Bakının məşhur restoranında atışma: yaralılar var

16:26 04-04-2019 655

Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib. Nəticədə, iki nəfər xəsarət alıb.

Bu barədə Virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev isə kəllə-beyin travması alıb.

Yaralıların həyatı üçün təhlükə yoxdur.

***

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda kafedə baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

İdarənin Mətbuat xidmətindən Axar.az-a daxil olan məlumata görə, aprelin 3-də saat 19.30 radələrində Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını, qayınatası Vəli Nəbiyev kafeyə dəvət edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.

E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.

Binəqədi RPİ-də istintaq davam etdirilir.