amma daha çox fizika ixtisası olan bu qrupu niyə fizika olimpiada qalibləri seçə bilməz? Bu cür qüsurlar bütün fənlər üzrə var. Nəyə görə, İnformatika olimpiadası qalibləri riyaziyyat ixtisasını seçə bilməzlər, həmçinin çox sayda mühəndislik ixtisaslarını? Bu, yanlışdır.

3. Seçilə biləcək ixtisasların siyahısı çox dardır.

4. Hüquq və tibb ixtisasları respublika fənn olimpiadalarının qaliblərinə layiq görülmür. Məsələn, niyə kimya və biologiya qalibləri tibbi seçə bilməzlər? Niyə baytarlığı seçə bilərlər, həkimliyi yox? İstedadlar quşları seçə bilər, insanları yox? Fizika biliyi yüksək olan gənc də tibbi seçə bilmir. Amma biofizika tibbin təməl elmlərindən biridir. Məgər hüquq və tibbi simiclikmi edirik biz?

5. Beynəlxalq olimpiada siyahısı məhduddur. Balkan olimpiadası qaliblərinin yalnız yuxarı yaş qrupunun bu statusa sahib olması çox yanlışdır. 15 yaşda uğur qazanmaq sayılmır? İdmançıların yeniyetmə yarışları nəzərə alınıb, fənn yarışlarının yox. Jautikov olimpiadası niyə salınmayıb siyahıya, bəzi Avropa olimpiadaları, Sakit Okean olimpiadası və s. siyahıda yoxdur. Ümumiyyətlə, regional olimpiada anlayışı unudulub. Həm də məntiqli deyil axı, respublika fənn olimpiadasının uğuru güzəşt əldə edir, regional olimpiada qaliblər buna layiq görülmür.

6. Sənəddə deyilir: “1.6. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır”. Nəyə görə idman və ya musiqi yarışının qalibi bu hüquqa 5, fənn olimpiada qalibləri cəmi 2 il müddətinə sahib olurlar? Niyə bu məhdudiyyət var?

Bunlar mənim sənədlə bağlı bəzi qeydlərimdir və iddia etmirəm ki, onlar olduğu kimi qəbul olunsun. Amma çox ciddi bir uğurun son mərhələsini müəyyən edən qaydalar ciddi qüsurlara sahib ola bilməz. Bu sənədin yenidən işlənib, təsdiq edilməsi elə çətin iş də deyil. Bir imza ilə təsdiq edilir.

 

azpolitika.info