Eldar Mahmudovun əmisi oğlunun məhkəməsi başlayıb

13:00 01-05-2019 575

Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti iş üzrə mülki iddiaçı kimi tanınır. Zərərçəkmişlərdən “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun məhkəməyə gəlmədiyi bildirilib.

Digər iki zərərçəkmiş, hazırda həbsdə olan Zaur Əzimov və Sahib Qurbanov məhkəmədə mülki iddia qaldırıb. Z.Əzimov, ümumilikdə, 320 min və S.Qurbanov isə 100 min manatlıq qaldırdığı mülki iddianı məhkəməyə təqdim edib.

Məhkəmə mülki iddiaları icraata götürüb.

Daha sonra təqsirləndirilən V.Mahmudovun vəkili vəsatət qaldırıb. O, müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Vəkil həmçinin bildirib ki, V.Mahmudovun üzərinə həbs qoyulmuş bir çox əmlakları onun özünə aid deyil: “Xahiş edirəm bu məsələ araşdırılsın”.

Məhkəmə həbs qətimkan tədbiri ilə bağlı qaldırılmış vəsatəti təmin etməyib, əmlakla bağlı vəsatət isə baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir.