ADU-da “Bahar günü”: qonaqlar hədiyyə qazandı - Foto

18:27 15-05-2019 26

Azərbaycan Dillər Universitetində (ADU) Yaponiya Araşdırmalar Mərkəzinin və AVA (Azerbaijan veb of anime) cəmiyyətinin birgə əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Bahar günü” adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbirin birinci hissəsi akt zalında keçirilib və ADU-nun yaponşünas tələbələri tərəfindən hazırlanan mahnı və rəqslərdən ibarət konsert proqramı, həmçinin “Anime” cəmiyyətinin üzvlərinin, ADU-nun tələbələrinin hazırladığı anime təqdim edilib.

Tədbirin ikinci hissəsi ADU-nun foyesində baş tutub. Burada Yaponiyanın mədəniyyət nümunələrini təqdim edən stendlər qoyulub. Bu stendlərdə Yaponiyanın mətbəxi, incəsənəti, mədəniyyəti, coğrafiyası, idman növləri və digər maraqlı sahələri öz əksini tapıb.

Qonaqlar üçün ən maraqlı məqamlardan biri də o olub ki, onlar hər stenddən maraqlı məlumatlar alıb, sonda isə sual-cavab stendinə yaxınlaşaraq, aktiv şəkildə verilən sualları cavablandırıblar. Suallara düzgün cavab verənlər hədiyyələr də qazanıb.