Azərbaycanda məşhur bazarı kimlər yandırıb? - Şok nüans

19:15 10-05-2019 1020

Ötən gün Təbriz şəhərində yerləşən tarixi bazarın yanması həm Güneydə, həm də Azərbaycan Respublikasında böyük narahatlıq və təəssüflə qarşılanıb. Soydaşlarımız bu tarixi bazarın yanmasının dünya mədəniyyətinə böyük zərbə olduğunu bildirərək, hadisədə qaranlıq məqamların olduğunu vurğulayıblar.

Güneyli analitik Əlirza Zamani Axar.az-a müsahibəsində Təbriz bazarı və sözügedən yanğınla bağlı sensasion faktları açıqlayıb:

- Təbriz bazarı bizim üçün niyə önəmlidir?

- 10-cu əsrdə əsası qoyulan Təbriz bazarı dünyanın ən böyük üstüörtülü bazarıdır. Bu bazarın təxminən 1000-dən çox yaşı var. İndiki bazar ilk yaradılan bazarın davamıdır. İranda hakimiyyət dəyişdikcə bazar daha da böyüyüb və bugünkü səviyyəyə çatıb. Təbriz bazarı 100 hektar ərazini əhatə edir. Bazarda irili-xırdalı 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara yerləşir. Bunların hamısı o kompleksin içindədir. Müəyyən dövrlərdə bazarda yanğın və digər bədbəxt hadisələr baş verib. Amma sonuncu yanğın bu vaxta qədərki bütün yanğınlardan daha böyükmiqyaslıdır. Yanğın nəticəsində dalanın biri çöküb, tavanı dağılıb. Ümumilikdə 300-ə yaxın mağaza zərər görüb, 100 mağaza tamamilə yanıb.

- Bazar kimlər tərəfindən salınıb?

- Təbriz həmişə Azərbaycan dövlətlərinin tərkibində olub. Ağqoyunlular, Qaraqoyunlular, Qacarlar dövründə hər dəfə bazar bir az da tikilərək genişləndirilib. Bu bizim milli tariximizdir.

Təbriz adətən paytaxt şəhər olub və ipək yolunun üstündə yerləşdiyinə görə böyük əhəmiyyət kəsb edib. Onun içərisindəki karvansaralar, ticarət müəssisələri o zamanın karvan sahibləri, tacirləri üçün önəm daşıyırdı.

- Təbriz bazarının yanması qəsdən törədilmiş hadisə ola bilərmi?

- Düzü, hələ yanğının başvermə səbəbləri məlum deyil, araşdırılır. Amma bu yanğını İranda 40 il əvvəl mövcud olmuş şah hakimiyyətini dəstəkləyən qrupların törətdiyi iddia edilir. Bununla bağlı onların video-çağırışları da olub. Guya ki, şah tərəfdarları Təbriz bazarının onların tətil çağırışına qatılmadığı üçün intiqam alıb.

- Belə çıxır ki, hətta Azərbaycan mədəni abidələrinə laqeyd münasibət göstərən İran da bazarın qorunmasında maraqlıdır.

- Təbriz bazarı ticarət müəssisəsidir və İran iqtisadiyyatında böyük təsir gücünə malikdir. Bu gün Təbriz bazarı tətil etsə, bu, İran iqtisadiyyatına ciddi zərbə vura bilər. Bu bazar iqtisadiyyatdan başqa, İranda siyasi vəziyyəti də dəyişdirə bilər. Çünki Təbriz bazarı tarixən siyasi mərkəz kimi mühüm rol oynayıb.

Məsələn, Məşrutə İnqilabı dövründə həm maliyyə, həm də siyasi baxımdan bütün inqilabçıların arxasında dayanan bir qüvvə idi. Məşrutə dövründən sonra İran İnqilabının qələbə qazanmasında Təbriz bazarı böyük rol oynayıb. Bu bazarın insanlar üçün həm də psixoloji təsirləri mövcuddur.

