İcbari tibbi xidmətə nələr daxildir: kimlər yararlanacaq?

17:17 15-05-2019 23

İcbari Tibbi Sığortanın xidmətlər zərfinin iki hissədən ibarət olduğu deyilir - baza və əlavə hissələr. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardımın aid olduğu bildirilir. Amma bunlar vətəndaş üçün tam açılmalı və əhaliyə izah edilməlidir ki, bu hissələrə konkret olaraq nələr daxildir.

Bu sözləri Axar.az-a tibb eksperti, professor Adil Qeybulla icbari tibbi sığorta ilə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, İcbari Tibbi Sığorta əslində sosial müdafiənin mühüm bir formasıdır:

“Konkret olaraq İcbari Tibbi Sığorta predmeti əhaliyə aydın olmalıdır. Onunla bağlı açıqlama da aydın şəkildə verilməlidir ki, vətəndaş başa düşsün.

İTS paketinə ilk növbədə doğuş və təxirəsalınmaz yardım əlavə edilməlidir. Çünki əhalinin bütün təbəqələrinin buna ehtiyacı var. Təxirəsalınmaz yardım nədir? Bura təxirəsalınmaz cərrahi əməliyyatlar, təxirəsalınmaz tibbi kömək daxildir, məsələn, insan infarkt keçirə bilər, beyninə qan sıza bilər, təbii fəlakət nəticəsində çox sayda yaralanma ola bilər, avtomobil qəzası baş verə bilər. Bu kimi sadaladıqlarım hamısı cərrahi əməliyyat tələb edən məsələlərdir ki, baza hissəyə daxil edilməlidir.

Təxirəsalınmaz yardımın da predmeti İTS-də bir-bir göstərilməlidir ki, əhali bunu bilsin. Bu həm də tibb müəssisələrinin üzərinə konkret olaraq vəzifə qoyur”.

Ekspert bildirib ki, doğuşun bütün formaları İTS-nin baza hissəsinə daxil edilməlidir:

“İcbari Tibbi Sığortanın baza hissəsindən əlavə olan ixtisaslaşdırılmış yardım məsələsi də aydınlaşdırılmalıdır ki, konkret olaraq bura nə daxildir. Hələlik İTS paketində tam əhatə oluna bilməyən bəzi əməliyyatlar haqda da vətəndaş bilməlidir.

Bu gün İTS-yə ayrılan və əhalinin işləyən təbəqəsindən yığılan vəsait bir yerdə bu sığortanı təmin etmək üçün kifayət deyil. Ona görə də bura bütün xidmətləri əlavə etmək, sonra da həkimi günahkar çıxarmaq, tibb müəssisəsini günahlandırmaq, xaotik durum yaratmağa ehtiyac yoxdur.

Elə etmək lazım deyil ki, sabah hansısa problem baş versin və bu hüquq müstəvisinə gəlib çıxsın. Nəticələrin hüquq müstəvisində həll edilməməsi üçün hər şey detallı şəkildə aydın dillə yazılmalı və vətəndaşa da elə təqdim edilməlidir. Vətəndaşa uzun-uzadı xüsusi terminlərlə bol olan cümlə lazım deyil. Prosesi izah edən konkret söz lazımdır”.

Baza hissədən istifadənin pulsuz olması, üstəlik hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına əlavə sığorta ödəniləcəyinə də ekspert aydınlıq gətirib:

“Düzdür, bu vəsait hamıya aid deyil, ancaq istənilən halda azdır.

Axı hər kəs eyni xəstəliyə tutulmur. Belə olur ki, bir neçə nəfərin vəsaiti adətən bir adama sərf olunur. Ancaq istənilən halda, məsələn, ürək əməliyyatı keçirən, ağır bir xəstəliyi olan insana 29 manat kifayət deyil. Dərmanlar var ki, onların biri 129 manatdır. Hələ heç məlum deyil ki, bu paketə hansı dərmanlar daxil olacaq. Ümumiyyətlə, İTS-yə daxil olan bütün dərman preparatları ictimaiyyətə bir-bir açıqlanmalıdır ki, xəstəxana da bunu öz bazasına daxil etsin və xəstə də bunu tibb müəssisəsində tapa bilsin.

Hər hansısa sığorta hadisəsi baş verdikdə, insan əməliyyat olunduqda, yəni sığorta paketinə daxil olan bir tibbi prosedur həyata keçirildikdən sonra bu barədə məlumat rəsmi şəkildə icbari tibbi sığorta fonduna göndərilir. Fonddan isə müalicə və ya əməliyyatın həyata keçiriləcəyi tibb müəssisəsinin hesabına vəsait yatırılır. Yəni bütün bu işlərin uçotu, qeydiyyatı aparılır. Ancaq bu işlər şəffaf formada həyata keçirilməlidir. Əməliyyatı həyata keçirən xəstəxananın hesabına pul yatırılmasa, tibb müəssisəsi də xəstəyə laqeyd münasibət göstərəcək”.

A.Qeybullanın sözlərinə görə, İTS tibb işi ilə yanaşı, həm də çox dəqiq hesablanmış iqtisadi məsələdir, maliyyə işidir. Bu işlər xüsusi həssaslıqla hazırlanmalıdır və Səhiyyə Nazirliyi də bu məsələdən kənarda qala bilməz.

Uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsinin nəzərdə tutulduğuna da aydınlıq gətirən A.Qeybulla bildirib ki, Azərbaycan reallığında İcbari Tibbi Sığortaya daxil olan kontingentin böyük bir hissəsi işləməyən vətəndaşlar və azgəlirli şəxslərdir:

“Azgəlirli şəxslərə tələbələr, təkbaşına uşaq böyüdən analar, kimsəsizlər daxildir. Xaricdə işsizləri əmək birjaları maliyyələşdirir. Bizdə belə şey yoxdur. Ona görə də böyük bir kontingent dövlətin çiyinlərin üstünə düşüb. Müəyyən bir kontingent var ki, onlar ya dövlət qurumlarında, ya özəl sahədə işləyirlər. Onlar da öz maaşlarından sığorta olunanlardır. Əhalinin maaşları da bir o qədər yüksək olmadığına görə sığorta fonduna ayrılan vəsait çox azdır. Bu səbəbdən hesab edirəm ki, vətəndaşların hesabına o vəsaiti, bazanı yığmaq elə də asan olmayacaq. İcbari Tibbi Sığorta fondunun da kifayət qədər vəsaiti, bazası olmalıdır ki, bu işi yüksək səviyyədə həyata keçirsin.

Məsələn, Türkiyədə 2000-ci ilə qədər bu vəsaitin müəyyən hissəsi vətəndaşın üzərinə düşürdü. Ancaq 2000-ci ildən sonra Türkiyədə tibbi xidməti dövlət tamamilə öz üzərinə götürdü. Bu gün Türkiyə vətəndaşı ölkədaxili istənilən xəstəxanada, estetik əməliyyatlar xaric, bütün tibbi xidmətləri pulsuz almaq imkanına malikdir. Bura həmçinin əvvəlcədən müəyyən edilmiş dərmanlar paketi də daxildir. Burada bütün növ dərmanlar olur. Azərbaycanda da icbari tibbi xidmət ən az bu şəkildə formalaşmalıdır”.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin yanvarından İcbari Tibbi Sığortanın tətbiqi gözlənilir.