Polis “Toyota” ilə 7 maşını qəsdən əzəni həbs etdi - Video

11:49 02-05-2019 845

Binəqədi rayonu, Mirmahmud Kazımovki küçəsi 56-57 nömrəli binaların qarşısında naməlum şəxs idarə etdiyi “Toyota Land Cruiser”lə dayanacaqdakı 7 avtomobili əzib.

Sürücü maşınları əzdikdən sonra avtomobildən düşərək heç nə olmamış kimi çıxıb gedib. Hadisə nəticəsində xəsarət alan olmasa da, həyətdə park halında olan bahalı avtomobillərə böyük ziyan dəyib.

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsindən Axar.az-a verilən məlumata görə, sürücü artıq saxlanılıb və barəsində araşdırma aparılır. Şöpbədən bildirilib ki, mediada onun 12 maşın əzdiyi bildirilsə də, əslində hadisə nəticəsində 7 avtomobilə ziyan dəyib:

“O, sərxoş vəziyyətdə həmin avomobili idarə edərək özü ilə barəbər 7 avtomobili əzib. Sürücü artıq saxlanılıb və barəsində araşdırma aparılır. O, sərxoş vəziyyətdə "Toyota Land Cruiser" markalı, 10 MV 984 dövlət nömrə nişanlı həmin avomobili idarə edərək özü ilə barəbər 7 avtomobili əzib. Maşın işlək vəziyyətdə dayandığı yerdə ağır dərəcəli sərxoş olan qonşu yaxınlaşaraq sükan arxasına keçib və belə bir hadisə törədib. Hazırda Binəqədi rayon Polis İdarəsində bununla bağlı araşdırmalar davam etdirilir".

Mövzu ilə əlaqədar Axar.az-a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qəzada iştirak edən avtomobilin sahibi hazırda Türkiyədədir. Maşını isə başqa bir şəxs idarə edib:

“Hələ dəqiqləşməyib ki, həmin şəxs avtomobilin sürücüsüdür, ya yox. Avtomobili necə əldə etdiyi də məlum deyil.

İlkin ehtimala görə, sürücü spirtli içkinin təsiri altında olub. Avtomobillərə külli miqdarda ziyan dəyib, ancaq təəssüflər olsun ki, sığorta şirkəti bu qədər avtomobil üçün cəmi 5000 min manat ödəyəcəyini bildirib. Qəzanı avtomobilin sahibi törətmədiyi üçün sığorta şirkəti ilə bağlı olan məsələ bir qədər uzanacaq”.

E.Muradlı bildirib ki, zərərçəkən vətəndaşların hər biri fərdi qaydada məhkəməyə müraciət edərək, dəymiş zərərin ödənilməsini tələb edə bilərlər. Qanunvericilik buna imkan verir. Çünki 5000 manat sığorta ödənişi hadisə zamanı əzilmiş avtomobillərin hamısını əhatə etməyəcək.

Ekspertin fikrincə, qəzanı törədən sürücü inzibati qaydada cəzalanacaq:

“Sürücü sərxoş halda törətdiyi qəzaya görə cərimələnəcək. Əgər şəxsin sürücülük hüququ yoxdursa, 1 aya qədər inzibati qaydada həbs oluna bilər”.

Qeyd edək ki, Bakının Binəqədi rayonunda, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığındakı avtomobil parklarından birində baş verən hadisənin görüntüsünü Oxu.az yayıb. Məlumatda əzilən maşınların 12 olduğu, eyni zamanda sərxoş şəxsin idarə etdiyi maşının “Gelandevagen” olduğu qeyd edilib.