Ərzaq təhlükəsizliyinin «təhlükəsi»

17:50 15-05-2019 36

Məhsulun keyfiyyətinə vətəndaş cəmiyyətləri və əhali nəzarət etməlidir

 Son zamanlar mediada tez-tez rast gəldiyimiz məlumatlardan biri də, kimlərinsə Qida Təhlükəsizliyi Ağentliyinin adından istifadə edərək sahibkarlardan rüşvət alması faktları ilə bağlıdır.

Bu günlərdə Agentliyin sədri Qoşqar Təhməzli də məlumat yayıb ki, indiyə qədər özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim edən və qurumun adından istifadə edən 6 nəfər şəxs aşkarlanıb.

Sədir əlavə edib ki, həmin şəxslərə cinayət işi açılıb və həbs ediliblər. Bütün bunlara baxmayaraq, bu kimi hallarla bağlı Agentliyə daxil olan müraciətlərin sayı artmaqdadır və hüquq-mühafizə orqanları bu istiqamətdə lazımi tədbirlər görür.

Bu problemin ən maraqlı tərfi odur ki, pul qazanmaq istəyən işbazlar nə üçün Ağentliyin adından istifadə etməyə üstünlük verirlər və nə üçün sahibkarlar Qida Təhlükəsizliyi Agentliyinin adından gələn rəsmi şəxslərə pul verməkdə maraqlıdırlar? Yəqin ki, sualın cavabını bu məsələlərdən anlayışı olan oxucular təxmin etdi - ona görə ki, Agentliyin sahibkarlara qarşı qoyduğu tələblər əksər obyektlərdə yerinə yetirilmir, yəqin ki, sahibkarlar məhz bu səbədən Agentliyin əməkdaşlarına rüşvət verirlər ki, həmin çatışmamazlıqları ört-basdır etsinlər. Bəzi hiyləgər və dələbuz vətəndaşlarımız da asan yolla pul qazanmaq məqsədi ilə Ağentliyin saxta vəsiqələrini hazaırlayar sahibkarlardən "haqq", yəni rüşvət yığırlar. Hazırda Agenitliyə məlum olan altı nəfərdir, böyük ehtimalla onların sayı daha çoxdur.

Agentlik sədrini narahat edən bu tendensiyadan, belə bir nəticə çıxır ki, bu dövlət qrumu qida təhlukəsizliyinə nəzarətdən daha çox sahibkarları xərcə salmaqla məşğuldur və digərlərinin onun bazarına girməsindən pəjmürdədir.

Çünki bu Agenitlik yaranan gündən cəmiyyətdə onun fəaliyyəti barədə geniş müzakirələr gedir və qrumun hərəkətlərindən ciddi narazılıqlar var. Lakin bu məsələnin bir tərəfidir, məsələnin digər tərəfi ondan ibarətdir ki, bir dövlət qurumu bütün ölkə üzrə qida təhlükəsizliyini təmin edə bilərmi? Məlum olduğu kimi, istənilən ölkədə istehsal və ticarət obyektlərinin sayı on minlərlə ölçülür. Bu qədər sayda obyektlərdə eyni zamanda milyonlarla mal istehsal edilir və satılır, bu qədər məhsul axınının təhlükəsizliyini bir dövlət qrumunun təmin etməsi, faktiki olaraq mümkün deyil. Çünki inzibati nəzarət metodu ilə çox məhdud bir sferanı müşahidə altında saxlamaq olar. Bizdə yaradılan Qida Təhlükəsizliyi Agentliyi sovetlər dönəminin mövcud olan məşhur "OTK"nın (texniki nəzarət şöbəsi) analoqudur. Sovetlər dönəmində bu qurum effektiv şəkildə fəaliyyət göstərirdi, ona görə ki, o vaxt bir sahibkar vardi, o da dövlət özü idi. İnzibati qaydada bütün istehsal müəssisələrində hazır məhsul "OTK"nın yoxlamasından sonra satışa çıxarılırdı. Məhsulun yoxlamadan keçməsi barədə şöbənin möhürü mütləq ya məhsulun qablaşdırmasının üzərində, ya da onu müşaiyət edən sənəddə olurdu. Hazırda isə ölkədə onminlərlə istehsalçı və satıcı sahibkar var. Belə bir vəziyyətdə inzibati metodla keyfiyyətə nəzarət etmək faktiki olarq mümkün deyil, buna istək olsa belə, dövlət orqanı çox təmiz işləsə də, bu texniki baxımdan heç bir qurumun imkanları daxilinə deyil.