- Hansı psixoloji təsirdən söhbət gedir?

- Bu bazar İranda siyasi qüvvələrin balansını da istədiyi tərəfə çevirə bilər. Təbriz bazarı bağlananda İran əhalisi hiss edir ki, ölkədə ciddi hadisələr baş verə bilər. Düşünürlər ki, bu bazar bağlanıbsa, İranda inqilab olacaq, hakimiyyət devriləcək və s. Çünki tarixən belə olub.

Təbriz bazarının bağlanmasının İsfahan, Tehran və başqa şəhərlərdəki bazarlara psixoloji təsiri var.

Onu da qeyd edim ki, Təbriz bazarında olan insanlar alğı-satqı fəaliyyəti ilə məşğul olan sadə insanlar deyil. Onlar böyük fəallardır və böyük həcmdə sərmayələri, başqa şəhərlərdə fabrikləri, zavodları var. Bu bazar bağlananda təkcə alğı-satqı əməliyyatı dayandırılmır, sənayeyə də mənfi təsir edir. Son nəticədə Təbriz bazarında baş verən hər hansı mənfi hadisə fəalların müəyyən qrupları dəstəkləməsinə də mane olur.

- Yəni bu bazar bütün dünyanın həftələrlə müzakirə etdiyi Paris Notr-Dam kilsəsi qədər əhəmiyyətlidir...

- Əlbəttə, həm tarixi baxımdan, həm də genişliyinə görə Notr-Damdan böyükdür. Müxtəlif dövrlərin tarixini özündə əks etdirən Təbriz bazarı 2010-cu ildə UNESKO-nun dünya abidələri siyahısına salınıb. Bu bazarda hər tarixin özünəməxsus atributları mövcuddur. Bazarda Ağqoyunlu, Qaraqoyunlu, Qacarlar dövrünün memarlıq üslubu qorunub saxlanır. Təbriz bazarı təkcə Azərbaycan və İran üçün deyil, ümumilikdə dünya üçün əhəmiyyətli tarixi məkan sayılmalıdır.

- Paris Notr-Dam kilsəsi Hüqonun əsəri sayəsində dünyada tanındı. İranda da maraqlı əsərlər yazılır. Bəs bu bazar İran ədəbiyyatında işlənibmi?

- Qədim dövrlərin səyahətçiləri, dünyanı gəzən insanlar xatirələrində Təbriz bazarı haqqında yazıb, onun möhtəşəm olduğunu bildiriblər. Bir çox romanda bu bazarın adı çəkilir. Hətta Marko Polo öz əsərində bazar haqqında yazıb. Bundan başqa, Jan Yun Yer, Hotem Şinder öz səyahətnamələrində Təbriz bazarı ilə bağlı geniş məlumat veriblər.

- Bəs bu tarixi bazar Azərbaycanda, eləcə də dünyada tanınırmı?

- Fikrimcə, Azərbaycan əhalisi də bu bazar haqqında kifayət qədər məlumatlı deyil. Ona görə də bu bazarı xalqımıza tanıtmaq lazımdır. Təəssüf ki, beynəlxalq media belə böyük tarixi əhəmiyyətə malik bazarın yanmasını yetərincə işıqlandırmadı. Təkcə Azərbaycan Respublikasında, bir də Avropada İranla bağlı olan bəzi media qurumlarında yanğın barədə məlumat verildi. İranın özündə belə hadisə çox ciddi qəbul olunmadı.

Sonuncu hadisədə böyük tarix yandı. Orada elə qapılar, pəncərələr var ki, olduğu kimi bərpa etmək qeyri-mümkündür.

Bu bazarın yanmasına laqeyd münasibət təkcə İrana olan münasibətlə bağlı deyil. Ümumilikdə Şərq abidələrinə qarşı ayrı-seçkilik, laqeydlik var. Bizim tariximiz qarşısında ən böyük xidmətlərimiz o ola bilər ki, bu abidələri xalqımıza, eləcə də dünyaya tanıdaq.