Bakıda evini əxlaqsızlıq yuvasına çevirdi, qonşular şikayət etdi... – Bəraət verildi

13:09 21-03-2019 945

Bakıda evini əxlaqsızlıq yuvasına çevirməkdə ittiham olunan Neftçala rayon sakini Sevinc Həziyevanın cinayət işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmə Sevinc Həziyevanın cinayətini sübuta yetirə bilməyib və onun barəsində bəraət hökmü çıxarıb.

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, Sevinc Həziyevanın cəzalandırılmasını istəyib.

Prokurorun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti əsasında ilkin dinləmə olub.

Məhkəmə baxışı aprelin 3-nə təyin edilib.

İstintaq orqanı tərəfindən Sevinc Həziyevanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, bu Sevinc Həziyevanın ilk cinayəti deyil. O, 2015-ci ildə də eyni əməllə məşğul olub.

Həmin zaman Sevinc Həziyeva Nizami rayonunda kirayədə yaşayıb. O, həmin evi də əxlaqsızlıq yuvasına çevirib. Ev sahibi və qonşular baş verənlərdən narazı olaraq, hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları, Neftçala rayon sakini Sevinc Həziyevanın Qara Qarayev prospektində kirayədə yaşadığı evdə əməliyyat keçirərək qadını saxlayıblar.

Ancaq məhkəmədə cərimə cəzası ilə canını qurtaran Sevinc Həziyeva bu dəfə məkanı dəyişib. O, Binəqədi rayonu ərazisində kirayə mənzil tutaraq qadınları fahişəliyə cəlb etməklə məşğul olub.

İttihama görə, Sevinc Həziyeva Binəqədi rayonu ərazisində kirayə yaşadığı evdə həmyerlisi olan iki qadını müxtəlif kişilərlə görüşdürüb, pul qazanıb.

Bu olayla bağlı qonşular polisə şikayət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində Sevinc Həziyeva həbs olunub.