“Cindar Hüseyn” və anasının cinayət işi məhkəməyə göndərilib

14:00 03-04-2019 680

Dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işində 13 zərərçəkmiş var.

Qeyd edək ki, “Cindar Hüseyn” ləqəbi ilə tanınan, falçı H.Əlizadə və onun anası L.İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Onlara qarşı irəli sürülən ittihama görə, H.Əlizadə anası ilə birlikdə təkcə zərərçəkmiş Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.

R.Ağayeva bildirib, o, “Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul – 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi rayon prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.