Bəs belə bir şəraitdə - onminlərlə sahibkarın çalışdığı bazar iqtisadityyatı ölkəsində qida təhlükəsizliyini necə təmin etmək olar? Bu model Azərbaycan üçün yenilik olsa da, dünyanın bazar iqtisadiyyatı ölkələrində çoxdan tətbiq edilir. Çox maraqlıdır ki, sözügedən ölkələrdə əsas yük vətəndaş cəmiyyətinin və sıravi vətəndaşların üzərinə düşür. Belə ki, ölkəyə bütün növ məhsul və xidmətlərin keyfiyyətini ölçən laboratoiyalar gətirilir. Həmin laboratoriyaları vətəndaş cəmiyyəti institutları müvafiq qanunvericiliyə uyğun olaraq işlədir. Dövlət yalnız onların fəaliyyətinə - avadanlıqlarının standartlara uyğun, hər hansı bir şirkətin məhsuluna qarşı qərəzin olub-olmamasına və s. nəzarət edir. Hətta, bəzi ölkələrdə dövlət apellyasiya laboratoriyaları da var. Belə laboratoriyalarda mübahisəli məsələlər çözülür. Mexanizm ondan ibarətdir ki, vətəndaş hər hansı bir mal və xidmətin keyfiyyətindən narazıdırsa, dərhal həmin laboratoriyalardan birinə müraciət edir, xidmət haqqını ödəyərək məhsulun keyfiyyətinə dair təsdiqlənmiş sənəd alır. Sənəddə məhsulun keyfiyyətsizliyi təsdiqlənirsə, vətəndaş məhkəməyə müraciət edərək günahı olan sahibkardan çox böyük məbləğdə təzminat tələb edir. Məhkəmələr isə həmin məbləğin sahibkardan alınıb zərərçəkənə ödənilməsini təmin edir. Cəmiyyətdə isə belə təzminatların məbləğinin yüksək olması dəstəklənir, media tərəfindən işıqlandırılır. Bir tərəfdən keyfiyyətsiz məhsula görə cərimələnən sahibkarın nüfuzu körlanır, digər tərəfdən isə sahibkar təzminat ödəməklə ciddi zərərə düşür. Bütün bu zərərlərdən sığortalanmaq üçün hər bir sahibkar istehsal etdiyi və satdığı məhsula özü ciddi nəzarət edir. Beləcə, bütün ölkə üzrə nəinki qida təhlükəsizliyinə, hətta, bütün məhsulların keyfiyyətinə nəzarət təmin edilir. Bu modelin işlədiyi Avropa ölkələrində keyfiyyətsiz məhsula çox nadir hallarda rast gəlmək olur. Çünki buna bütün vətəndaşlar nəzarət edir və onlar bu nəzarətdə çox maraqlıdırlar, ən azı bu yolla yaxşı qazanmaq mükündür.

 

P.S:

 

Şirkət xərçəngə yoluxan ər-arvada fantastik kompensasiya ödəyəcək

 

ABŞ-da kənt təsərrüfatı sahəsində fəaliyyət göstərən bir şirkət ər-arvada 2 milyard 55 milyon dollar təzminat ödəyəcək.

Medicina.az bildirir ki, bu barədə Kaliforniya ştatının Oklend şəhərinin əyalət məhkəməsi hökm oxuyub. Buna səbəb alaq otlarının təmizlənməsi üçün satışa buraxılan kimyəvi məhsulun istifadəçilərdə xərçəngə səbəb olmasıdır.

Belə ki, amerikalı cütlük Alberta Pilliod və həyat yoldaşı 9 ildir xərçənglə mübarizə aparır. Həyatlarını bir gündə ömürlük dəyişən səbəb isə tarlaları üçün aldıqları dərman olub. Belə ki, cütlük  illər əvvəl tarlaları üçün dərman vasitəsi alıb. Lakin özləri xərçəngə düçar olub.

İllərdir davam edən məhkəmə prosesində  ortaya çıxarılıb ki, satışa buraxılan məhsul qeyri-hoçkin limfomalarına səbəb olur.

Qeyri-Hoçkin limfomaları (QHL) limfa sisteminin müxtəlif cinsli bədxassəli şişlər qrupudur.

Müxtəlif cinslilik (30-dan yuxarı növ) immun sisteminin tərkibinə daxil olan limfa sisteminin funksiyalarından irəli gəlir.

 

Akif Nəsirli